Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6948/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(003)-449/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazın talanması nəticəsində vurulmuş 3452,7 manat məbləğində maddi zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3482,7 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 30 sentyabr 2019-cu il tarixində “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” AKX-0160702/09-2019 saylı imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda qeyd edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından əvvəl qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qaz xəttinə qoşulmaqla qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmin faktlar Birliyin əməkdaşları tərəfindən foto və videoçəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbil X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda 3452,70 manat təşkil edir. Müqavilə üzrə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(003)-449/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla sayğacdan kənar şəkildə təbii qazdan istifadə olunmasına, bu barədə çoxsaylı aktlar tərtib olunmasına və fotoşəkillər çəkilib məhkəməyə təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin özününüdafiə xarakterli çıxışlarını nəzərə alıb İddiaçı İB-nin iddiasını rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(003)-449/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarından görünür ki, 21.08.2017-ci il tarixdən 14.04.2020-ci il tarixədək olan dövrdə İddiaçı İB-nin əməkdaşları tərəfindən abonent Cavabdeh barəsində təbii X2nın pozulması barədə üst-üstə 15 akt tərtib olunmuş, aktların heç biri abonent tərəfindən imzalanmamışdır. Abonent akta imza etməkdən imtina etdiyi halda isə, abonentin akta imza etməkdən imtina etməsi barədə müvafiq sənədləşmələr aparılmamışdır. 21.08.2017-ci il tarixli akt üzrə abonentə 617 manat, 28.02.2019-cu il tarixli akt üzrə 486 manat, 30.04.2019-cu il tarixli akt üzrə 972 manat, 30.05.2019-cu il tarixli akt üzrə 32.4 manat, 28.06.2019-cu il tarixli akt üzrə 32.4 manat, 31.07.2019-cu il tarixli akt üzrə 32.4 manat, 30.08.2019-cu il tarixli akt üzrə 32 manat, 30.09.2019-cu il tarixli akt üzrə 32.4 manat, 30.10.2019-cu il tarixli akt üzrə 32.4 manat, 29.11.2019-cu il tarixli akt üzrə 142.2 manat, 30.12.2019-cu il tarixli akt üzrə 295.2 manat, 30.01.2020-ci il tarixli akt üzrə 295.2 manat, 28.02.2020-ci il tarixli akt üzrə 381.6 manat, 30.03.2020-ci il tarixli akt üzrə 295.2 manat, 14.04.2020-ci il tarixli akt üzrə 137.8 manat ziyan hesablanmışdır. Təbii X2nın pozulması aşkar olunduğu halda, abonentin qaz təchizatı dayandırılmamışdır. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” 30.09.2019-ci il tarixdə bağlandığı halda, tərtib olunan aktlar 21.08.2017-ci il tarixdən 14.04.2020-ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı İB aktların tərtib olunduğu dövrdə tərəflər arasında müvafiq müqavilənin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Abonentin barəsində təbii qazın talanmasına görə 15 akt tərtib olunsa da, təqsirli şəxsin təbii qazın talanması və ondan istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət olunmamışdır. Bundan əlavə, iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərin abonentə məxsus evdə çəkilməsini və nə vaxt çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cavabdehin özünümüdafiə xarakterli çıxışları nəzərə alınaraq iddia tələbinin rədd edilməsi göstərilsə də, cavabdehin ümumiyyətlə məhkəmə iclaslarında nəinki çıxış, heç iştirak da etmədiyi müəyyən edilmişdir. İddiaçı İB tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar qətnamənin ləğv edilib iddianın təmin olunmasına əsas vermir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(003)-449/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6948/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6948/2021
10.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver