Məhkəmə qərarları › İş №2(103)-6978/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6978/2022

26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6978/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Salman oğluna qarşı iş üzrə (Açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Salman oğluna qarşı “aliment məbləğinin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2810/2022 saylı 18 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin müəyyən edilmiş hallarına əsasən tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilərək cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5517/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilməsi, cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aliment miqdarı 160 manat müəyyən olunmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 üçün aliment ödəmələri edir. Hazırda uşaq böyüməkdədir və qətnamədə qeyd olunmuş aliment məbləği onun tələbatının ödənilməsinə yetmir. Ölkədə yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2810/2022 saylı 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilmiş, cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin dəyişdirilməsi, cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalı üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir.

5. Məhkəmə belə nəticəyə gəlmişdir ki, uşağın saxlanılması hər iki valdeyinin vəzifəsi olduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment dəyişdirilməli, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 112.1-ci maddələri, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apelyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Dövlət İqtisaq Universitetində audit şöbəsində dispetçer vəzifəsində çalışır və aylıq gəliri sabitdir. Hər ay 377 manat əmək haqqı alır, bu məbləğin ¼ hissəsi 94,25 manat təşkil edir. Həmin məbləğdən də artıq olmaqla hər ay 160 manat alimenti vaxtında ödəyir. İddiaçının özü dövlət qulluğunda çalışır və ondan da yüksək miqdarda əmək haqqı alır. Ağır xəstəlikdən əziyyət çəkir və yaşlı, xəstə anası onun himayəsindədir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

11. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

12. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, uşaqlar üçün yaşayış minimumu 2017-ci ildə 136,60 manat, 2018-ci ildə 154 manat, 2019-cu ildə 160 manat, 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 manat olmuş, 2022-ci il üçün isə 193 manat müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunu getdikcə artır.

25. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, belə ki, 160 manat məbləğində aliment tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda bir uşağın saxlanması üçün 160 manat vəsait yetərli sayıla bilməz.

26. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, 377 manat əmək haqqı alır.

27. Lakin Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetində böyük dispetçer vəzifəsində işləməklə 650 manat əmək haqqı alır.

28. Bundan başqa iddiaçının dövlət qulluğunda çalışdığını qeyd etsə də, iş materiallarından belə bir hal müəyyən edilmir, Elektron Məhkəmə İnformasiya sistemində də iddiaçının işləmədiyi müəyyən edilmişdir.

29. Göründüyü kimi apelyasiya şikayətinin qeyd olunan dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşağını saxlamaq üçün alimentin məbləğinin yüksək olması, hazırda əmək haqqının aşağı olması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Onun bu dəlilləri azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən, o cümlədən aliment öhdəliyindən azad etmir.

31. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

32. Kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, işin konkret hallarını əsas götürərək, cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin sabit pul məbləğində 193 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir.

33. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2810/2022 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar