Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6940/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxx” ASC-in (hazırda Ləğv prosesində olan “AGbank”) nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı “xxxxxxxxxxxx” ASC-in cavabdehler Cavabdeh1 və Cavabdeh2 qarşı 13.917,61 manat məbləğində kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4597/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC (hazırda Ləğv prosesində olan “AGbank”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası üzrə məhkəməyə müraciət edərək Cavabdeh1 üçün ayrılmış kredit üzrə, onun xx.xx.2012-ci il tarixə ödəməli olduğu 4.383 manat məbləğində əsas, 5.213.83 manat məbləğində faiz, 4.320.78 manat məbləğində gecikməyə görə artırılmış faizlə hesablanmış borcun (dəbbə pulu) cəmi 13.917.61 manatın və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxxxxxxxxxx” ASC-in hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4597/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.383 manat məbləğində əsas borcun, 5.213.83 manat faiz borcunun, 400 manat dəbbə pulunun və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxxxxxxxxxx” ASC-in xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin aid hissədə ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmə iclasında iştirakı təmin edilmədiyi, həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının zaminə qarşı hazirki iddia tələbini irəli sürmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini keçrməsinin nəzərə alınmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı bankın nümayəndəsi isə şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh1 şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, zaminin şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və əsas borclunun şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Həmçinin qeyd olunmalıdır ki, qətnamə iddiaçı tərəfindən də mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi də apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi xx xxxxxxxx 2007-ci il tarixli, 127/M saylı kredit müqaviləsi üzrə əsas, faiz və dəbbə pulu borcunun müştərək qaydada həmçinin Cavabdeh2 tutulması hissəsində ləğv edilərəkiddia tələbi ona münasibətdə təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarına görə, “xxxxxxxxxxxx” ASC-in “Mərkəz” filialı ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2007-ci il tarixli, 127/M saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Bank tərəfindən cavabdehə illik 26% olmaq şərti ilə 5000 manat məbləğində kredit verilmiş, eyni tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən isə, Cavabdeh2 həmin kredit müqaviləsi əsasında Cavabdeh1 öz öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya qeyd edir ki, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. “xxxxxxxxxxxx” ASC-in “Mərkəz” filialı ilə Cavabdeh1 arasında arasında bağlanmış xx xxxxxxxx 2007-ci tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalanın kreditdən istifadə müddəti 12 aydır və bu müddət bitənə qədər kredit qaytarılmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, bank zamin Cavabdeh2a qarşı iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan vaxtında istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır, bu səbəblə dəqətnamə ona aid hissədə ləğv edilməli və ona qarşı verilmiş iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4597/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6940/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6940/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver