Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6977/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 (hazırda X3), Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh1la aralarında bağlanmış xx.xx.2013-cü il tarixli, 104-S-1361 №-li kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən onun xeyrinə 37.236 manat əsas, 7489 manat faiz borcu, 1091 manat əsas kredit borcuna görə hesablanmış cərimə faizləri olmaqla, cəmi 45.816 manat kredit borcunun, 30 manat dövlət rüsumunun, 30 manat digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı), ümumilikdə 45.876 manatın tutulması, tutmanın digər Cavabdeh2 xüsusi mülkiyyətində olan ipoteka predmeti-Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış massivi, 123 saylı fərdi yaşayış evinə yönəldilməsi, onu açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin, həmçinin, həmin evdə qeydiyyatda olan digər şəxslərin evdən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ondan 5964 manat əsas, 7489 manat faiz və 1091 manat cərimə borcunun tutulması, müqavilə şərtində göstərildiyi kimi tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış sahəsində yerləşən 123 saylı ümumi sahəsi 190 kv.metr təşkil edən fərdi yaşayış evinin 57,20 kv.metr (yaşayış sahəsi 47,00 kv.metr və köməkçi sahəsi 10,20 kv.metr) sahəsinə yönəldilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki,cavabdeh bank qarşısında öhdəliyini bir il müddətində hər ay vaxtında ödəmiş və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, xahişini qəbul edərək, bu barədə müvafiq qərardad qəbul edəcəyini, ekspertizanın rəyindən sonra onları yenidən məhkəmə iclasına dəvət edəcəyini bildirmişdir. Lakin bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə cavbabdehlərə heç bir məlumat verilməmiş, onlara yalnız qətnamənin icra mərhələsində hərracda tələbkarın evi borc əvəzi kimi qəbul etməsi barədə məlumat verilmişdir. Bundan başqa, ipoteka ilə yüklü edilmiş ümumi sahəsi 57,20 kv.metr, yaşayış sahəsi 47,00 kv.metr, köməkçi sahəsi 10,20 kv.metr olan fərdi yaşayş evinin hazırda ümumi sahəsi 190 kv.metr təşkil edir. Mənzil qiymətləndirilərkən və hərraca çıxarılarkən bu fakt nəzərə alınmamış, icra məmuruna məlumat versələr də, buna əhəmiyyət verilməmişdir. Məhkəmə, cavabdehin banka ödədiyi pulları nəzərə almamış, ekspertiza düzgün rəy verməmişdir. Ona görə də, işin fatiki halları yenidən araşdırılmalı və təkrar məhkəmə-iqtisad ekspertizası təyin olunmalıdır. Cavabdehin bu günə olan borcu 3800,96 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (hazırda Cavad Camalov) apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Digər Cavabdeh2 və onun vəkili də, apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni apelyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 104-S-1361 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 24% olmaq şərtilə 43.200 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə bağlanmış ipoteka müqaviləsi ilə Cavabdeh2, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 47,00 kv.metr, yardımçı sahəsi 10,20 kv.metr, ümumi sahəsi 57,20 kv.metr olan yaşayış evini ipoteka ilə yüklü edərək, bankın tələb hüququna təminat vermişdir. İddiaçı, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. İddiaçı-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 həmin tarixə 37.236 manat əsas, 7489 manat faiz və 1091 manat cərimə borcu qalmışdır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Belə olan halda, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 462-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, cavabdehlərdən kredit borcunun tutulmasını, borcun ipoteka predmetlərinə yönəldilməsini və kredit müqaviləsinin xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Cavabdeh1, apellyasiya şikayətində tərəfindən ödənilmiş məbləğlərin nəzərə alınmadığını və borcun düzgün hesablanmadığını bildirərək, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edir. Kollegiya nəzərə alır ki, bankın əsas borcu, müqavilə müddəti daxilində razılaşdırılmış faiz məbləğini və gecikdirilən borc məbləğinə görə cərimə borcunu müştəridən tələb etmək hüququ vardır. Hazırkı işdə iddiaçının tələb etdiyi 37.236 manat əsas, 7489 manat faiz, 1091 manat cərimə borcu, tərəflər arasındakı kredit müqaviləsinin müddəti (xx.xx.2016-cı il) bitmədən xx.xx.2015-ci il tarixə hesablanmış məbləğlərdir. Apellyator isə, həmin məbləğlərin düzgünlüyünə şübhə yaradan və mühasibatlıq ekspertizasının keçirilməsini zəruri edən hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, işdə olan ödəniş qəbzləri və hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən mübahisəli kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2014-cü il tarixdə olmaqla, ümumilikdə 12.205 manat ödəniş edilmiş, Bankın xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən, həmin məbləğdən 5964 manatı əsas borca, 6241 manat isə faiz borcuna hesablanmışdır. Apelyator, eyni zamanda məhkəmə qətnaməsilə tutma yönəldilmişBakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış massivi, 123 saylı fərdi yaşayış evinin ümumi sahəsinin hazırda 190 kv.metr olmasını bildirərək, onun ancaq ipoteka ilə yüklü edilmiş hissəsinə (57.20 kv.metr) tutma yönəldilməsini tələb edir. Kollegiya, ilk növbədə vurğulayır ki, cavabdeh sözügedən fərdi yaşayış evinin sahəsinin hazırda 190 kv.metr olduğunu bildirsə də, bu fakt iş materialları ilə təsdiqlənmir. Digər tərəfdən, iş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixli, 104-S-1361/İP saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 47,00 kv.metr, yardımçı sahəsi 10,20 kv.metr, ümumi sahəsi 57,20 kv.metr olan yaşayış evi həmin tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və birinci instansiya məhkməsi tərəfindən də, məhz həmin ipoteka müqaviləsi əsas götürülərək, ipoteka predmetinə tutma yönəldilmişdir. Odur ki, Kollegiya, qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 (hazırda X3) apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 (hazırda X3) aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6977/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6977/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver