Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6965/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(001)-3461/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı Apellyasiya Məhkəməsinin 13.09.2018-ci il tarixli 2(103)- 9956/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 23.12.2009-cu il təvəllüdlü X1, 12.01.2012-ci il təvəllüdlü X2 və 18.02.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat aliment tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə faktiki nikah münasibətlərindən 23.12.2009-cu il təvəllüdlü X4, 12.01.2012-ci il təvəllüdlü X5 və 18.02.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Hər üç uşaq üçün atalıq müəyyən edilmiş, uşaqlara doğum haqqında şəhadətnamələr alınmışdır. Cavabdeh uşaqlara qayğı göstərmədiyindən, onları saxlamadığından, uşaqların saxlanmaları üçün iddiaçıya vəsait vermədiyindən, iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiası təmin edilmiş, cavabdehdən uşaqların saxlanmaları üçün aliment tutulmuşdur. Sonradan Binəqədi Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli 2(001)-2447/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 154 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.09.2018-ci il tarixli 2(103)-9956/2018 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli 2(001)-2447/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 19.02.2015-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləğinin artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 2021ci ilin yanvar ayının 1-dən uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 13.09.2018-ci il tarixli 2(103)-9956/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, hər uşaq üçün hər ay 175 manat məbləğində müəyyən edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(001)- 3461/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh isə şikayətin təmin edilməməsini xahiş etdi. İddiaçı izahatında bildirdi ki, Cavabdeh Rusiya Federasiyasının vətəndaşı olan qadınla faktiki nikah münasibətlərindədir və başqa nikahdan uşaqların olması onu iddiaçı qarşısında aliment öhdəliyindən azad etmir. Bundan əlavə, cavabdehin üç mağazası var və kifayət qədər gəlirə malikdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, o, hal-hazırda işsizdir və işaxtaran kimi ƏƏSMN-nin Məşğulluq alt sistemində qeydiyyatdadır. Məhkəmə tərəfindən müəyyən olunmuş hər ay hər uşaq üçün 130 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkir. Buna görə də onun iddiaçıya 1400 manat aliment borcu yaranmışdır. Onun dörd qadınla rəsmi və faktiki nikahından 8 uşağı vardır. İki uşağı yetkinlik yaşına çatmış, iddiaçının himayəsində olan övladlarından başqa o, Fidan adlı qızının saxlanması üçün hər ay 100 manat aliment ödəyir. Aliment təyin olunduqdan sonra onun qazancı və gəliri artmamışdır. Pandemiya ilə bağlı iş tapmaqda çətinlik çəkir. Buna görə də alimentin miqdarının artırılması barədə iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(001)-3461/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından 23 dekabr 2009-cü il tarixdə X4, 12 yanvar 2012-ci il tarixdə X5, 18 fevral 2016-ci tarixdə isə X6 anadan olmuşdur. Hər 3 uşaq üçün atalıq müəyyən edilmiş, uşaqlara doğum haqqında şəhadətnamələr alınmışdır. Cavabdeh uşaqlara qayğı göstərmədiyindən, onları saxlamadığından, uşaqların saxlanmaları üçün iddiaçıya vəsait vermədiyindən, iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiası təmin edilmiş, cavadehdən uşaqların saxlanmaları üçün aliment tutulmuşdur. Sonuncu dəfə alimentin miqdarı Bakı Apellyasiya Məhkəməsinin 13.09.2018-ci il tarixli 2(103)-9956/2018 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün 130 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarından görünür ki, İddiaçı məhkəmə tərəfindən alimentin miqdarı hər ay hər uşaq üçün 130 manat məbləğində müəyyən olunduqdan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas verə biləcək dəyişiklik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin də maddi və ailə vəziyyətini əsas götürərək iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin iddia ərizəsinin məzmununa uyğun dəlilləri qanuni və əsaslı qətnamənin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan (3x175- 3x130)x12=1620) qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(001)-3461/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə elan olunduğu vaxtdan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6965/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6965/2021
10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver