Məhkəmə qərarları › İş №2(103)-6942/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6942/2023

06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6942/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: podrat müqaviləsi üzrə pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1608/2023 saylı 22 iyun 2023cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən, sifarişçi Hövsan rayonu, Hövsan Quşçuluq sovxozu ərazisində 2 sot torpaq sahəsində evin ümumi sahəsi 41 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasən, fərdi yaşayış evinin təmirli tikintisini şifariş edir. Podratçı sifarişçinin sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürür.

2. Həmin müqavilənin 4.1-ci bəndində qeyd edilmişdir ki, tikintinin müddəti cəmi 30 (otuz) gün müddətinə gecikdirilə bilər. Həmin müqavilənin 4.3-cü bəndində qeyd edilmişdir ki, tikintinin təhvil vermə müddəti xx.xx.2022-ci il tarixə müəyyən edilmişdir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən təhvil-təslim bitdikdən sonra tərəflərin bir-birinə heç bir tələbi yoxdursa akt tərtib olunur və şifarişçi, podratçı və zamin imzaları ilə təsdiqləyir.

3. Müqavilənin 5.1-cı bəndinə əsasən hazırki müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılaşma əsasında həll olunmalı və bir-birinə 20 gün əvvəl (növbəti aylıq ödəniş ödədikdən sonra) yazılı şəkildə məlumat verilməlidir.

4. xx.xx.2023-cü il tarixdə "xxxx"' Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış pretenziyadan görünur ki, "xxxx"' Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə bağlanmış podrat müqaviləsi üzrə yaranmış öhdəlik barədə məlumat verilmiş, borcun 5 gün ərzində ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin pretenziya cavabdehə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir.

5. xx.xx.2022-ci il tarixli podrat müqaviləsinə əsasən hazırlanan 41 kv.m ev üçün görülən işlərin siyahısından görünür ki, beton təməl, 5 daş kürsü, qoşa daşla tam tikinti, dam örtüyü (profmastin), çornikat və steklavat (daş yunu), plastik pəncərələr (ağ sadə, ağ şüşə), seyf qapı( 300 azn), çöl suvaq, iç divarın suvaqı və ağardılması, divar oboy 10 manata qədər, otaq qapıları (200 manata qədər), pol taxta ( l a k və polun ağardması daxildir), elektrik sistemi (Türkiyə istehsalı) hər otağa 1 elektrik düyməciyi 2 şəbəkə, kanalizasiya sistemi (STP), hamam tualetin kafel metlax ilə inşası (11 manata qədər), plastik qapı (120 manata qədər), tavan alçipan (sadə) Gilan, 2 sot torpağın yan tərəflərdən 5 daş qarşı tərəfdən 10 daş hündürlükdə hasarlanması, həyətdə şambo işləri görülməlidir. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən, şifarişçi 8000 manat məbləğində ilkin ödəniş etməklə, aylıq ödəniş 36 ay müddətinə 500 manatdan başlayaraq ödəniş cədvəli bağlanmalıdır.

6. "xxxx"' Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş GİG/8 010555 nömrəli mədaxil qəbzindən görünür ki, 8000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən "xxxx"' MMC-yə ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdehndən podrat müqaviləsi üzrə dəymiş zərər üzrə 8000 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə onunla "xxxx"' Məhdud Məsuliyyətli Cəmiyyətin səlahiyyətli şəxsi ilə aralarında podrat müqaviəsi bağlanmışdır. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, tikintini təvil vermə müddəti xx.xx.2022-ci tarixində müəyyən edilmişdir. Podrat müqavilənin 4.1-ci bəndində qeyd edilmişdir ki, tikintinin müddəti cəmi 30 (otuz) gün müddətinə gecikdirilə bilər. Hazırda, pordat müqaviləsi üzrə icraçı öz öhdəliyini ümumiyyətlə icra etməmiş və bununla da sifarişçinin maddi vəziyyətinin pisləşməsinə xidmət edən pozuntunu törətmişdir. Soyuq qış aylarında sifarişçi kirayədə qaldığı mənzildən çıxmış və başqa yaşayış sahəsi olmadığı üçün başqa-başqa ünvanlarda gecələməyə məcbur olmuşdur. Vaxtında tərəfin icra etmədiyinə görə maddi və mənəvi zərəri tam ödəməyə borcludur. Qəbzdən göründüyü kimi, həmin müqaviləyə əsasən sifarişçiyə cəmi 8.000 manat ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilə əsasən, mübahisə yarandıqda mübahisənin həlli Suraxanı rayon məhkəməsində baxılması nəzərdə tutulmuşdur.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1608/2023 saylı 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddianın təmin edilməsi, Cavabdehndən podrat müqaviləsi üzrə dəymiş zərər olan 8000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə pul tutulması qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1-389.3, 399.1-399.4, 425.1, 427.1, 427.3, 427.4, 442, 443.1, 443.2, 443.7, 445.1, 445.2.1-445.2.2, 445.4, 445.8, 447.1, 447.7, 448.1-448.4, 459.1-459.7, 752.1-752.3, 759.1, 759.2, 769-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdehn nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmədə iştirakını təmin etmədən, işin həqiqi hallarını araşdırmadan, iddia ərizəsində qeyd olunanları olduğu kimi qətnaməyə köçürərək iddia tələbini təmin etmişdir. İddiaçı ilə "xxxx"' Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və ödəniş cədvəlinə əsasən podratçı cavabdehin sifarişi əsasında 32190 (otuz iki min bir yüz doxsan) manata Suraxanı rayonu. Hövsan qəsəbəsi Hövsan quşculuq sovxozu ərazisində 2 sot torpaq sahəsində ümumi sahəsi 41 kv.m olan birmərtəbəli fərdi yaşayış evinin təmirlitikintisini həyata keçirməli xx.xx.2022-ci il tarixdə təhvil verməli idi. Müqavilənin şərtlərinə əsasən torpaq sahəsi podratçı tərəfindən cavabdeh üçün ayrılacaq (cavabdehin adına alınacaq), müqavilə üzrə ödənişlər tam həyata keçirildikdən sonra torpaq sahəsi cavabdehin adına rəsmiləşdiriləcəkdir. Müqaviləyə və ödəniş cədvəlinə əsasən cavabdeh ilkin ödəniş olaraq 8000 (səkkiz min) manat ödəməli, geri qalan məbləği isə 36 ay müddətində aylıq 500 manat olmaqla qrafik üzrə ödəməli idi. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən ilkin ödəniş olaraq cəmi 8.000 (səkkiz min) manat ödənilmişdir. Halbuki ödəniş cədvəlinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixindən etibarən hər ayın 10-u qrafik üzrə 500 manat aylıq ödəniş etməli idi. İddiaçı bu günədək bir dəfədə olsun aylıq ödənişi həyata keçirməyib. Buda onu göstərir ki müqavilə üzrə ödhəliklər "VİLLA 2021' Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən deyil İddiaçı tərəfindən pozulmuşdur. Yəni başqa sözlə cavabdehin evi inşa edə bilməsi üçün iddaçının vaxtlı-vaxtında ödənişlərini həyata keçirməsi lazim idi. İddiaçı öz öhdəliklərini icra etməməsi nəticəsində "VİLLA 2021” Məhdud Məsuliyyətli Cəmiyyəti maddi ziyan dəymiş (vergi ödəmiş, iddiaçının sifarişi əsasında fərdi evin tikilməsi üçün torpaq sahəsi almış) həmçinin o müqavilə bağlayarkən ümid etdiyi nəticəni əldə edə bilməmişdir. Əslində İddiaçı müqavilə üzrə öhdəliklərin onun tərəfindən pozulduğunu yaxşı bilir. Hətta aylıq ödənişləri həyata keçirə bilmədiyi üçün müqavilənin 7.4 cü bəndinə uyğun olaraq ilkin ödənişin əvəzinə fərdi evin tikiləcəyi torpağın onun adına keçirilməsi barədə "VİLLA 2021” Məhdud Məsuliyyətli Cəmiyyəti razılaşmışdır. Lakin sonradan fikrini dəyişərərk hazır ki əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 7.3 və 7.4 cü bəndinə əsasən, əgər sifarişçinin maddi vəziyyəti sonradan pisləşərsə və o ödənişləri həyata keçirə bilməzsə, podratçı əvvəlki ödənişlərli geri qaytarmır, həmin ödənişlərin əvəzinə fərdi evin tikiləcəyi torpaq sahəsini sifarişçiyə təhvil verilməli (adına keçirməli) idi. Qeyd olunanlar bir daha onu göstərir ki, Bakı Şəhəri Suraxanı rayon Məhkəməsi işi tam, hər tərəfli araşdırmayıb, tərəflər arasındakı münasibətlərə düzgün qiymət verməyib. Buda öz növbəsində düzün olmayan qətnamənin qəbul olunmasına səbəb olmuşdur. Nəticə etibarilə məhkəmənin "VİLLA 2021' Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeirinə 8.000 manat pul vəsaitinin tutulması ilə bağlı gəldiyi nəticə yalnışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən Cavabdehn nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

21. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

22. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

23. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

24. Maddə 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir.

25. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

26. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər....

29. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

30. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

33. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....

34. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.... Maddə 445. Borclunun icranı gecikdirməsi

35. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

36. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

37. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

38. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.

39. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.

40. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur.

41. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

42. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

44. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

45. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

46. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

47. Maddə 459.2. Əgər bədən xəsarəti və ya sağlamlığa zərər vurulması nəticəsində zərərçəkən əmək qabiliyyətini itirmişsə və ya bu qabiliyyəti azalmışsa, yaxud onun tələbatı artırsa, zərərçəkənə zərərin əvəzi aylıq dolanacaq xərcinin verilməsi ilə ödənilməlidir.

48. Maddə 459.3. Zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Yeni peşəyə yiyələnmək zərurəti yarandıqda da eyni qayda qüvvədə olur.

49. Maddə 459.4. Əgər vacib əsaslar olduğu aşkardırsa, zərərçəkən dolanacaq xərclərinin əvəzinə kompensasiya verilməsini tələb edə bilər.

50. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

51. Maddə 459.6. Qabaqcadan razılaşmaya əsaslanaraq, öhdəliyin pozulması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan imtina etmək yolverilməzdir.

52. Maddə 459.7. Zərərin həcmi müəyyənləşdirilərkən öhdəliyin lazımınca icrası barəsində kreditorun mənafeləri də nəzərə alınmalıdır. Zərərin həcminin müəyyənləşdirilməsi üçün müqavilənin icrası yeri və vaxtı da nəzərə alınmalıdır.

53. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

54. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

55. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.

56. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

57. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

58. Maddə 769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 220.4 cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər

62. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Apellyasiya baxışının hədləri

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

65. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası izahatı dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1608/2023 saylı 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

68. Kollegiya hesab edir ki, tərəflər arasında azad surətdə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyənləşdirlmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Belə olduğu halda yuxarıda sadalanan qanunvericilik aktların normaları baxımından, məhkəmə kollegiyası hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və bu nəticəyə gəlir ki, sonuncu kreditora dəymiş zərərin əvəzini ödəməyə, yəni öhdəliyini icra etməməsi ilə bağlı iddiaçıya müqavilə üzrə aldıqlarını qaytarmalıdır.

69. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə görə podratçıcavabdeh müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi-iddiaçı isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur, bununla da sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməli idi. Lakin, cavabdeh tərəfindən işlərin hər-hansı bir icrası iş materialları ilə müəyyən edilmir.

70. Kollegiya qeyd edir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Podrat müqaviləsi üzrə podratçının öhdəliyinin icrası günü nəzərdə tutulmuş, bu halda öhdəlik həmin gün icra edilməli idi. Bununla da, öhdəliyini icra etməyən cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur, çünki icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmçinin, müqavilədən çıxarkən iddiaçı müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edilməsində tam haqlı olmuşdur. Cavabdeh bu halda onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşımalıdır. Beləliklə, zərərin əvəzini ödəməyə borclu olan cavabdeh, həmin hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməli, iddiaçıya ödənilmiş pulunu qaytarmalıdır.

71. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Çünki, podrat müqavilələrinin məzmunu və predmeti baxımından cavabdehin (podratçının) öhdəliyi Hövsan rayonu, Hövsan Quşçuluq sovxozu ərazisində 2 sot torpaq sahəsində evin ümumi sahəsi 41 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin təmirli tikintisini həyata keçirib sifarişçiyə təhvil verilməsindən ibarət olmuşdur. Belə olan halda isə cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehdən 8000 manat alınaraq iddiaçıya qaytarmalıdır.

72. Kollegiya apellyasiya şikayətinin müqavilənin ilk olaraq iddiaçı tərəfindən pozulması dəlilinə münasibətdə bildirir ki, tərəflər arasında podrat müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx"' Məhdud Məsuliyyətli Cəmiyyətinə pretenziya ünvanlamışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən müqavilə şərtləri xx.xx.2022-ci il tarixdən pozulmuşdur, iddiaçının məhkəməyə müraciət etməsinə qədər olan 7 aylıq dövr ərzində cavabdeh tərəfindən müqavilənin pozulması ilə bağlı hər hansı münasibət bildirməmişdir. Eyni zamanda iddiaçının müqavilə şərtlərinə uyğun ödədiyi ilkin ödəniş müqabilində görülmüş işlər ilə əlaqədar hər hansı sübut təqdim edilə bilməmişdir.

73. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən mötəbər sübutları təkzib edən, habelə apellyasiya şikayətinin dəlilini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Ona görə də apellyasiya şikayətində qeyd olunanlar hallar əsaslı hesab oluna və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

76. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

77. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilməlidir.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1608/2023 saylı 22 iyun 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar