Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6986/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(004)- 88/2022 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 05 may 2017-ci il tarixində sifarişçi "xxxx" ASC ilə podratçı Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən, sifarişçi ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli 264S saylı sərəncamına əsasən “Bakı şəhərində yağış sularının yığılması təhlükəsi olan şəhər avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi” layihəsi çərçivəsində Sabunçu rayonu ərazisində kollektorun tikintisi və “Ramana qəsəbəsinin subasma ərazilərində tədbirlər görülməsi” işlərinin satın alınması üçün icraçı MMC-nin 2394963,09 manat məbləğində təklifini qəbul etmişdir.
2. Bakı şəhəri Sabunçu rayonu Əfəndiyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin qarşısında Cavabdeh MMC tərəfindən qazıntı işləri aparılmışdır.
3. İddiaçı məxsus həmin fərdi yaşayış evinin divarlarında deformasiya və çatlar əmələ gəlmişdir.
a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş maddi zərərin əvəzi kimi 5000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, podratçı təşkilat olan Cavabdeh MMC-nin apardığı tikinti işləri nəticəsində ona məxsus fərdi yaşayış evinin divarlarında deformasiya və çatlar əmələ gəlmiş, nəticədə ona maddi zərər dəymişdir.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisləri tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında rəydən görünür ki, vizual texniki baxış zamanı sonradan inşa olunmuş qalınlığı 20 sm olan divarların əsas divardan aralandığı müşahidə olunmuşdur. Yaşayış evində yaranmış deformasiyalara səbəb onun tikinti norma və qaydalarına əməl olunmadan tikildiyi, bünövrə eninin və dərinliyinin az olması, örtük səviyyəsində monolit dəmir beton kəmərinin olmaması müəyyən edildi. Deformasiya və çatların yaranmasının "xxxx" ASC-nin sifarişi ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi vağzal ətrafında yağış sularının kənarlaşdırılması layihəsi çərçivəsində Cavabdeh MMC tərəfindən Əfəndiyev küçəsində yığma dəmir-beton borularla yağış kollektorunun çəkilməsi ilə əlaqədar qazıntı işlərinin yerinə yetirilməsi ilə əlaqəsi yoxdur. İş materiallarında olan ünvan 2 ünvanında yerləşən, 1 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında 18 iyul 2018-ci il tarixli aktdan görünür ki, binanın sonradan inşa edilən, eni 200 mm olan divarları ilə eni 600 mm olan divarlarının birləşmə yerlərində 2-4 mm enində şaquli keçici çatlar müşahidə olundu. Bu çatların yaranmasına, binanın sonradan artırılmış sahəsinin inşaat normalarına əməl edilmədən tikilməsinin səbəb olduğu hesab edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti texniki ekspertizasının 02 oktyabr 2020-ci il tarixli 565 saylı rəyindən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin qarşısında cavabdeh ASC tərəfindən tikinti işlərinin aparıldığını, həmin tikinti işləri aparılan zaman iri yük maşınlarının hərəkətini, qazıntı işlərinin aparılmasını, torpağın kipləşdirilməsini nəzərə alaraq, iddiaçıya məxsus evdə əmələ gəlmiş çatların ASC tərəfindən fərdi yaşayış evi qarşısında aparılan qazıntı işlərinin nəticəsində yarana bilməsi və Bakı şəhəri Sabunçu rayonu Əfəndiyev küçəsində yerləşən həmin fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırkı bazar qiymətinin 2595 manat məbləğində olduğu müəyyən edilir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti texniki ekspertizasının 18 mart 2022-ci il tarixli 10/7207 saylı rəyinə əsasən, Bakı şəhəri Sabunçu rayonu Əfəndiyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin 3,6x4,8 m ölçüdə 2,8 m hündürlükdə olan otağın divarlarında, künc hissəsində çatların olduğu müəyyən olunmuşdur. Həmin yaşayış sahəsində olan çatları və tikilinin qarşısında aparılan tikinti işlərini (iri yük maşınlarının hərəkəti, qazıntı işlərinin aparılması, torpağın kipləşdirilməsi) nəzərə alaraq, tədqiq olunan ünvanda yerləşən yaşayış evinin qarşısında aparılmış tikinti işləri nəticəsində tikilidə çatlar yarana bilər. Lakin aparılmış tikinti işlərinin "xxxx" MMC tərəfindən aparılmasının müəyyən edilməsi tkinti ekspertinin səlahiyyətinə aid deyildir. Qeyd olunan fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3460 manat məbləğində müəyyən olunur.
9. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh təşkilatın nümayəndəsi isə iddiaçıya məxsus olan evdə deformasiya və çatların Cavabdeh MMC-nin apardığı tikinti işləri ilə hər hansı əlaqəsinin olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı izahatında bildirmişdir ki, ilkin ekspert rəyi ilə müəyyən olunmuş məbləğ az olsa da, onun əmlakına dəymiş ziyanın bir hissəsinin bərpası üçün yetərli olduğuna görə 2595 manat məbləğində maddi ziyanın tutulmasına etiraz etmir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-88/2022 saylı mülki iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, dəymiş maddi zərərin əvəzi kimi Cavabdeh MMC-dən 2595 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. (hakim Fərid Əyyubov)
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iş materiallarına əsasən podratçı şirkət "xxxx" MMC olduğundan, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(103)-2240/2021 saylı qətnaməsi ilə ziyanın məbləği müəyyən edildiyindən, iddiaçı izahatında 2595 manat pulun tutulmasına razılıq verdiyindən, sonuncu ekspert rəyində 3460 manat ziyan göstərilməsinə baxmayaraq, 2595 manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspertizası yaşayış evinin bir əsrdən cox istismar olunması, mənzildəki materialların istismar müddətinin keçməsi, mənzilin özbaşına olaraq, tikinti norma və qaydaları pozulmaqla tikilməsi ilə əlaqədar mənzildəki deformasiyaların bu səbəblərdən yaranması məsələsinə toxunmamış, müvafiq rəyini verrməmisdir. Bu hal əslində mübahisənin obyektiv həlli üçün əsaslı əhəmiyyət kəsb edirdi. Məhkəmə qarşısında həmin məsələnin aydınlaşdırılması məsələsi qoyulsa da, onun ekspertiza qaydasında cavablandırılması təmin olunmamışdır. Məhkəmə iddiaçının yetərli olmayan sübutları əsasında işə baxmış, maddi və prosessual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
17. İddiaçı isə izahatında apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialardan azad olsun. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq iddianın rədd olunması xahiş olunmuşdur. Buna görə də qətnamə bötüvlükdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır.
21. İş materiallarından görünür ki, podratçı təşkilat olan "xxxx" MMC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında qazıntı işlərinin aparılması nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Sonuncu ekspert rəyinə əsasən iddiaçıya 3460 manat məbləğində zərər dəyməsi müəyyən olunsa da, iddiaçı bundan əvvəl keçirilmiş ekspert rəyinə əsasən müəyyən olunmuş 2595 manat məbləğində zərər məbləği ilə razılaşmışdır. Bundan əvvəl İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı eyni iddia tələbi ilə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(103)-2240/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya qanunazidd hərəkətlər nəticəsində 2595 manat maddi ziyan dəymişdir, lakin iş üzrə cavabdehliyi “Azərsu ASC” deyil, podratçı şirkət daşıyır. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında rəy daha mötəbər sübut olan ekspert rəyləri ilə təkzib olunduğundan, sübut kimi qəbul olunmamalıdır.
22. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
23. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (2595 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
24. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-88/2022 saylı mülki iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.