Məhkəmə qərarları › İş №2(103)-6985/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6985/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6985/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1690/2022 saylı 05 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsin tərəfindən 02 avqust 2017-ciil tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən RX№1097551 nömrəli çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması üçün illik 4 % ödəmək şərti ilə 220 ay müddətinə qaytarmaq şərti ilə 77000 məbləğində kredit verilmişdir.

2. İpoteka saxlayan İddiaçı ASC, satıcı Şərifov İsmayıl Səttar oğlu və alıcı (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış 17 avqust 2017-ci il tarixli, İP189 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satış qiyməti 110 000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin dəyərinin 33 000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 77 000 manat məbləğində olan hissəsi isə kreditor- ipoteka saxlayan tərəfindən 16 avqust 2017-ci il tarixli İP189 saylı Kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Alıcı-ipoteka qoyan daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-ipoteka saxlayan arasında bağlanmış Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminat kimi Kreditor-İpoteka saxlayana ipotekaya vermişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə dair İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklülük xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır.

4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə həmin tarixə 74343,26 manat əsas borc, 5643,93 manat faiz borcu, 241,15 manat cərimə borcu olmaqla, cəmi 80228,34 manat borcu yaranmışdır.

5. İş materiallarında olan "Yeni Dövr" Qiymətləndirmə Mərkəzinin 17 may 2022ci il tarixli 004-042/2022 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin bazar dəyəri 161600 manat, likvid dəyəri 148000 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə 74343,26 manat əsas borc, 4772,09 manat faiz borcu, 108,20 manat cərimə borcu olmaqla, cəmi 79223,55 manat məbləğində borcun, iş üzrə ödənilmiş 326 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 40 manat pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 110,000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq “PAŞA Bank" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırımışdır ki, “Paşa Bank’’ ASC ilə Cavabdeh arasında “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi və kredit razılaşması imzalanmış, Bank tərəfindən borcalana illik faiz dərəcəsi 4% olmaqla 220 ay müddətinə 77000 manat məbləğində ipoteka krediti verilmişdir. Bununla yanaşı, qeyd edilən müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə borcalan arasında 17 avqust 2017-ci il tarixli İP189 nömrəli alqı-satqı və ipoteka müqaviləsi imzalanmış, ünvan 3 ünvanında yerləşən 90 saylı mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İP189 saylı alqı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda RX№1129241 nömrəli dövlət reyestrindən çıxarış və PŞB-İP seriyalı, 00210 nömrəli ipoteka kağızı verilmişdir. Lakin kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə asas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə, borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu bıı müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalanadan tələb edə bilər. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminlərə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyanlara ‘İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanlarının Banka məlum olan qeydiyyat ünvanlarına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 10 manat, dövlət rüsumu və 30 manat xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 326 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə Cavabdeh 08 oktyabr 2021- ci il tarixə İddiaçı ASC qarşısında İP189 saylı kredit müqaviləsi əsasən 74343.26 manat əsas borc, 4772.09 manat faiz borcu, 108.20 manat cərimə borcu olmaqla, cəmi 79223,55 manat təşkil edir.

8. Bundan sonra, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə 74343,26 manat əsas borc, 5643,93 manat faiz borcu, 241,15 manat cərimə borcu olmaqla, cəmi 80228,34 manat məbləğində borcun, iş üzrə ödənilmiş 331 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 40 manat pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 148000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq “PAŞA Bank" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1690/2022 saylı 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın təmin edilməsi, Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə 74343,26 (yetmiş dörd min üç yüz qırx üç manat iyirmi altı qəpik) manat əsas borc, 5643,93 (beş min altı yüz qırx üç manat doxsan üç qəpik) manat faiz borcu, 241,15 (iki yüz qırx bir manat on beş qəpik) manat cərimə olmaqla, cəmi 80228,34 (səksən min iki yüz iyirmi səkkiz manat otuz dörd qəpik) manat borcun və iş üzrə ödənilmiş 331 (üç yüz otuz bir) manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutma ipoteka predmeti olan və Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin (likvid) 148000 (bir yüz qırx səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 80599,34 (80228,34+331+40=80599,34) manat pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, artıq qalan vəsaitin mülkiyyətçi Cavabdeh qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və yeni alıcıya təhvil verilməsi, mənzilin hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.7, 317.1, 319.1, 319.4, 319.6, 385.1, 427.3, 442, 445.2, 448.1, 448.2, 462.1, 465.2, 467, 739.1, 739.2 və 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 47.4, 59.3.1-ci maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7 və 8-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə işə ətraflı baxmamışdır. Belə ki, cavabehlə İddiaçı ASC arasında bağlanmış müqaviləyə uyğun olaraq cavabdeh ödənişləri qrafikə uyğun ödəmişdir. Ancaq COVİD-19 vurusunun yayılması səbəbi ilə yaranmış iqtisadi vəziyyət cavabdeh tərəfindən ödənişlərin edilməsinin imkansız etmişdir. Bununla bağlı cavabdeh məhkəmədə çıxış etmiş və fikrini bildirmişdir. Məhkəmə bunu nəzərə almamışdr. Hətta cavabdeh bir neçə dəfə bankla bununla bağlı müzakirə etmiş və yeni qrafiklə ödənişlərin edilə biləcəyini bildirmişdir. Ancaq iddiaçı bununla razılaşmamışdır. Cavabdeh hazırda yeni qarafiklə ödənişlər etməyə hazırdır. Covid-19 virusunun yayılması və bunun nəticəsində yaranmış iqtisadi vəziyyət fövqəladə hal kimi qiymətləndirilməli və cavabdehin yeni qrafiklə ödənişləri etməyi təmin edilməlidir. Çünki, ödənişlərin edilməməsi cavabdeh səhvi ucbatımdan deyil onun iradə xaricində baş vermiş virusun yayılması ilə bağlı situasiyadan asılı olmuşdur. Eyni zamanda məhkəmə dövrü "Yeni Dövr" Qiymətləndirmə Mərkəzinin 17 may 2022-ci il tarixli 004- 042/2022 nömrəli qiymətləndirmə hesabatının Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylımənzilin bazar dəyəri 161600 manat, likvid dəyəri 148000 manat məbləğində dəyərləndirilməsinə etiraz edilir. Bu barədə yenidən əmlakın qiymətləndirilməsi barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə nəzərə almamışdır. Bundan əlavə məhkəmə ən azından Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin bazar dəyəri olan 161600 min manatı əsas götürməklə qətnaməmədə mənzilin dəyərini 161600 min manat qeyd etməli idi. Cavabdeh iddiaçı ilə müqavilə bağlanan zaman üzərinə düşən öhdəliyi yerinə yetirə biləcəyini düşünmuşdür. Çünki onun rəsmi işi var idi və bununla bağlı aylıq ödənişləri edə bilirdi. Bundan sonra COVİD-19 virusunun yayılması v ə Ümümdünya Səhiyyə təşkilatı tərəfindən pandemiya kimi tanınması nəticəsində dövlətlərin sərhədləri bağlaması (Azərbaycanda bu tədbirlər hələ də davam edir) cavabdehin fəaliyyət sahənə çox zərər vurdu. Bu baxımdan onun əldə edəcəyi qazancla bağlı gözləntisi özünü doğrultmamışdır. Pandemiyanın olduğunu əvvəlcədən görmüş olsaydı o zaman bu şərtlərlə müqavilə bağlamazdı. Bu baxımdan onun müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciəti tam əsaslıdır. Ancaq iddiaçı bunu qəbul etmək istəmir və hətta dövlətin bu istiqamətdəki siyasətini göz ardı edir. COVİD-19 virusunun yayılması nəticəsində bütün dünyada pandemiyanın elan edilməsi və bu səbəbdən iş yerini itirməyi şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd etdilənləri nəzərə alıb iddianı rədd etməli idi. Məhkəmə cavabdehlə bank arasında yaranmış kredit münasibətlərini düzgün qiymətləndirməmişdir. Belə ki, işdə olan ödəniş qəbzlərində görünür ki, cavabdehin ödəniş etməməyinin səbəbi pandemiyadır. Bu baxımdan Məhkəmə tərəfindən bu mütləq nəzərə alınmalı və ədalətli qərar qəbul edilməli idi. Bundan əlavə məhkəmə zamanı cavabdeh fikir bildirsə də məhkəmə faiz məbləği ilə bağlı şifahi vəsatətini təmin etməmişdir. Bu baxımdan qətnamədə müəyyən edilmiş faiz məbləği həqiqəti əks etdirmir və məbləğ çox hesablanıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 269.1-ci və 269.7 girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

17. Maddə 269.4 ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

18. Maddə 317.1. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

19. Maddə 319.1 əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

20. Maddə 319.4 açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər.

21. Maddə 319.6 bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

22. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

24. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 445.2 öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

26. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 448.2 borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

28. Maddə 462.1 dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Maddə 465.2 əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.

30. Maddə 467 məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

31. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

33. Maddə 741 əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun

34. Maddə 33 borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər;

35. Maddə 34.1 ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir;

36. Maddə 36.1 ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər;

37. Maddə 36.3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir;

38. Maddə 39.3-cü və 39.3.3 məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

39. Maddə 47.4 bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır;

40. Maddə 59.3.1 yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun

41. Maddə 3 qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir;

42. Maddə 7 qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər;

43. Maddə 8 qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

51. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edildiyini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1690/2022 saylı 05 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Belə ki, iş materallarında olan sənədlərlə müəyyən edililir ki, 16 avqust 2017ci il tarixli, İP189 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 220 ay müddətinə illik 4 % ilə 77000 (beş min) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur.

54. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə həmin tarixə 74343,26 manat əsas borc, 5643,93 manat faiz borcu, 241,15 manat cərimə borcu olmaqla, cəmi 80228,34 manat borcu yaranmışdır.

55. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, 74343,26 manat əsas borc, 5643,93 manat faiz borcu, 241,15 manat cərimə borcu olmaqla, cəmi 80228,34 manat borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

56. İş materialları ilə eyni zamanda müəyyən edilir ki, İpoteka saxlayan İddiaçı ASC, satıcı Şərifov İsmayıl Səttar oğlu və alıcı (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış 17 avqust 2017-ci il tarixli, İP189 nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən alıcı (ipoteka qoyan) Cavabdeh satış qiyməti 110 000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin 33 000 manat məbləğində olan hissəsini ödəməklə, 77 000 manat məbləğində olan hissəsini isə kreditor-ipoteka saxlayan tərəfindən 16 avqust 2017-ci il tarixli İP189 saylı Kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməklə əldə etmişdir. Alıcı-ipoteka qoyan daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminat kimi kreditor-kpoteka saxlayana ipotekaya vermişdir. 17 avqust 2017-ci il tarixli, İP189 nömrəli ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

57. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər ipoteka saxlayanın (İddiaçı ASC) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır.

58. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) İddiaçı ASC hazırda ipoteka predmetlərinin satılmasını tələb etməkdə də haqlı olmuşdur.

59. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana-Cavabdeh qaytarılmalıdır.

60. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə əsaslı olaraq ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin ilkin satış qiyməti (likvid) 148000 manat məbləğində müəyyən etmişdir. Belə ki, iş materiallarında olan "Yeni Dövr" Qiymətləndirmə Mərkəzinin 17 may 2022-ci il tarixli 004-042/2022 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, ünvan 4 ünvanında yerləşən 90 saylı mənzilin bazar dəyəri 161600 manat, likvid dəyəri 148000 manat təşkil edir.

61. Cavabdeh apellyasiya şikayətində "Yeni Dövr" Qiymətləndirmə Mərkəzinin 17 may 2022-ci il tarixli 004-042/2022 nömrəli qiymətləndirmə rəyi ilə razı olmadığını qeyd etsə də, rəyi təkzib edəcək hər hansı sübut təqdim etməmişdir. Ona görə də, kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq qeyd edilən qiymətləndirmə rəyi əsas sübut kimi qiymətləndirmişdir.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində öhdəliyin pozulmasında, ödənişin gecikdirilməsində təqsirli olmadığını, buna səbəb məhz meydana gələn qarşısıalınmaz qüvvə (pandemiya) olduğunu qeyd edir. Kollegiya hesab edir ki, qeyd edilən hal cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icrasından azad edə bilməz. Belə ki, işin mübahisələndirilməyən haldır ki, müqavilədə göstərilən məbləğdə pul iddiaçı tərəfindən cavabdehə verilmiş və cavabdeh həmin məbləği qəbul etmişdir. Cavabdehin istinad etdiyi hal, yəni pandemiyanın baş verməsi təkcə cavabdehin deyil, müqavilə üzrə digər tərəfi də gəlir əldə etməkdən məhrum etmişdir. Hazırki halda isə cavabdehin qeyd etdiyi halı əsas götürməklə onu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad edilməsi iddiaçının hüquqlarını və tərəflərin hüquq bərəbərliyinin pozulması ilə nəticələnmiş olardı. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1690/2022 saylı 05 iyul 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar