Məhkəmə qərarları › İş №2(103)-696/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-696/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-696/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2, Üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, İddiaçı Cavabdeh «borcun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-6863/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 100000 manat borcun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi Bakı şəhəri 27 saylı notariat kontorunda təsdiq edilmişdir. Kredit müqaviləsinə əsasən o, cavabdehə 2 ay müddətinə 100000 manat məbləğində faizsiz kredit vermişdir. Cavabdeh borcu 2 ay ərzində ödəməyi öhdəsinə götürməsinə baxmayaraq bugünə kimi borc məbləğindən heç bir ödəniş etməmişdir. Göründüyü kimi, cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin 3-cü bəndini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində onu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmasına, onun tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll ediməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş xx xxxxxx 2019-cu il tarixli pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Qeyd edilənlənə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 6863/2019 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia təmin olunmuşdur. Cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işə onun iştirakı olmadan baxılması, onun iştirakının təmin olunması üçün heç bir tədbirin görülməməsi, yalnız icra vaxtı məsələdən məlumatlı olması, iddiaçı ilə aralarında formal kredit müqaviləsinin bağlanması, ona borca pul verilməməsi, həmçinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi, müqavilənin 2 ay müddətinə bağlanmasına və 3 illik iddia müddətinin xx xxxxx 2018-ci il tarixdə bitməsinə baxmayaraq, iddianın 2019-cu ilin avqust ayında qaldırılması, bu səbəbdən də iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmalı olması kimi əsaslandırmışdır. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında həqiqətən notariat kontorunda borc müqaviləsi imzalanmış, lakin müqavilə formal bağlanmış, cavabdehə hər hansı pul verilməmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvanda deyil, ünvan 1 ünvanında yaşayır. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh həqiqətən məhkəməyə teleqram ünvanlamış və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Belə ki, iddiaçı ona mübahisəli məsələnin həll olunacağını, iddiasını geri götürəcəyini bildirmişdir. Çünki, iddiaçı da bilirdi ki, müqavilə formal bağlanıb. Bu səbəbdən də cavabdeh məhkəməyə getməmiş, iddiaçının sözünə inanmışdır. Lakin, icra vaxtı bilmişdir ki, iddiaçı iddiasını geri götürməmiş, qətnamə qəbul olunmuşdur. Qətnamə rəsmi qaydada cavabdehə təqdim olunmadığından, icra vaxtı qətnaməni əldə etmiş və ondan 1 ay müddətində apellyasiya şikayəti vermişlər. Hesab edir ki, borc müqaviləsi formal bağlandığından iddia rədd olunmalıdır. Bununla yanaşı, iddia müddəti də keçmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iştirak edə bilmədiyindən iddia müddətinin tətbiq olunması barədə ərizəni apellyasiya instansiyasına təqdim etmək məcburiyyətində qalmışlar. Məhkəmə kollegiyasından iddia müddətinin tətbiqi barədə ərizənin qəbul edilərək iddianın rədd olunmasını xahiş edirlər. Məhkəmə baxışında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında notariat kontorunda borc müqaviləsi imzalanmış və cavabdehə müqaviləyə əsasən 100000 manat borc verilmişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yeriən yetirməmiş, borcu vaxtında qaytarmamışdır. Cavabdeh hər dəfə vəd verərək pulu qaytaracağını bildirmiş,bu səbəbdən də iddiaçı əvvəllər məhkəməyə müraciət etməmiş, lakin pulun cavabdeh tərəfindən könüllü qaytarılmayacağına əmin olduqdan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər, yəni müqavilənin formal bağlanması və s. bu kimi dəlillər tam əsassızdır və heç bir sübutla təsdiq olunmur. Həmçinin qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsində icraatdan məlumatı olmuş, məhkəməyə teleqram ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etmiş, bu səbəbdən məhkəmə iclası təxirə salınmış, hətta cavabdehin istifadəsində olan mobil telefona SMS bildiriş göndərilmiş, lakin o yenə də məhkəmə iclasına gəlməmişdir. İddiaçı cavabdehə iddia ərizəsini geri götürəcəyi ilə bağlı heç nə deməmişdir. Bu istiqamətdə cavabdehin nümayəndəsinin bildirdikləri həqiqətə uyğun deyildir. Hesab edir ki, cavabdehin məqsədi işi süni surətdə uzadaraq pulun ödənilməsindən yayınmaqdır. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatdan kifayət qədər məlumatlı olduğundan və məhkəmə iclasında iştirak etmək, ərizə və vəsatətlər vermək imkanında olduğundan iddia müddətinin tətbiqi barədə ərizəni də məhz birinci instansiya məhkəməsinə verməli idi. Həmin ərizənin apellyasiya instansiyasına verilməsi və onun qəbulu mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də məhkəmə kollegiyasından iddia müddətinin tətbiqi barədə ərizəninin qəbul edilməməsini, apellyasiya şikayətinin rədd olunaraq, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Apellyasiya baxışında iştirak etmiş üçüncü şəxs mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq, izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-6863/2019 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi xx xxxxxx 2020-ci il tarixdə onun icraatına daxil olmuş və tərəfindən həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Lakin, bir müddət cavabdehi icraata cəlb etmək mümkün olmamış, barəsində axtarış elan olunmuşdur. Sonradan isə borclunun nümayəndəsinin ərizəsi daxil olmuş, qətnamədən apellyasiya şikayəti verildiyindən icraat dayandırılmışdır. Beləliklə, icra vaxtı borclunun icraata cəlb olunması, izahatının alınması və s. mümkün olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan, notariat qaydasında təsdiq olunmuş xx xxxxxx 2015-ci il tarixli kredit (borc) müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx xxxxx 2015-ci il müddətinə 100000 manat məbləğində faizsiz kredit vermiş, Cavabdeh isə həmin borc məbləğini xx xxxxx 2015-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbardarlıq etmişdir. Kredit (borc) müqaviləsindən göründüyü kimi, iddiaçının tələb hüququ yaranmış, borcun qaytarılması müddəti bitmişdir. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdə olan sübutlarla cavabdehin iddiaçıya kredit (borc) müqavilələrinə əsasən 100000 manat pul vəsaitinin qaytarmalı olması müəyyən olunur. Çünki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh isə etirazının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları (borc müqaviləsinin formal bağlanması, pul almaması və s.) əsaslandıra və onları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirak etməməsini, işə onun iştirakı olmadan baxılmasını göstərsə də, işdə olan sənədlərdən (bildirişlər, reyestr, teleqram, SMS bildiriş və s.) aydın olur ki, cavabdehə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana dəfələrlə məhkəmə bildirişləri göndərilmişdir. Cavabdeh məhkəməyə teleqram vuraraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bu səbəbdən də məhkəmə iclası növbəti dəfə xx xxxxxx 2019-cu il tarixə, saat 12.30-a təxirə salınmış və cavabdehə bildiriş göndərilməklə yanaşı, həmçinin onun istifadəsində olan mobil telefona SMS bildiriş göndərilmişdir. Lakin, cavabdeh növbəti məhkəmə iclasına da gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin qeyd edilməlidir ki, SMS bildirişlər cavabdehin istər teleqramda, istərsə də apellyasiya şikayətində göstərdiyi mobil nömrəyə göndərilmiş, cavabdehin nümayəndəsi də həmin nömrənin cavabdehin istifadəsində olmasını təsdiq etmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar, yəni ümumiyyətlə məhkəmədən məlumatlı olmaması, onun iştirakının təmin olunması üçün heç bir tədbirin görülməməsi və s. bu kimi dəlillər tam əsassız olmaqla, işdə olan sənədlərlə tam təkzib olunur. Həmçinin, məhkəmə kollegiyasının vaxt verməsinə və bu səbəbdən də məhkəmə iclasını təxirə salmasına baxmaraq cavabdeh şəxsən məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsində icraat zamanı vurulmuş teleqrama aydınlıq gətirərək göstərmişdir ki, həmin teleqramı həqiqətən cavabdeh vurmuş, teleqramda göstərilən ünvan və mobil telefon cavabdehə aiddir. Həmin vaxtı cavabdeh iddiaçı ilə görüşmüş, iddiaçı iddia ərizəsini geri götürəcəyi barədə cavabdehə vəd vermiş, bu səbəbdən də cavabdeh məhkəməyə getməmiş, teleqram vuraraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin, sonradan (icra vaxtı) cavabdehə məlum olmuşdur ki, iddiaçı hazırki iddianı geri götürməmiş, nəticədə qətnamə qəbul olunmuşdur. Göründüyü kimi, istər yuxarıda qeyd olunanlar, istərsə də cavabdeh tərəfin bildirdikləri özü-özlüyündə cavabdehin mübahisəli məsələdən və məhkəmə icraatından kifayət qədər məlumatlı olması, lakin üzrsüz səbəblərdən məhkəmə iclaslarında iştirak etməməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizəsi də apellyasiya icraatı zamanı qəbul oluna bilməz. Qeyd edilməlidir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllənin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Həmçinin, birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici Mülki Məcəllənin 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloci əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də, MPMin 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir («L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarında hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Həmçinin, qeyd edilməlidir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Təsadüfi deyildir ki, MPM-də ardıcıl olaraq müəyyən edilir ki, tərəflər ilkin olaraq məhz birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının yalnız hüquqi əsasını dəyişə bilərlər (maddə 372.3), apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4). Qanunverici apellyasiya instansiyası məhkəməsində yeni tələblərin qəbul edilməməsi barədə ümumi qaydanın istisnalarını qarşılıqlı tələbin ödənilməsi, əks tərəfin tələbinin rədd edilməsi, üçüncü şəxslərin işə cəlb edilməsi, faktın aşkar olunması və ya fakt haqqında məlumatın verilməsi ilə bağlı olan konkret məsələlərin həllinə yönəldilməsi ilə əlaqələndirir (MPM-in 372.5-ci maddəsi). Lakin bu istisnalar mahiyyətcə yeni iddia tələbləri və ya yalnız birinci instansiya məhkəməsində yol verilən hərəkətlərin edilməsinin əvəzi kimi qəbul oluna bilməz. Buna baxmayaraq, cavabdeh müddətin tətbiqi barədə ərizəni o halda apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilər ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə ümumiyyətlə məlumatlı olmasın və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməsin. Xüsusilə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh birinci instansiya məhkəməsində gedən icraat barədə kifayət qədər məlumatlı və vaxta malik olmaqla, həmin icraatda iştirak etmək, sübutlarını, eləcə də müddətin tətbiqi barədə ərizəni təqdim etmək iqtidarında olmuşdur. Eyni zamanda, cavabdeh ərizənin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını da əsaslandıra bilməmiş, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda isə, cavabdehin müddətin tətbiqi barədə ərizəni apellyasiya instansiyası məhkəməsinə təqdim etməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır, bu səbəbdən də qəbul edilə bilməz (analoji mövqe, həmçinin «Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli və digər qərarlarında da öz əksini tapmışdır). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh «borcun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-6863/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-6863/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar