Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6972/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil2, Cavabdeh və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(011)-2234/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Əziz-Aga oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.03.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 26350 manat məbləğində borcun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında Bakı şəhəri 27 saylı notariat kontoru tərəfindən 30.03.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə görə cavabdeh ondan 30000 manat borca pul götürmüş və həmin məbləği bir il 6 ay müddətinə qaytarmaq öhdəliyi götürmüşdür. Lakin cavabdeh götürdüyü öhdəliyini yerinə yetirməmiş və yalnız 30.05.2017-ci il tarixdə 3000 manat, 30.06.2017-ci il tarixdə 500 manat və 17.09.2018-ci ildə isə 150 manat, ümumlikdə 3650 manatı ona geri qaytarmış və bu günə qədər 26350 manat pulu geri qaytarmamışdır. Cavabdehdən dəfələrlə 26350 manat məbləğində borcu geri qaytarmasını tələb etsə də, müraciətlərinə məhəl qoymamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(011)-2234/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Hazırda qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, hər dəfə pulu tələb etdikdə cavabdeh Sovetski adlanan yerdə evlərinin olması və söküntü ilə əlaqədar ona kompensasiya ödəniləcəyini bildirərək möhlət verilməsini xahiş etmişdir. İşdə olan sübutlar, videomaterial məhkəmə tərəfindən araşdırılmamışdır, həmin videoada cavabdeh ondan pul aldığını və həmin məbləğdən bir neçə dəfə müəyyən hissəsini qaytardığını bildirir, şahidlər məhkəmə tərəfindən dindirilməmişdir. Borcdan müxtəlif vaxtlarda hissə-hissə ödəniş etməsi borcunu etiraf edən hərəkətlərdir və buna görə də iddia müddətinin axımı kəsilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, cavabdehlə hər ikisi ticarətlə məşğul olmuşlar, o, cavabdehlə tanış olan vaxt “Suxari sexinin” satış müdiri vəzifəsində işləmiş, cavabdeh isə pərakəndə və topdan satış ilə məşğul olmuşdur, təxminən 2010-2011-ci ildən tanışdırlar. Cavabdeh, əgər pulu olarsa bu işi müstəqil şəkildə qura biləcəyini bildirmiş və ondan pul istəmiş, o isə notariusda müqavilə bağlayaraq inandığı adam kimi ona pul vermişdir, əgər yaxşı gəlir olsa, bu işi davam etdirəcəklərini düşünmüşdür. Dəfələrlə cavabdeh evinə gəlmişdir. Evləri plana düşəndə qaytarmalı idi, 3000 manat bir verib, 500 manat da bir verib. Əvvəlcə 3000 manatı qaytarmışdır ki, 30000 min borcun qarşılığında azdır, sonra qayınanası və qaynı ilə bir də gətirmiş, bu dəfə götürmüşdür, qaynı demişdir ki, hələki vəziyyət düzələnə qədər ayda 500 manat verəcəklər. Videoçəkiliş aparmasından isə cavabdehin xəbəri olmuşdur, belə ki, təsadüfən 2019-cu ilin yay ayında yolda cavabdehin avtomobilini görmüş, avtomobilə oturmuş və videoçəkilişi həmin vaxt aparmışdır, cavabdeh də özü hər şeyi olduğu kimi demişdir, düzdür həmin vaxt cavabdeh bildirmişdir ki, 200 ABŞ dollar da verib, yəni ümumilikdə borcundan 4000 manat qaytarıb, o da razılaşmışdır. Cavabdeh aydın şəkildə bildirmişdir ki, 26000 manat borcu qalıb, onu da qaytaracaqdır. Cavabdehin qayınanasına məxsus «Sovetsiki»dəki evləri 2017-ci ildə sökülməli idi, həmin vaxt da sökülmüşdür, onda da 3000 manat bir, 500 manat bir vermişdir. Sonuncu dəfə isə cavabdeh 2018-ci il sentyabrın 17-də ona 150 manat qaytarmışdır, belə ki, həmin gün o, dostunun ad gününə getməli idi və cavabdehin ona 150 manat qaytarması yerinə düşmüşdür. Həmin gün o, işdə olmadığına görə, Əjdərə 150 manatı onun işlədiyi obyektlə qonşuluqda işləyən və Əjdərin də yaxşı tanıdığı Təhməz-zadə İbadulla Qara oğluna verməsini tapşırmış, Əjdər də gətirib İbadullaya vermişdir. Bundan sonra isə cavabdehi tapa bilməmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Cavabdeh qeyd etdi ki, şirniyyat qənnadı məmulatları satışı ilə məşğul olurdu, qaynı sürücü idi, o isə ekspeditor, sonra həmin şirkət bağlandı, iddiaçı qaynına dedi ki, iş qurmaq istəyir, birlikdə işləsinlər, tanışlıqları belə olmuşdur. Bir müddətdən sonra iddiaçı demişdir ki, başqa bir adamdan mal götürməlidir, ona görə notariusda müqavilə bağlamaq lazımdır ki, həmin adama göstərib mal götürsün, o da bir işçi kimi notariusda müqaviləyə imza etmişdir, sonradan belə bir halın baş verəcəyi ağlına gəlməmişdir. İddiaçıdan 30000 manat borc almamışdır. Videoçəkilişin aparıldığı gün iddiaçını təsadüfən görmüşdür, həmin vaxt ona təzyiq göstərmiş, o da məcbur qalıb həmin sözləri demişdir, videoçəkilişin aparılmasından xəbəri olmamışdır, Xətai Rayon Məhkəməsində məlumatı olmuşdur. Avtomobildə iddiaçı və başqa bir adam olmuş, həmin adam da arxada oturmuşdur. İddiaçının tələbi ilə onun dediklərini təkrarlamışdır, ona təzyiq göstərilirdi. Videoçəkilişdən xəbəri yox idi, amma iddiaçı nə deyirdisə onu təkrarlayırdı. İddiaçı ona hər hansı avtomobil almamışdır. Qayınanası iddiaçının evinə heç vaxt getməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Təhməz-zadə İbadulla Qara oğlu göstərmişdir: “Tərəflərin hər ikisini tanıyıram, hər ikisi ilə münasibətim var. Məhərrəm mənə zəng elədi ki, 2018-ci ilin sentyabrın 17-si idi, Əjdər pul gətirəcək sənə, ad gününə gedəsiyəm, Əjdər 150 manat pul gətirdi, dedim zəng elə Məhərrəmə de ki, pulu çatdırdın, sonra Məhərrəm gəldi, ad gününə gedirdi, pulu verdim. Məhərrəm həmişə Əjdəri yaxşı adam kimi tərifləyirdi, bilirdim ki, 30000 manata yaxın Əjdərin borcu var, soruşanda deyirdi ki, hissə-hissə ödəyirəm. Əjdəri təxminən 2 ay sonra görmüşəm, ondan sorna görməmişəm. Əjdər Məhərrəmin yanına gəlib-gedən adam olduğu üçün, ordan tanımışam.” Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir: “Məhərrəm ərimdir. Cavabdeh dəfələrlə evimizdə olub, qayınanası, uşaqları, qaynı evimizə gəliblər, pul gətiriblər. Əvvəl qaynı ilə 3000 manat pul gətirib, yoldaşım qəbul eləmədi ki, az məbləğdi, sonra qayınanası ilə gətirdi həmin pulu, yoldaşım da qayınanasının ağbirçək olmasına görə pulu qəbul etdi. Bundan sonra isə 500 manat gətirib evdə verib. Qayınanasının təxminən 60 yaşı olardı, ağ saçlı qadın idi. Verilən pulun nə pul olduğunu bilmirdim.” Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh Əziz-Aga oğlu arasında 30.03.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə 30.09.2015-ci il tarixədək qaytarmaq şərti ilə 30000 manat məbləöində faizsiz kredit vermişdir. Müqavilə Bakı şəhəri 27 saylı notariat kontorunda təsdiqlənmiş və reyestrdə 3 “M” 1-98 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 22.10.2019-cu il tarixli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X1 Məhərrəm Novruz oğlunun xeyrinə Cavabdeh Əziz-Aga oğlundan 30.09.2015-ci il müddət üçün vaxtında ödənilməmiş 30020 manat tutulmasına dair icra qeydi vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli, 2(001)- 8593/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh 27 saylı notariat kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı icra qeydinin ləğvi tələbinə dair iddiası təmin olunaraq Bakı şəhəri, 27 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən verilmiş 22.10.2019-cu il tarixli, 8İ-6104 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv edilməsi qət edilmişdir. İddiaçı hazırda həmin borc məbləğindən ödənilməmiş qalan 26350 manat məbləğində pulu tələb edir. Cavabdeh etiraz edərək, iddiaçının istinad etdiyi kredit müqaviləsinin faktiki olaraq borc pulun verilib-alınmasını əks etdirmədiyini və notarial qaydada təsdiqlənməsinə baxmayaraq formal xarakter daşıdığını, iddiaçıdan 30000 manat pul almadığını iddia edir. Həmçinin, hesab edir ki, iddiaçı üç illik iddia müddətini də ötürüb, belə ki, o, iddiaçıya hər hansı məbləğdə pul qaytarmamışdır ki, iddia müddətinin axımı kəsilsin. Birinci instansiya məhkəməsi iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyinə görə iddia müddəti tətbiq olunmaqla tələbin təmin edilməməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Apelyasiya baxışı zamanı tərəflərin iştirakı ilə iş materiallarında olan CD-yə baxış keçirilmişdir. Həmin disk birinci instansiya məhkəməsinə təqdim olunsa da, ona baxış keçirilməmiş və hüquqi qiymət verilməmişdir. Cavabdeh videoçəkilişdə qeyd edir ki, “3000 bir vermişəm, 500 bir vermişəm, danmıram, bundan başqa xırda 500 manat, 200 ABŞ dolları vermişəm, cəmi 4000 manat pul vermişəm, 26000 manat borcum var sənə, Məhərrəm, bunu danmıram. Qalan pulu verə bilməmişəm.” İddiaçı da qeyd edir ki, «200 ABŞ dolları olmayıb, amma razılaşıram, dəfələrlə evimə gəlmisən, qaynını gətirmisən, demisən ki, ev satılanda pulu verəcəm.» Cavabdeh iddiaçının dediklərini təsdiq edir, razılaşır. İddiaçı 5500-6000 manata ona maşın aldığını deyir, cavabdeh də təsdiqləyir. İki dəfə qayınanası ilə gəldiyini də təsdiqləyir. Apelyasiya şikayətinə etirazında cavabdeh həmin videodan məlumatı olmadığını, iddiaçının qanunsuz olaraq ona təzyiq edərək, hədə-qorxu gələrək ona borcun olması ilə bağlı fikirlər səsləndirməyə məcbur etdiyini və xəbəri olmadan gizli olaraq çəkilişin edildiyini, videonun sübut kimi qəbul edilə bilməməsini bildirmişdir. Apelyasiya baxışı zamanı izahatında isə iddiaçı həmin videoçəkilişdən xəbəri olmadığını qeyd etmiş, digər tərəfdən isə bildirmişdir ki, iddiaçı ona təzyiq göstərib, hədəqorxu gəldiyi üçün sonuncunun dediklərini təkrarlamışdır. Kollegiya qeyd edir ki, iddiaçının dedikləri biri-digərinə ziddiyət təşkil edir, belə ki, bir tərəfdən o, videoçəkilişdən məlumatı olmadığını qeyd edir, digər tərəfdən isə bildirir ki, hədə-qorxu altında iddiaçının dediklərini təkrarlamışdır. Belə olan təqdirdə, yəni cavabdehin videoçəkilişdən xəbəri olmadığı halda iddiaçının dediklərini hansı səbəbə təkrarlaması anlaşılan deyildir. Videoçəkilişdən məlumatlı olmaması inandırıcı və ağlabatan görünmür, çəkiliş üzbəüz şəkildə çəkilmişdir, onun gizli çəkilməsi, yəni cavabdehin görməməsi mümkün deyildir. Digər tərəfdən qeyd olunmalıdır ki, videoçəkilişin aparıldığı vaxt tərəflərin görüşməsi qabaqcadan planlaşdırılmamış, təsadüf nəticəsində baş vermişdir. Görüş gizli yerdə yox, hərəkətin gur yerində baş tutmuşdur, yəni iddiaçının belə şəraitdə cavabdehə fiziki və psixoloji təzyiq göstərməsi, sonuncunun da buna heç bir reaksiya verməməsi ən azı inandırıcı görünmür. Həmçinin, videoçəkilişdən cavabdehin həmin sözləri təzyiq altında deməsi də müəyyən olunmur. Videoçəkilişdən aydın olur ki, cavabdeh borcundan cəmi 4000 manat qaytardığını, 26000 manat borcu qaldığını etiraf edir, bu isə o deməkdir ki, iddiaçının göstərdikləri həqiqətdir. Belə ki, iddiaçı cavabdehin 3000 manat, 500 manat və 150 manat qaytardığını, 26350 manat borcu qaldığını bildirir. Cavabdeh də 3000 manat bir, 500 manat bir, bundan başqa xırda 500 manat, o cümlədən 200 ABŞ dolları borcdan qaytardığını, 26000 manat borclu qaldığını etiraf edir. İddiaçı 200 ABŞ dolları verilmədiyini qeyd etsə də, 26000 manat borcla razılaşır. Digər tərəfdən şahid İ.Təhməz-zadənin ifadəsindən də məlum olur ki, cavabdeh 17.09.2018-ci il tarixdə 150 manat vermişdir. Cavabdehin videoçəkilişin sübut kimi qəbul edilə bilməməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.» Göründüyü kimi, təqdim edilmiş video yazı birbaşa mübahisə tərəfləri arasında danışıqları əks etdirir, qanunazidd şəkildə əldə edilməsi isə müəyyən olunmamışdır, odur ki, sübut kimi istifadə olunmasına mane olan hər hansı hal yoxdur. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, videoçəkilişdə cavabdehin özünün etirafından, şahid ifadələrindən müəyyən edilir ki, cavabdeh tərəfindən 3000 manat, 500 manat, 150 manat və 200 ABŞ dollar ödəniş edilmiş, cavabdehin 26000 manat borcu (iddiaçı özü bununla razılaşmışdır) qalmışdır. Belə olan halda, 26000 manat ödənilməmiş borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin iddia müddətinin keçməsi ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən sonuncu dəfə 17.09.2018-ci ildə 150 manat ödəniş etməsi öz təsdiqini tapdığından, iddia müddətinin axımı həmin tarixdə kəsilmiş, yeni müddət axımı başlamışdır. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Belə olan halda, sonuncu ödəniş 17.09.2018-ci il tarixdə edilmiş, iddiaçı isə 11.02.2020-ci il tarixdə iddianı qaldırmaqla, nəzərdə tutulmuş üç illik iddia müddətini ötürməmişdir. Cavabdehin qeyd etdikləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2234/2020 saylı iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6972/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6972/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver