Məhkəmə qərarları › İş №2(103)-6980/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6980/2023

29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6980/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alimentin artırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1648/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı və Cavabdeh rəsmi nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Tərəflər artıq ayrılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılması və hər ay cavabdehdən 87 manat aliment tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-2033/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilrək, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay 154 manat sabit məbləğində aliment tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni alimentin hər ay 220 manat olmasını xahiş edir. Cavabdeh isə "Avanqard- N” MMC- də laborant vəzifəsində çalışır və aylıq əmək haqqı 450 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahdan anadan olmuş xx.xx.2011 -ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Nizami Rayon Məhkəməsinin 2(007)- 2447/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah münsaibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikah münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X6 adlı bir övladları dünyaya göz açmışdır. Cavabdeh ailə qurduqdan sonra bir müddət mehriban yaşamış, lakin sonradan ailə münasibətləri pozulmağa başlamışdır. Elə bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinin 25 may 2012ci il tarixli qətanaməsi ilə aralarında olan nikah pozlmuşdur. Nikah pozulduqdan sonra övladı xx.xx.2011-ci il təvəllüdlü X6 onun yanında qalmış və onun saxlanılması üçün hər ay cavabdehdən 87 manat aliment tutlaraq ona ödənilməsi qərara alınmışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il qətnaməsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 25 may 2012-ci il tarixli qətanaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş və Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 118 manat onun xeyrinə sabit pul məblğində aliment tutulması qət edilmişdir. Yenidən alimentin artırılması ilə bağlı müraciət etmiş və Nizami Rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli, 2(007)-2033/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay 154 manat sabit məbləğində aliment tutulması qət edilmişdir. Övladı Jalənin tələbatı günü-gündən artır. Bu səbəbdən də uşağın məktəb ləvazimatlarını və gündəlik xərclərini ödəyə bilmir. Hal-hazırda uşaqlar üçün minimum dolaşıq xərci Respublikada 220 manat məbləğində müəyyən edilmişdir.

4. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, sabit məbləğdə alimentin təyin edilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən borclu olan valideynin qazancı qeyri-müntəzəm və dəyişən olduğu hallarda təyin edilir. O, konkret olaraq aylıq əmək haqqına işləyir (rəsmi olaraq). Odur ki, onun barəsində sabit pul məbləğində alimentin tutulması tətbiq edilə bilməz. O, bir neçə ildir ki, "Avanqard-N” MMC- də laborant vəzifəsində çalışır və aylıq əmək haqqısı 450 manat təşkil edir. Ona görə də Ailə Məcəlləsinin 761.1-ci maddəsinə əsasən aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Eyni zamanda, onun iddiaçıya ödədiyi aliment pulundan başqa himayəsində iki azyaşlı uşağı vardır. Onlardan biri ikinci dərəcəli əlildir. Eyni zamanda, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1313/2021 saylı qətnaməsinə əsasən iki uşağın saxlanılması üçün 350 manat (hər birinə 175 manat olmaqla) aliment ödəməlidir. Ödədiyi aliment pulu iddiaçının nümayəndəsi tərəfindən mənimsənilir və uşağına çatmır. Halhazırda azyaşlı uşağı X6 və İddiaçı Azər qızı dövlətlər arası axtarışdadır. Yəni, iddiaçının nümayəndəsi əslində mənimsədiyi vəsaitin artırılmasını istəyir. Azyaşlı uşağı ilə ünsiyyət hüququna dair məhkəmə qətnaməsi olmasın baxmayaraq iddiaçıı uşağı ondan qaçırır və məhkəmə qərarını məcburi olaraq icra etmir. Bu cinayət məsuliyyətinə səbəb olsa da aidiyyəti orqan heç bir tədbir görmür.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1648/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim X2) iddia tələbinin təmin edilməsi, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi, İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 55 manat məbləğində vəsaitin ona aid edilməsi, Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 45 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, cavabdehin "Ailə Məcəlləsinin 761.1 -ci maddəsinə əsasən aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmalı olması, himayəsində ikinci dərəcəli əlil uşağının olmasını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1313/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 06.11.2O17-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək alimentin tutulması qət edilməsi” dəlilləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndini nəzərə alaraq iddiaçı aliment tələbini yaşayış minimumuna uyğun olaraq sabit pul məbləğində tələb etmişdir. Hazırda alimentin miqdarı cavabdehin əmək haqqı və digər gəlirlərinin ¼ hissəsinə uyğun olaraq müəyyən edilsə aliment məbləğində artım müşahidə olunmayacaq, əksinə alimentlə bağlı qüvvədə olan qətnaməyə zidd olaraq aliment məbləği azaldılmış olacaqdır. Həmçinin cavabdehdən başqa nikahdan olan övladlarının saxlanılması üçün aliment tutulsa da, onun nikahı pozulmamamışdır.

7. Məhkəmə öz mövqeyini 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023- cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa, "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə verdiyi etiraza uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, başqa nikahdan 2 uşağı var və digər qətnamə ilə 350 manat aliment ödəyir. Məhkəmə qazancının sabit məbləğdə və az olmasını nəzərə almayıb. Uşağı ilə ünsiyyətdə də ola bilmir. Məhkəmə mübahisəli hüquq münasibətini tənzimləyən Ailə Məcəlləsinin 76-ci maddəsinin normalarına istinad etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etməklə əlavə olaraq bildirdi ki, başqa nikahdan 2 uşağı var və digər qətnamə ilə 350 manat aliment ödəyir. Həmin nikahının pozulmamasını birlikdə yaşadıqlarını, lakin alimentin qətnamə ilə tutulmasını bildirmişdir.

11. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

14. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

e) Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəfləriı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

21. Kollegiya qeyd edir ki, cavabdehin hazırki iş üzrə qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Əvvəla, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maximum təsir etməməsinə yönəlmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin qazancının az olması, digər bir qətnamə ilə ondan 350 manat alimentin tutulması barədə dəlilinə qiymət verərək qeyd edir ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2018-ci il) qəbul edilməsindən 5 ilə yaxın müddət ötmüş, o cümlədən uşağrın valideynlərdən birinin himayəsində olması, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsinə, onun qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin yaşayış minimumu həddində aliment verilməsinə etirazı əsassız hesab edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, özünün də izahatından müəyyən edildiyi kimi, ikinci nikahı pozulmamış və ailə olaraq da birlikdə yaşayırlar. Kollegiya hesab edir ki, həmin alimentin müəyyən edilməsinin formal əsaslarla olması istisna edilmir. Belə ki, cavabdeh yeni ailəsi və uşaqları ilə birlikdə yaşamaqla birgə təsərrüfat aparırlar və aliment kimi müəyyən edilən pul məbləği ailənin ümumilikdə ehtiyaclarına xərclənməklə əlavə hər hansı pulun ödənilməsini istisna edir. Əlavə olaraq qeyd edilməlidir ki, digər uşaqlarının olması onların da xərclərinin olması, hazırki iş üzrə alimentin tutulması müəyyən edilən uşağının təminat xərclərinin azaldılması üçün mütləq əsas ola bilməz. Hazırda müəyyən edilən alimentə də münasibətdə qeyd edilməlidir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Odur ki, sadalanan halların cavabdehin övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və uşağın mənafeyinə uyğundur.

23. Eyni zamanda cavabdehin alimentin sabit pul məbləğində deyil, əmək haqqının və digər gəlirlərinin dördə bir hissəsi kimi təyin edilməli olmasına dair münasibətdə isə məhkəmə kollegiyası vurğulayır ki, qanunvericinin yuxarıda göstərilən normalarında müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd edilən hal cavabdehin bu dəlilinin də əsassız olduğunu təsdiq etmiş olur.

24. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə almaqla belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

25. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (66x12=792 manat) 792 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

26. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1648/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar