Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6963/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1132/2025 nömrəli qərardadından şikayətçi İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1132/2025 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 3600 manat, həmçinin hüquqi xidmət üçün ödənilən 300 manat, dövlət rüsumunun əvəzi kimi 56 manat, cəmi 3956 (üç min doqquz yüz əlli altı) manat məbləğində pulun tutulması qət edilmişdir.
2. İddiaçı apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1132/2025 saylı qərardadı ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)- 1132/2025 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi əsassız olduğu üçün təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı yekun məhkəmə aktını xx.xx.2025-ci il tarixdə məhkəmə zalında məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir. Lakin məhkəmə aktı qəbul edildikdən sonra iddiaçının apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə müəyyən edilmiş kifayət qədər vaxtı olmuş, bu müddət ərzində apellyasiya şikayətini hazırlayıb “Elektron məhkəmə” sistemində yerləşdirilə bilməməsini və bununla da 1 ay müddətin üzrlü səbəbdən ötürülməsini məhkəmə əsaslı hesab etməmişdir.
Şikayətin dəlilləri:
5. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, o, Cüzam xəstəxanasında Bakının ucqar ərazisində Umbakı deyilən ərazidə Qafqaz sıra dağlarının Ələt tirələrinin arxasında yolsuz şəraiti olan bir qəsəbədə tibb bacısı işləyir. Umbakı qəsəbəsinin yolsuz olması 10 illiklər boyu həmişə problemli mövzu olmuşdur. Yaxın müddətə kimi adı Bakı şəhəri olsa belə, orada asfalt yol olmamışdır. Gün ərzində bir dəfə avtobus işləyir. Kim çatdırsa həmin avtobusa əyləşib həmin qəsəbəyə çata bilər. Günü bu gün də həmin qəsəbənin şəhərlə kommunikasiyası məhduddur. Orada bir az yağış yağan kimi yollar bərbad hala qalır, qəsəbənin şəhərlə əlaqəsi kəsilir. O isə orada həm gecə, həm də gündüz növbəsində çalışdığından və xəstə həyatına məsuliyyətlə yanaşdığından həmin avtobusları ötürmüşdür. Bu səbəbdən vəkillə vaxtında müqavilə bağlayıb şikayətin verilməsini təmin edə bilməmişdir. Eyni zamanda, onun 2 bacısı şəhid olmuşlar və şəhid statusları vardır. Həmin ailənin qapısı həmişə ziyarətçilərə açıqdır. Gecikmənin bir səbəblərindən biri də onun bacısının ocağında bir bacısının xatirəsini ziyarət edən şəxsləri bir böyük kimi qarşılamaq olmuşdur. Apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş vaxtdan aylar, illər ötməmişdir. Üzrlü səbəbdən bir neçə gün ötürülmüşdür. Bir şəhid ailəsinin ocağında iştirakını, cüzam xəstəxanasında işləyən və yolsuzluqdan əziyyət çəkən Umbakı qəsəbəsinin ərazisində işləyən şəxs kimi ötürülmüş iddia müddətinin bərpa edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
8. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
9. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
10. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
11. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
12. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1132/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. İş materiallarından görünür ki, mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçı və onun nümayəndəsi və vəkili iştirak etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixdə qəbul etdiyi yekun məhkəmə aktı həmin tarixdə məhkəmə qəbzinə imza etməklə iddiaçı tərəfindən qəbul edilmişdir. Lakin iddiaçının qətnamədən apellyasiya şikayəti məhkəmənin elektron sisteminə xx.xx.2025-ci il tarixdə, yəni 6 gün müddət ötürülməklə yerləşdirilmişdir.
15. Göründüyü kimi, İddiaçı Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1132/2025 saylı qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərkən qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.
16. Məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü halı kimi hüquqi savadının olmaması və vəkil ilə müqavilənin bağlanmasının gecikməsinə səbəb kimi sıx iş qrafikinin olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı yekun məhkəmə aktını xx.xx.2025-ci il tarixdə məhkəmə zalında məhkəmə qəbzinə imza etməklə qəbul etmiş və bundan sonra onun apelyasiya şikayətinin verməsi üçün qanunvericiliklə müəyyən edilmiş kifayət qədər vaxtı olmuşdur. Buna görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının şikayətdə göstərdiyi dəlillər əsassızdır və o, apellyasiya şikayətinin verilməsi üçün 1 ay müddəti üzrlü səbəb olmadan ötürmüşdür.
17. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)- 1132/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1132/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Rəşid Səmədov Hakimlər imzalar: Xumar Mərdanova Vahid Sadıqov