Məhkəmə qərarları › İş №2(103)-6968/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6968/2025

26.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6968/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (X1 da üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: “pul tələbi, sübutetmə yükü”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3532/2025 saylı, 31 oktyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı ilə Cavabdeh arasında şəxsi münasibətlər olub.

2. İddiaçı bu münasibətlərə görə Cavabdeh açacağı gözəllik salonu ilə bağlı (lazer aparatı almaq üçün) 5000(beş min) manat pul dəstəyi borc pul verdiyini bəyan edir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı X1 da üçüncü şəxs qismində cəlb olunduğu pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000(beş min) manat və 70 manat dövlət rüsumuna görə xərcin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

4. İddiada göstərib, hazırki iş üzrə Cavabdeh özünü lazeroq və kosmetoloq kimi təqdim edərək lazer avadanlığı alıb işlətmək üçün ona yalan vəd verərək iş qurmaq adı ilə 5000 manat pul vəsaitini ələ keçirərək mənimsəmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə yazılı ərizə ilə müraciət edərək, hazırki iş üzrə cavabdeh olan Cavabdeh barəsində qanunamüvafiq tədbirlər görülməsini və dəymiş ziyanın qaytarılmasını xahiş etmiş, aparılmış təhqiqat araşdırması zamanı izahatı alınmış hazırki iş üzrə Cavabdeh izahat verərək bildirmişdir ki, 2020-ci ildən münasibəti olan hazırki iş üzrə İddiaçı açacağı gözəllik salonu ilə bağlı 5000 manat pul dəstəyi etməsini istəmiş, iddiaçı bir müddət bəzi bəhanələr gətirsə də, sonradan pulun hazır olduğunu deyərək, cavabdehin yaşadığı ünvana gəlmiş, anasının yanında pulu ona vermiş, cavabdeh həmin məbləği lazer aparatı almaq üçün ilkin ödəniş etmiş, daha sonra bilərəkdən qəsdən yalan ifadə verərək, iddiaçını ifşa edərək, guya iddiaçı ilə aralarında şəxsi münasibətləri olduğu üçün iddiaçının həmin məbləği ona təmənnasız olaraq verdiyini etiraf etmiş, aparılmış təhqiqat araşdırması nəticəsində xx.xx.2024-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bununla da sübut olunur ki, cavabdeh onun hüquqlarını pozmuş, ona maddi zərər yetirmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3532/2025 saylı, 31 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında faktiki münasibətlər olmuş, 2022-ci ilin oktyabr ayında lazer aparatı almaq üçün iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində pul vəsaiti verilmişdir. Həmin məbləğdə pul vəsaitinin verilməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh həmin məbləğdə pul vəsaitinin verilməsini mübahisələndirməmiş, əksinə istər məhkəmə iclasında, istərsə də, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən aparılmış araşdırma zamanı həmin faktı təsdiq etmişdir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı tərəf həmin pul vəsaitinin biznes qurmaq, yəni lazer aparatı alınması məqsədilə borc verildiyini iddia edir, cavabdeh tərəf isə həmin məbləğin ona borc məqsədilə deyil, iddiaçı ilə yaxın münasibətlərinin olması səbəbindən təmənnasız şəkildə verilməsinə əsaslanır. Bununla yanaşı iddiaçı tərəfindən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X3 polisdə veridiyi izahatında hazırki mübahisənin predmeti olan pul vəsaitinin ona məxsus olduğunu bildirsə də, iddiaçı yaxud cavabdehə qarşı məhkəməyə iddia ərizəsi təqdim etməmişdir. Beləliklə, iddiaçı tərəf həmin məbləğin lazer aparatının alınması məqsədilə məhz borc olaraq verilməsini iddia etsə də, həmin faktı mötəbər sübutlarla təsdiq edə bilməmiş, Siyavuş Axundovun təhqiqat orqanında verdiyi izahatla pul vəsaitinin hazırki iş üzrə iddiaçıya deyil, məhz ona aid olmasını bildirmişdir. Bununla bağlı, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olması təsdiq edilmədiyindən hazırki mübahisəyə iddia müddətinin tətbiqi yolverilməzdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edib göstərir ki, iddiaçı ilə cavabdeh arasında rəsmi olaraq nikah bağlanmamışdır ki, qanunvericilikdə də nəzərdə tutulduğu kimi, bir-biri qarşısında hər hansı öhdəlikləri olsun. Kişi və qadın arasında hər hansı dostluq və yaxınlıq münasibəti olması o demək deyil ki, hüquqlarını pozaraq ona maddi ziyan vurmalı və ona qarşı saf niyyətindən istifadə edərək dələduzluq etməlidir. İddiaçı öz yaxın dostundan borc pul alaraq onu cavabdehə iş görməsi üçün, yəni lazer aparatı almaq üçün borc olaraq vermişdir. Cavabdeh isə pulun qaytarılması üçün öhdəlik götürmüşdür. Onların rəsmi olaraq ər-arvad münasibətləri olmamışdır. Hakim qətnamədə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi yoxdur. Lakin hakim iddiaçı ilə cavabdeh arasında şifahi olaraq əqd bağlandığına diqqət yetirməmişdir. Belə ki, cavabdeh özü etiraf etmişdir ki, o, 5000 manatı iddiaçıdan alaraq və aralarında da şifahi olaraq əqd bağlayıblar ki, bu puldan lazer aparatı alınacaq və həmin aparatdan da gələn gəlirdən onun dostu olan X4 gəlir götürəcək. Bu, aralarında olan şifahi əqddir. İddiaçı iddiasında qeyd etməmişdir ki, onlar borc müqaviləsi bağlayıblar. Həmçinin hakim qətnamədə qeyd etmişdir ki, 5000 manat pulu aralarında yaxın ər-arvad münasibətləri olduğu üçün iddiaçı cavabdehə əvəzsiz vermişdir. Yəni, pay olaraq vermişdir. Lakin hakim qətnamədə qeyd etməmişdir ki, onlar rəsmi olaraq ər-arvad deyillər, həmçinin cavabdeh həmin pulun ona hədiyyə kimi verilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmiş, pulu aldığını isə birmənalı etiraf etmişdir. Həmçinin, həmin pulu iddiaçı cavabdehə rəhmətə gedən anasının və xalasının yanında vermişdir. Hətta hakimdən xalasının şahid kimi iştirak etməsini iddiaçı xahiş etsə də, hakim vəsatəti təmin etməmişdir. Hazırda iddiaçı 5000 manat pulu artıq dostuna ödəmiş və özü maddi ziyana düşmüşdür. İddiaçı necə borc götürdüyü pulu hədiyyə edə bilərdi? Axı bu heç bir məntiqə sığmır. Hakim işin hallarını tam aydınlaşdırmadan qərar qəbul etmişdir. Həmçinin, iddiaçı ilə cavabdehin “whatsapp” yazışmaları özü sübut edir ki, pulu cavabdeh götürmüş və iddiaçı da ona bunu hədiyyə kimi verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan).Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

19. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

22. Əvvəla, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdirsə düzgün tətbiq edilməmənin nədə ifadə olunduğunu iddiaçı şikayətində açıqlamalı idi. Belə ki, iddiaçı cavabdehdən 5000 manatın ödənilməsini tələb edir. Bunun üçün cavabdehin iddiaçı qarşısında zərər vurmadan, əsassız varlanmadan, qanunda nəzərdə tutulmuş digər əsaslardan yaxud da müqavilədən əmələ gələn öhdəliyi yaranmalıdır. Ancaq cavabdehin bu cür öhdəliyinin yaranması təsdiq olunmur. İddiaçı göstərilən ilk üç əsasa görə cavabdehin onun qarşısında öhdəliyinin yarandığını da israr etmir.

23. Tələbini sırf borc münasibətləri ilə əlaqələndirir. Sübuta yetirildiyi halda qanuni əsası kimi əsassız varlanmaya dair normalar da nəzərdən keçirilə bilər. Ancaq bu əsasla iddianın faktiki halları təsdiq edilmiş olsa belə əsassız varlanmaya dair normaların dispozisiya şərtləri ilə uzlaşmır. Çünki cavabdehin iddiaçının hesabına hüquqi əsas olmadan varlanması (əmlak əldə etməsi) təsdiq olunmur. Yəni, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur yaxud da bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. İddiaçı inkar etməyə çalışsa da burada tərəflər arasında yaranmış faktiki nikah münasibətlərinin olması da iddianın əsaslılığını təkzib edən hallar sayılır. Çünki bu cür özlərinə görə xoş olan nikahdan kənar münasibətlər zamanı tərəflər bir-birinin hesabına nə əsassız varlanma barədə düşünür, nə də aralarında borc münasibətləri yaranmır. Ən azından bu cür vəziyyətdə onları birləşdirən hisləri və bu hislərdən yaranmış münasibətləri buna imkan vermir, üstəlik bu cür münasibətlər zamanı həm də aralarında iddia edilən formada mülki hüquq münasibətlərinin yaranması da həyatda həmişə baş verən hallara uyğun gəlmir.

24. Borc münasibətləri ilə bağlı da eyni mövqe sərgilənir. Çünki bu cür münasibətləri olan tərəflərin arasında borc münasibətləri də yarana bilməz. Bu qənaət iddiaçının cavabdehə tələb etdiyi məbləği verərkən başqa hansısa ciddi motivinin olmaması ilə də təsdiq olunur. Ona görə də cavabdehin iddiaçı qarşısında borc müqaviləsindən əmələ gələn öhdəliyi də yarana bilməzdi. Demək ki, iddiaçı aralarında yaranmış qeyri rəsmi nikah münasibətinə görə cavabdeh tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədən tələb etdiyi vəsaiti ona hədiyyə edərək bağışlamışdır.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda bağışlama və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 3532/2025 saylı, 31 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3532/2025 saylı, 31 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar