Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6950/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 ASC-nin X1 Consulting Company MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsinə xitam verilməsi, əsas və faiz borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı1 ASC-nin X1 Consulting Company MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsinə xitam verilməsi, əsas və faiz borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1852/2023 nömrəli 07 sentyabr 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin Xəzər Filialı ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2008-ci il tarixli, İk 0138 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 15 ay müddətinə, illik 27 faiz olmaqla, 5.000 manat kredit verilmişdir.
2. Cavabdeh ünvanlanan xx.xx.2013-cü il tarixli xəbərdarlıq məktubunda kredit borcunun faizi ilə birlikdə 3 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2570/2014 saylı, xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC-nin Xəzər Filialı ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2008-ci il tarixli, İk 0138 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 2541.33 manat əsas borc, 3774.53 manat faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi qət edilmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2570/2014 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2570/2014 saylı, xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 2008-ci il tarixli, İk 0138 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən ASC-nin xeyrinə 2541.33 manat əsas borc, 3774.53 manat faiz borcu olmaqla, cəmi 6315.86 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanmış 30 iyun 2008-ci il tarixli, İk 0138 saylı kredit müqaviləsinə əsasən cavabdehə 15 ay müddətinə, illik 27 faiz olmaqla, 5.000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə qismən ödəniş həyata keçirmişdir və üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur.
7. ASC-nin X1 Consulting Company MMC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh 30 iyun 2008-ci il tarixli, İk 0138 saylı kredit müqaviləsi üzrə əsas məbləğdən 2458.67 manat, faiz borcundan 498.33 manat olmaqla cəmi 2957 manat ödəniş etmişdir. Hazırda Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixinə 2541.33 manat əsas borc, 3774.53 manat faiz borcu olmaqla cəmi 6315.86 manat borcu vardır.
8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/798 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(010)-1852/2023 saylı mülki işin 12-13-cü vərəqlərində olan xx.xx.2008-ci il tarixli, İk 0138 saylı Kredit müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və həmin müqavilənin 2-ci vərəqinin aşağı hissəsində “Borcalan” qrafasındakı imza - Cavabdeh tərəfindən icra edilmişdir.
9. Cavabdeh ərizə verərək, iddia müddəti keçdiyi üçün iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 sentyabr 2023-cü il tarixli 2(010)-1852/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının dəyəri olan 110 manat pul vəsaitinin İddiaçı1 ASC-nin X1 Consulting Company MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında etibarlı kredit müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə cavabdehə təqdim etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtı-vaxtında ödəniş etməmişdir. Buna qarşılıq olaraq cavabdeh iddia tələbinə etiraz edərək kredit müqaviləsinin onun tərəfindən bağlanmadığını və həmin müqaviləyə onun tərəfindən imza çəkilmədiyini bildirsə də, lakin məhkəmə bu xüsusda cavabdehin etirazını əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/798 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(010)- 1852/2023 saylı mülki işin 12-13- cü vərəqlərində olan xx.xx.2008-ci il tarixli, İk 0138 saylı Kredit müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və həmin müqavilənin 2-ci vərəqinin aşağı hissəsində “Borcalan” qrafasındakı imza - Cavabdeh tərəfindən icra edildiyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin yuarıda qeyd edilən etirazı işin halları ilə öz təsdiqini tapmadı, ona görə də, iddiaçı cavabdehdən qeyd olunan kredit borcunu faizi ilə birlikdə tələb etməkdə haqlıdır.
12. Cavabdeh ərizə təqdim edərək, hazırki iş üzə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin bu ərizəsini nəzərdən keçirərək hesab etmişdir ki, cavabdehin tələbə iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır. İddia müddətinin hazırkı işə tətbiqinin mümkünlüyünü nəzərdən keçirən məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə xx.xx.2008-ci il tarixdə bağlanmışdır, müqavilənin icra müddəti 15 ay, yəni – xx.xx.2009-cü ilə kimi müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2014-cü ildə məhkəməyə daxil olmuş, yəni müqavilə münasibətləri üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Bu hal isə özü-özlüyündə iddianın rədd edilməsi üçün əsasdır.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 422, 425.1, 443.1, 448.2, 372.1, 373.2, 375.2, 377.1, 377.2, 554.1, «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırki iş üzrə tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 24 aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. Bundan əlavə mübahisə edilən qətnamə ilə razılaşsalar, sözügedən pul məbləğinin cavabdehdə qalması iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Görünüyü kimi hələ də borclu tərəfindən kredit öhdəliklərinin tam yerinə yetirilməsi təmin edilməmişdir, lakin məhkəmə yuxarıda göstərilən halları araşdırmadan əsassız qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
32. Kollegiya qeyd edir ki, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur.
33. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
34. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.».
35. Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.».
36. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında isə məhz bank-kredit münasibətlərinə iddia müddətinin tətbiqin mümkünlüyü nəzərdə tutularaq, aşağıdakı məzmunda şərh verilmişdir: «İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.»
37. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olmaqla, iddia müddəti tətbiq edilməli olan mübahisələrə aiddir.
38. Hazırki iş üzrə kredit müqaviləsinin müddəti xx.xx.2009-cü il tarixdə bitdiyi halda iddiaçı tərəfindən üç il müddətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamış, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı xx.xx.2014-cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
39. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır.
40. Odur ki, məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
41. Kollegiya onu da qeyd edir ki, məhkəmə qətnamə ilə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 110 manat pul vəsaitinin İddiaçı1 ASC-nin X1 Consulting Company MMC-dən tutulması qənaətinə gələrkən nəzərə almamışdır ki, iddiaçı Bankdır və X2 Company MMC Bankın ləğvedicisi olmaqla özünün yox, Bankın mənafeyi baxımından hazırki iddianı qaldırmışdır, ona görə də qətnamə həmin hissədə dəyişdirilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı1 ASC-dən tutulmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1852/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-cü il tarixli qətnaməsi iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 110 manat pul vəsaitinin İddiaçı1 ASC-nin X1 Consulting Company MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hissəsində dəyişdirilsin, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 110 manat pul vəsaiti İddiaçı1 ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.