Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6984/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-811/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2013cü il tarixli, 1xx/xx/49059/13 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 2996,65 manat, faiz borcu üzrə 424,94 manat, cərimə borcu üzrə 2144,85 manat, gecikdirilimiş günlər üçün 5% olmaqla 448,56 manat, cəmi 6015 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında xx.xx.2013cü il tarixində kredit verilməsi barədə 1xx/xx/49059/13 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik faiz 25% olmaq şərtilə 1869 manat məbləğəində kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və bunun nəticəsində banka borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-811/2020 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin olunmuş, xx.xx.2013-cü il tarixli, 1xx/xx/49059/13 saylı kredit müqaviləsi üzrə 2623 (iki min altı yüz iyirmi üç) manat 70 (yetmiş) qəpik əsas borcun, 424 (dörd yüz iyirmi dörd) manat 94 (doxsan dörd) qəpik faiz borcunun, 200 (iki yüz) manat cərimənin, cəmi 3248 (üç min iki yüz qırx səkkiz) manat 64 (altmış dörd) qəpik və 16,2 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq LPO QSC «Bank Standart» KB-yə ödənilməsi, iddia tələbinin digər hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 13,8 manat hissəsinin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 (yüz) manat məbləğində pulun 54 manat hissəsinin Cavabdeh, 46 manat hissəsinin LPO QSC «Bank Standart» KB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq,təmin olunmamasını qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin (bundan sonra, MPM) 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş,cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissələrində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən - iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə 36 ay müddətinə, illik faiz dərəcəsi 25%-dək olmaq şərtilə, 3000 manat məbləğində kreditin verilməsi barədə 1xx/xx/49059/13 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçının xx.xx.2019-cu il tarixdə verdiyi arayışa görə cavabdehin əsas borc üzrə 2996.65 manat, faiz borcu üzrə 424,94 manat, cərimə borcu üzrə 2144,85 manat, gecikdirilimiş günlər üçün 5% olmaqla 448,56 manat, cəmi 6015 manat kredit borcu vardır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit və bank hesabı müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit vəsaitini və faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Lakin, məhkəmə hesab etmişdir ki, cavabdehdən əsas borcun tutulmasına dair iddia qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə (Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3290 nömrəli ekspert rəyi) əsasən xx.xx.2013-cü il tarixli, 1xx/xx/49059/13 saylı kredit müqaviləsi üzrə cavabdehin əsas borcu xx xxxxxx 2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixə) 2623,70 manat, faiz borcu isə 514,74 manat təşkil etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ekspertiza təyin etməkdə kredit borcunun məbləğini dəqiqləşdirmiş, əsas kredit borcunun iddia tələbində göstərilənlərdən daha az məbləğdə olması müəyyən edilmişdir. İddiaçı isə apellyasiya şikayətində bunun əksini təsdiq edən hər hansı sübutu, eyni zamanda ekspertiza rəyinin əsassızlığı ilə bağlı sübutlarını və mülahizələrini təqdim edə bilməmiş, məhkəmə baxışı zamanı isə rəyin mötəbərliyinə şübhə yaranmamışdır. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalı və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda,işdən görünür ki,birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunmuş yüksək cəriməni azaltmışdır. Belə ki,iddiaçı 2623,70 manat əsas borca münasibətdə, 2144,85 manat cərimə tələb etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanunverici məhkəməyə tənasübsüz surətdə yüksək cərimənin azaldılması imkanının müəyyən etmiş, birinci instansiya məhkəməsi də bu imkandan işin hallarına uyğun istifadə etmiş və yüksək cərimənin məbləğini azaldaraq 200 manat həddində təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cərimənin məbləğinin 200 manat həddində müəyyən edilməsi qanuni və ədalətlidir. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə 448,56 manat məbləğində pul tələb etsə də, həmin hissədə tələbini əsaslandıra və sübut edə bilməmişdir. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-811/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)- 811/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6984/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6984/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver