Məhkəmə qərarları › İş №2(103)-6946/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6946/2023

06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6946/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzilin yuxarı mərtəbəsində yerləşən 151 nömrəli mənzildə isə Cavabdeh yaşamışdır.

2. Hazırkı iş üzrə iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu vaxt cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Cavabdeh artıq həmin mənzildə yaşamır və yaşayış yeri üzrə qeydiyyatın ünvanını da dəyişmişdir. Öz dediyinə görə 2022-ci ilin oktyabr ayında mənzili başqasına satmış, dekabr ayında isə mənzildən çıxmışdır.

3. İddiaçı bildirir ki, cavabdehin mənzilindən onun mənzilinə axan su mənzilini yararsız vəziyyətə gətirmiş, ona maddi ziyan dəymişdir. Cavabdeh isə iddia edir ki, iddiaçının mənzilinə axan su onun mənzilindən yuxarıda yerləşən su çənindən axır və ona aidiyyəti yoxdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmişdir. Verilmiş ekspert rəyində iddiaçıya məxsus mənzilə su axıdıldığı müəyyən edilmişdir. Lakin cavabdehə məxsus mənzildə təmir işləri aparıldığından, mənzilin sanitar qovşaq avadanlıqları faktiki olaraq mövcud olmadığından, həmin mənzilə başqa bir mənzildən (yerdən) su axıdıldığı müşahidə olunmadığından qeyd olunan su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçının mənzilinə su axıdılması nəticəsində dəymiş zərərin məbləği 1154 manat məbləğində müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh vurulmuş maddi ziyana görə 3000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 148 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin binada yerləşən 151 nömrəli mənzil isə mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. İddia ərizəsinə əlavə olunacaq 173 nömrəli MTK tərəfindən verilmiş arayışa əsasən cavabdehin mənzili ona məxsus mənzilin üzərində yerləşir. Cavabdehin mənzilindən ona məxsus mənzilə axıdılan sular nəticəsində evi təmiri yararsız hala salınmışdır. Evdə yaşamaq mümkünsüz hala gəlmişdir. Onun mülkiyyət hüququ cavabdeh tərəfindən qanunsuz olaraq məhdudlaşdırılmışdır. Cavabdehə məxsus mənzildən ona məxsus mənzilə axıdılan sular nəticəsində evin hamam, tualet və mətbəxində elektrik naqilləri tamamilə sıradan çıxmışdır. Evin hamam, tualet və mətbəxində işıq yanmır. Belə bir vəziyyətdə yaşamaq isə tamamilə mümkünsüz hala gəlib çıxmışdır. Bu müddət ərzində evdə suyun gəlməsi üçün 3 dəfə su motorunu dəyişmək məcburiyyətində qalmışdır. Cavabdehin bu hərəkəti nəticəsində binanın digər sakinlərinə də ziyan dəyir. Cavabdeh tərəfindən ona dəymiş ziyanın məbləği ən azı 3000 manat təşkil edir. Çünki evin hamamı, tualeti və mətbəxi yenidən təmir olunmalı, elektrik naqilləri isə yenilənməlidir. İddia ərizəsinə əlavə edəcəyi fotoşəkillər bu halı təsdiq edir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva, iş № 2(010)-198/23) iddia qismən təmin edilmiş, Cavabdeh 1154 (min yüz əlli dörd) manat məbləğində pul və 31.54 manat (otuz bir manat əlli dörd qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə iddianı qismən təmin edərkən iddiaya etirazın əsası kimi istinad olunan faktların cavabdeh tərəfindən sübut olunmadığına istinad etmişdir. Məhkəmənin qənaətinə görə cavabdehin mənzilini satıb başqa ünvana köçməsi ilə əlaqədar olaraq iddiaçının sübut etmə imkanından obyektiv olaraq məhrum olduğu halın (mənzilinə məhz cavabdehin mənzilindən su axıdılmasının) əksini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının öz mənzilinə susyun sızmasının hansı mənzildən olmasını aydınlaşdırılmamış və iş üzrə əsassız tərtib edilmiş ekspertiza rəyinin reallığını yoxlamamışdır. Bu hallar ona dəlalət edir ki, iddia əsassızdır və iddiaçı şər-böhtan əsasında pul toplamaqla məşğuldur. Məhkəmənin qeyd olunan halları aydınlaşdırmadan və mötəbər sübutlar olmadan qəbul etdiyi qətnamə əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və şikayətində iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. İşin faktiki hallarından görünür ki, iddiaçının mənzilinə su sızmış və bu susızma nəticəsində onun mənzilinə zərər dəymişdir. İddiaçının bildirdiyinə görə bu susızmaya görə məsuliyyəti cavabdeh daşıyır. Cavabdehə görə isə yuxarıdan axan su əvvəlcə onun mənzilinə, sonra isə oradan iddiaçının mənzilinə axır. İddiaçının mənzilinə sızan su bilavasitə onun mənzilindən axmır.

24. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılıb-axıdılmaması, cavabdehin mənzilinə başqa yerdən su axıb-axmaması, əgər axırsa, bu axıntının cavabdehin mənzilindən iddiaçının mənzilinə keçməsinin mümkünlüyü və iddiaçının mənzilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Verilmiş ekspert rəyində iddiaçıya məxsus mənzilə su axıdıldığı, cavabdehin mənzilində yeni mülkiyyətçi tərəfindən təmir işləri aparıldığı, mənzilin sanitar qovşaq avadanlıqlarının faktiki olaraq mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda ekspert tərəfindən cavabdehə məxsus mənzilə başqa yerdən su axıdılması müşahidə edilməmişdir.

25. Göründüyü kimi, iddiaçının mənzilinə cavabdehin mənzilindən su axıdıldığı müəyyən edilsə də, həmin suyun cavabdehin mənzilindən deyil başqa yerdən axıdıldığı barədə apellyasiya şikayətinin dəlili öz təsdiqini tapmır.

26. Ekspert 148 saylı mənzilə dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı olan təmir-bərpa işlərinin dəyərini hazırkı bazar qiymətlərinə uyğun olaraq 1154 manat müəyyən etmiş və məhkəmə də iddianı həmin hissədə təmin etmişdir.

27. Məhkəmə hesab etmişdir ki, cavabdeh nə mənzilindən iddiaçının mənzilinə su axıdılmadığını, nə də bu axıntıya görə təqsiri olmadığını (öz mənzilinə başqa yerdən su axıdıldığını) sübuta yetirə bilməmişdir. Əksinə, verilmiş ekspert rəyində cavabdehin mənzilinə başqa bir mənzildən (yerdən) su axıdılmasının müşahidə olunmadığı qeyd edilmişdir.

28. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, cavabdehin təqsirindən onun mənzilindən iddiaçının mənzilinə su axıdılmış, nəticədə iddiaçının mənzilinə zərər dəymişdir. Belə olan halda cavabdeh iddiaçının mənzilinə vurduğu zərərin əvəzini ödəməlidir.

29. Göründüyü kimi iddiaçı sübut etməsi mümkün olan bütün halları - mənzilinə yuxarıdan su sızdığını və bu səbəbdən zərərə məruz qaldığını sübuta yetirmişdir, cavabdehin mənzilini satıb başqa ünvana köçməsi ilə əlaqədar olaraq iddiaçının sübut etmə imkanından obyektiv olaraq məhrum olduğu halın (mənzilinə məhz cavabdehin mənzilindən su axıdılmasının) əksini sübut etmək cavabdehin vəzifəsi olmuşdur.

30. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar