Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6982/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi) İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-821/2021 saylı iş üzrə qəbul etdiyi 05 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8.664 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 5.155,53 manat faiz borcu, 4.709,60 manat cərimə, müqavilənin bitdiyi tarixdən 21.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.244,40 manat, ümumilikdə 19.773,53 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 04 dekabr 2014-cü il tarixli, Ə/H-022/14 nömrəli kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 29% dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə kreditin qaytarılmasını və faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Eyni zamanda kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-821/2021 saylı iş üzrə qəbul etdiyi 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8.664 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 5.155,53 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 21.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.244,40 manat olmaqla, ümumilikdə 15063,93 (on beş min altmış üç manat, doxsan üç qəpik) manat borc, 23 (iyirmi üç) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər, Kollegiya cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin təmin edildiyi hissədə yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş; cavabdehlər isə şikayətində qətnamənin ləğv edilməsini xahiş etsələr də, şikayətin məzmunundan onların qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyi aydın olur. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, Cavabdeh1 münasibətdə apellyasiya şikayəti təmin edilməməli, digər cavabdehlərə münasibətdə isə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 04 dekabr 2014-cü il tarixli, Ə/H-022/14 nömrəli kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 29% dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə kreditin qaytarılmasını və faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun nəticəsində o müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur(m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdehlər qeyd edilən kredit və zaminlik müqavilələri üzrə kredit təşkilatı qarşısında üzərlərinə götürdükləri öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışlar. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından məlum olur ki, 8.664 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 5.155,53 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 21.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.244,40 manat təşkil edir. Kollegiya qeyd olunanlara əsasən hazırki tələb üzrə iddiaçının xeyrinə 8.664 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 5.155,53 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 21.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.244,40 manat olmaqla, ümumilikdə 15063,93 (on beş min altmış üç manat, doxsan üç qəpik) manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə kollegiyası Cavabdeh1 münasibətdə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfinən tələb edilən borc kredit müqaviləsinin müddətinə hesablanmışdır. Eləcə də işə baxılması barədə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəməyə məlum olan ünvanına bildiriş göndərilmişdir. Həmçinin apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığını irəli sürülsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 münasibətdə dəlilləri ilə razılaşmasa da, apellyasiya şikayətində qeyd edilən zaminlərə qarşı kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsi dəlili ilə kollegiya razılaşır. Belə ki, işdən məlumdur ki, kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, borclu Cavabdeh1la yanaşı, zaminlər Cavabdeh3 və Cavabdeh2 “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü zaminlik öhdəliyinə əsasən Cavabdeh1la birgə məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.3-cü maddələrinin mənasına görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər həmin Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin Kollegiya, hesab edir ki, iddiaçının hazırki halda öhdəliyin icrasının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tələb edilməsi barədə iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdə olan “Zaminlik müqavilələrindən” görünür ki, müqavilədə zaminliyin müddəti 04 dekabr 2017-ci il tarix kimi göstərilmişdir. Hazırki iddia tələbi isə 06 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehlər iddia müddətinin tətbiqi ilə bağlı ərizə versələr də, birinci instansiya məhkəməsi yanlış olaraq həmin müddəti 3 illik iddia müddəti ilə eyniləşdirmişdir. Halbuki Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqavilələrində isə öhdəliklərin 04 dekabr 2017-ci il tarixə qədər icra edilməli olması göstərilmişdir, lakin iddia tələbi ilə məhkəməyə müraciət edilənə qədər iddiaçı zaminlərə münasibətdə tələb irəli sürməmişdir. Göründüyü kimi iddiaçı zaminlərə qarşı iddia ilə müraciət etmək üçün müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi isə əsassız olaraq iddia tələbini həmin hissədə təmin etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır, bu səbəblə də qətnamə onlara aid hissədə ləğv edilməli və onlara qarşı verilmiş iddia tələbi rədd olunmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti Cavabdeh1 münasibətdə təmin edilməsin. Apellyasiya şikayəti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-821/2021 saylı iş üzrə qəbul etdiyi 05 aprel 2021-ci il tarixli qətnaməsi “cavabdehlər Cavabdeh2 və Cavabdeh3 8.664 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 5.155,53 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 21.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.244,40 manat olmaqla, ümumilikdə 15063,93 (on beş min altmış üç manat, doxsan üç qəpik) manat borcun, 23 (iyirmi üç) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin iddia tələbləri cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin olunmasın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-6982/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6982/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver