Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6985/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-239/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin mübahisə edilməyən hallarına görə, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 39 saylı evin 67 saylı mənzili İddiaçı (bundan sonra - iddiaçı) mülkiyyətindədir. Həmin binada yerləşən Cavabdeh (bundan sonra – cavabdeh) məxsus 70 saylı mənzil üst mərtəbədə, iddiaçının mənzilinin üzərində yerləşir. İddiaçı üst qonşusu olan cavabdehin mənzilinin borularının nasaz olması səbəbindən onun mənzilinə su axaraq maddi ziyan vurduğunu, boruları təmir etdirməsi barədə dəfələrlə cavabdehə bildirsə də nəticəsi olmadığını və son iki ildir ki, onun mənzilinə cavabdehin mənzilindən su axdığını iddia edərək, vurulmuş maddi zərərə görə 5000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, əlavə olaraq Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 39 saylı evin 70 saylı mənzilin su borularının cavabdehin öz hesabına təmir edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə 82 saylı Mənzil kommunal istismar sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt təqdim edilmişdir. Aktda qeyd olunmuşdur ki, həqiqətən xx.xx.2019-cu il tarixdə X.Məmmədov küçəsi 39 saylı evin 70-ci mənzilindən 67-ci mənzilə su axıdılaraq mənzilə maddi ziyan vurulmuşdur. Cavabdeh iddianı qəbul etməyərək, mənzilində suyun daşmağından xəbəri olmadığını, iddiaçının qızı bu barədə ona zəng vurub məlumat verən kimi mənzili təmizləmək üçün köməyə getdiyini, əlindən gələn köməkliyi göstərdiyini, buna görə də iddiaya etiraz etdiyini göstərmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki espertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 29067 saylı rəyində göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 39 saylı evin 67 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 82 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 39 saylı evin 67 saylı mənzilinə yuxarı mərtəbədəki 70 saylı mənzildən suyun sızması müəyyən olunur, lakin 70 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 67 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Suyun sızma müddətinin müəyyən edilməsinə dair metodika olmadığından bu sual üzrə təqdiqat aparılmamışdır. Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 39 saylı evin 67 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1888 manat məbləğində müəyyən edilmişdir. Rəydən həmçinin görünür ki, ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və mənzilin 18 kv.mdən ibarət yaşayış otağının, 5,2 kv.m olan dəhlizinin və 7,5 kv.m olan mətbəxinin divarları və tavanında sarımtıl su ləkələrinin olduğu, divarda və tavanda boya qatının qopması, mənzilin 2,2 kv.m olan hamamının və 1,3 kv.m olan ayaqyolunun tavanında boya qatının qopması müşahidə edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını və ekspert rəyini nəzərə alaraq, xx.xx.2020-ci il tarixli 2(011)-239/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi və 1888 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 manat məbləğində pul məbləğinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Hazırda qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi və təkrar tikinti-texniki ekspertizanın təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertiza zamanı tədqiqat yalnız iddiaçının mənzilində aparılmış, ekspertizanın keçirilmə vaxtı barədə ona məlumat verilmədiyindən, həmin müddətdə evdə olmamış və onun mənzilində tədqiqat aparılması mümkün olmamış, buna görə suyux axmasının texniki səbəbləri müəyyən edilməmişdir. MKİS-in mütəxəssisləri də onun mənzilinə daxil olmamış və baxış keçirməmişlər. Rəydə binanın beton panel olması faktı və bu halda suyun yalnız divarlardan sızması nəzərə alınmamış, sanitar qovşağın tavanının asma tavan olması, 67 saylı mənzilin mövcud təmirinin 80-ci illərə aid olduğu və divarlarda divar kağızının olduğu qeyd olunmamışdır. Dəymiş zərər reallığı əks etdirməyən məbləğlə müəyyənləşdirilmişdir. Real zərər bir otağa dəyməsinə baxmayaraq rəydə qeyd olunan smeta 130 kv.m üçün hesablanmışdır. Kollegiya iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verib, şikayətinin təmin olunmasını xahiş etdi. Kollegiya iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən, yalnız cavabdehə aid hissədə yoxlanılması təşkil edir. İddia qismən təmin edilmiş olsa da, qətnaməni iddiaçı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının mənzilinə cavabdehə məxsus olan 70 saylı mənzildən su axması baş vermişdir.Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdıldığı müvafiq akt, ekspertiza rəyi, eləcə də cavabdehin öz izahatı ilə təsdiqini tapır. Cavabdeh ekspert rəyi ilə, həmçinin müəyyən edilmiş məbləğlə razılaşmasa da, bunun əksini təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. Ekspert rəyi ilə iddiaçının evinə suyun cavabdehin mənzilindən axdığı müəyyən edilmiş, lakin cavabdehin mənzilinə baxış keçirilməsi mümkün olmadığından, su axıntısının texniki səbəblərini müəyyən etmək də mümkün olmamışdır. Lakin, nəzərə almaq lazımdır ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olması müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin o, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Eləcə də nəzərə alınmalıdır ki, cavabdeh özü də aşkar şəkildə etiraf edir ki, iddiaçının mənzilinə su onun mənzilindən axmışdır. Görülməli təmir bərpa işlərinin dəyəri isə ekspert rəyi ilə mövcud bazar qiymətlərinə uyğun olaraq 1888 manat məbləğində olduğu müəyyən edilmişdir. Cavabdeh təkrar ekspertizanın keçirilməsini xahiş etsə də, Kollegiya qeyd edir ki, ekspert rəydə göstərilən məbləğin yaranması zərurətini detallı şəkildə açıqlamış, öz rəyini kifayət qədər əsaslandırmışdır. Apellyasiya baxışı zamanı ekspert rəyini, dəymiş zərərlə bağlı ekspert rəyində göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1888 manat məbləğində maddi zərər tutulması nəticəsinə gələrək, həmin hissədə iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-239/2020 saylı iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6985/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6985/2020
14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver