Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6973/2025 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: ("yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-376/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı Cavabdeh qarşı "yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən onun mülkiyyətinə vurulmuş zərərin sığorta ödənişindən sonra yerdə qalan 1720 manat hissəsinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi AE №135020 seriyalı, "26" may 2021-ci il tarixli texniki pasporta əsasən, 10DY678 dövlət qeydiyyat nişanlı, ünvan 1 ünvanında qeydiyyatda olan TOYOTA RUSH MİNİK markalı avtomaşın ona məxsusdur. 12 iyun 2024-cü il tarixdə təxminən saat 08:37 radələrində Füzuli küçəsi ilə Abdulla Şaiq küçəsi istiqamətində, Akademik Milli Dram teatrının yanında yuxarıda göstərilən avtomaşını idarə edərkən onunla yol-nəqliyyat hadisəsi baş vermişdir: Nəqliyyatın sıxlığı səbəbindən hərəkət sürəti saatda 10-15 km idi, hava şəraiti yağmursuz, yol örtüyü quru idi, qarşısındakı hərəkət zolağı ilə hərəkət edən HYUNDAİ SANTA FE markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşın dayandı, o da öz növbəsində ara məsafəsi saxlayaraq idarə etdiyi avtomaşını dayandırdı. Bu zaman ondan arxada gələn BMW 5281 minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomaşın onun avtomaşınını arxadan vurdu, o da zərbədən qarşısındakı HYUNDAİ SANTA FE avtomaşına dəydi. Göstərilən yol-nəqliyyat hadisəsi BMW 5281 markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh AR İXM-nin 327.1 maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol-hərəkət hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhəri DYPİ YNH inspektoru polis kapitanı X3 tərəfindən tərtib edilmiş İXP ******* protokol ilə tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının arxa və ön hissəsinə ziyan dəymişdir. Cavabdeh mülki məsuliyyətini icbari sığorta edən "AZƏRSİĞORTA" şirkəti ona dəymiş zərəri 5426 manat məbləğində, HYUNDAİ SANTA FE markalı avtomaşına isə 1894 manat məbləğində dəyərləndirib. Lakin sığorta şirkəti hadisə zamanı 5000 manat məbləğindən artıq ödəniş etmədiyi və bu məbləği iki zərər çəkmiş arasında böldüyü səbəbdən ona ödədiyi məbləğ 3706 manat təşkil etmişdir.
2. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-376/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 1720 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, 37,2 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, aparılmış qiymətləndirmənin 150 manat dəyərinin Cavabdeh tutularaq "Hüquqçu” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 459.1, 936.1, 936.2, 936.5, 1096.1, 1108.1; “İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "Toyota Rush” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə və HYUNDAİ SANTA FE markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, sığorta şirkəti tərəfindən 5426 manat, digər avtomobilə isə 1894 manat ziyan dəydiyindən və icbari qaydada sığorta məbləği ümumilikdə 5000 manat olduğundan sığorta şirkəti tərəfindən iddiaçıya 3706 manat ödəniş edilmiş, qalan zərər ödənilməmiş qaldığından iddiaçı həmin məbləğin zərər vuran tərəfindən ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qərardadı əəsasında müstəqil qiymətləndirici cəlb edilmiş və qeyd edilən nəqliyyat vasitəsinin saz vəziyyətə gətirilməsi üçün 2280 manat tələb edildiyi hesabatda qeyd edilsə də, məhkəmə həmin hesabatla razılaşmayaraq qeyd edir ki, həmin hesabat yalnız təqdim edilən fotoşəkillər və qüsur aktı əsasında verilməklə ehtimallar əsasında hesablanmışdır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı haqqında arayışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 08:37-də "BMW 528İ” minik markalı, **-SY-***” dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai SantaFe” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yolnəqliyyat hadisəsi törədilmişdir. Məlumatdan görünür ki, hadisə nəticəsində İddiaçı idarə etdiyi "Toyota Rush” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir; - Qüsur aktının surətindən görünür ki, Toyota markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində 5426 manat həcmində zərər dəymişdir; - Qüsur aktının surətindən görünür ki, Hyundai markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində 1894 manat həcmində zərər dəymişdir; - Sığorta ödənişi ilə bağlı 0769224/02 saylı aktın surətindən görünür ki, "Azərsığorta” DSKŞ tərəfindən İddiaçı 3706,28 manat sığorta ödənişi həyata keçirilmişdir; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 376/2025 saylı qərardadı ilə mülki iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və qiymətləndirmənin aparılması "Hüquqçu” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir; - xx.xx.2025-ci il tarixli, 0209 saylı hesabatdan aşağıdakılar görünür ki, "Toyota Rush” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2280 manat təşkil edir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, iş ziyanın obyektiv araşdırılması, real ekspertiza keçirilməsi və tərəflərin iştirakı təmin edilməklə yenidən baxılması üçün birinci instansiyaya qaytarılmasını və ya alternativ olaraq - iddiaçı tərəfindən ziyanın sübut edilməməsinə görə iddianın tamamilə təmin olunmamış hesab edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə hadisə üzrə ziyanın hesablanmasında ciddi hüquqi səhvlərə yol vermişdir. İddiaçı ziyanın həcmini sübut edə bilməmişdir. Qətnamədə məhkəmə göstərir ki, iddiaçıya vurulmuş ziyan 5426 manat təşkil edir. Lakin bu rəqəm obyektiv ekspertiza rəyinə əsaslanmır, hadisə yerində baxış keçirilməyib, təmir xərcləri real şəkildə yoxlanılmayıb, qiymətləndirmə yalnız iddiaçının təqdim etdiyi fotoşəkillər əsasında aparılıb. Bu isə qətiyyən etibarlı sübut sayıla bilməz (MPM, maddə 77). Məhkəmə özü də qiymətləndirmə rəyinin “ehtimal xarakterli” olduğunu etiraf etmişdir. Lakin buna baxmayaraq həmin rəyləri ziyanın tam sübuta yetirilməsi kimi qəbul etmişdir. Bu, maddi ziyanın hesablanması qaydalarının pozulmasıdır. Qarşı tərəf bilərəkdən şişirdilmiş ziyan iddiası yaradıb. Hadisədən dərhal sonra avtomobilin zədələri ilə sonradan təqdim olunan fotoşəkillər arasında uyğunsuzluqlar, artırılmış qüsurlar, sonradan əlavə edilmiş zədələr aşkarlanmışdır. Bu hallar dəfələrlə keçirilmiş komissiyanın rəylərində də əks olunmuş,lakin məhkəmə bunu dəyərləndirməmişdir. Bu isə saxtakarlıq əlamətlərinə işarədir və iş üzrə əlavə araşdırma tələb edir. Qətnamədəki ziyan hesablanması qanuna ziddir. Məhkəmə aşağıdakı səhvlərə yol vermişdir: o ziyanın faktiki həcmi sübut edilməyib, “Qiymətləndirmə xərci” adı ilə 150 manatın onun üzərinə qoyulması qanunsuzdur, çünki o rəy etibarsız sayılıb, halbuki, məhkəmə tərəfindən təyin olunan ekspertiza rəyinə uyğun qərar verməyib, əgər qərar vermək üçün məhkəmə tərəfindən seçilən ekspertiza rəyinə əsaslanmayacaqdınsa, nə üçün bunu etdi və əlavə olaraq ekspertizanın ödənişini də onun işinə əlavə etdi.
Apellyasiya icraatında müəyyən edilən hallar:
5. Məhkəmə kollegiyasının xx.xx.2026-cı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini xahiş etmiş və qeyd etmişdir ki, yol nəqliyyat hadisəsi tıxac zamanı baş vermişdir, belə olan halda iddiaçıya qeyd edilən məbləğdə ziyan dəyməsi mümkün deyil, məhkəmə ekspertiza təyin edib, sonra ekspert rəyini əsaslı hesab etməyib və daha sonra da ekspertiza xərcini onun üzərinə qoyub. İnternetdə avtomobil detallarının qiyməti öz əksini tapıb, iddiaçı tərəfindən avtomobilin detallarının qiyməti şişirdilmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, dəymiş ziyanı icbari siğorta gəlib hesablayıb və 5426 manat ziyan dəyib, 2 avtomobilə ziyan dəydiyi üçün siğorta ziyan məbləğinin hamısını ödəməyib və cavabdeh də özü təmir etməkdən imtina edib. Avtomobilin ehtiyat hissələri burda olmadığından xaricdən gətizdirilmişdir.
Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Republikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
9. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün qənaətə gəlmişdir, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir. Belə ki, iş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Belə ki, cavabdeh yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədilməsini mübahisələndirmir, mübahisələndirilən yalnız dəymiş ziyanın məbləğidir. Qüsur aktının surətindən görünür ki, Toyota markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində 5426 manat həcmində zərər dəymişdir. Sığorta ödənişi ilə bağlı 0769224/02 saylı aktın surətindən görünür ki, "Azərsığorta” DSKŞ tərəfindən İddiaçı 3706,28 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh isə zamanında hadisə ilə bağlı sığorta riski həcminin müəyyən edilməsi və ödənişlərin həyata keçirilməsində iştirak etməmiş və etirazını bildirməmişdir.
12. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Kollegiya qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
14. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutu lmamışdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qətetdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-376/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.