Məhkəmə qərarları › İş №2(103)-6946/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6946/2025

16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6946/2025 16.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-928/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə iddiaçıya məxsus mənzilə cavabdehə məxsus mənzildən su axıdılması nəticəsində vurulmuş maddi zərərlə bağlıdır. Hər iki tərəfin mənzili Nəsimi rayonu, Moskva prospektindəki 72 nömrəli çoxmənzili binada yerləşir. İddiaçının mənzili (49 nömrəli mənzil) binanın 2-ci mərtəbəsində, cavabdehin mənzili (52 nömrəli mənzil) 3-cü mərtəbəsində yerləşir. 2.İddiaçının mənzilinə cavabdehin mənzilindən su axıdılıb, nəticədə iddiaçının mənzilinin tikililərində qüsurlar yaranıb. Bu, Azərbaycan Respublikası Ədliyyə Nazilrliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/10109 nömrəli rəyi ilə təsdiq olunub (iş v. 78). Qüsurların aradan qaldırılması üçün 6.078 manat tələb olunur. Belə ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MEB-250-0825-01 nömrəli mütəxəssis rəyinə görə, iddiaçının mənzilinə su axıdılması nəticəsinə yaranmış qüsurların aradan qaldırılması üçün Ədliyyə Nazilrliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilmiş smeta nəzərə alınmaqla 6.078 manat vəsait tələb olunur (iş v. 169). Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2024-cü il tarixdə verilib. İddia ərizəsində iddiaçının mənzilinə su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 15.000 manat tələb olunub. 4.Tələb onunla əsaslandırılıb ki, təxminən 2 ildir ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılır. İddiaçı dəfələrlə cavabdehə iradını bildirib, lakin nəticəsi olmayıb. Sonuncu dəfə cavabdehin mənzilində istilik sistemində yaranmış nasazlıq nəticəsində iddiaçının mənzilinə su axıb, mənzilin iki yataq otağı və qonaq otağının tavanı, döşəməsi, divarları və ev əşyaları sıradan çıxıb, habelə elektrik xətlərində qısa qapanma olub. 5.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 6.078 manat, dövlət rüsumunun əvəzi kimi 54 manat, cəmi 6.132 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia rədd olunsun. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Apellyasiya şikayətində qətnamə iki məsələyə - su axmanın səbəbi və zərərin məbləğinə münasibətdə mübahisələndirilib. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Su axmanın səbəbi barədə 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Göründüyü kimi, su axma nəticəsində vurulan zərərə görə məsuliyyət daşıyan şəxs “otağı tutan şəxs” kimi göstərilib və həmin şəxsin məsuliyyətini istisna edən iki hal müəyyən edilib: 1) qarşısıalınmaz qüvvənin təsiri; 2) zərərçəkənin təqsiri. Həmin iki halın heç biri hazırkı işdə mövcud deyil, ona görə də zərərə görə məsuliyyəti otağı tutan şəxs – cavabdeh daşıyır. 10.Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, mövsümi yoxlamadan əvvəl xəbərdarlıq olunmadan istilik sisteminə yüksək təzyiqli su vurulması nəticəsində qəza baş verib. Bu hal həqiqi olub-olmadığından asılı olmayaraq qarşısıalınmaz qüvvə sayılmır. Qarşısıalınmaz qüvvə - müvafiq şəxsin iradəsindən asılı olmayan, nəzarət edilə bilinməyən və gözlənilməyən fövqəladə hadisədir. Əgər su axmaya həmin hal səbəb olsayıdı, binadakı bütün mənzllərin istilik sistemindən su axma baş verməli idi, lakin belə hal baş verməyib. Buna baxmayaraq, əgər cavabdeh hesab edirsə ki, su axmaya həmin hal səbəb olub, o, iddiaçıya zərəri ödədikdən sonra mövsümi yoxlamadan əvvəl xəbərdarlıq olunmadan istilik sisteminə yüksək təzyiqli su vurulmasında təqsirkar olan subyektə ("xxxx" ASC və s.) qarşı reqres tələb irəli sürə bilər. Zərərin məbləği barədə 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddi zərərin məbləği birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Nəzərə alınmalıdır ki, mənzilinə su axıdılan şəxs həm də mənəvi zərərə məruz qalır, lakin iddiaçı belə tələb irəli sürməyib, nəticədə isə cavabdehin məsuliyyətinin həcmi azalıb. Bundan başqa, iddiaçı cavabdehin qanunsuz əməlinin nəticəsini aradan qaldırmaq üçün hazırkı məhkəmə icraatına 1 il 2 aydan artıq vaxt sərf edib, yəni iddia ərizəsi xx.xx.2024-cü il tarixdə verilib, lakin indiyə kimi iş üzrə icraat yekunlaşmayıb. Məhkəmə qeyd edilənlərə əsaslanaraq hesab edir ki, maddi zərərin əvəzi kimi tutulması qət olunmuş pulun məbləğinin azaldılması üşün əsas yoxdur. 12.Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, iddianın təmin edilməsinə aid hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-928/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar