Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6986/2023 17.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddianın yolverilməzliyi, hüquqi müəyyənlik) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “maddi və mənəvi zərərin əvəzinin, dövlət rüsumlarının ödənilməsi, xidmət haqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanması” tələblərinə dair iddia ərizəsi iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halı
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-47/2023 saylı iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh MTK MTK-ya qarşı “Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanı üçün artıq ödənilmiş 3128 manatın, banka ödənilmiş kreditin faiz məbləği olan 2922,48 manatın, sayğacların quraşdırılması üçün ödənilmiş 700 manatın, rəsmiləşdirmə pulu üçün 400 manatın, yəni ümumilikdə 7150,48 manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 101,50 manat dövlət rüsumunun MTK-dan tutulub ona ödənilməsi və göstərilmiş kommunal xidmətə görə “Çoxmənzilli binanın idarə edilməsi haqqında” 22 noyabr 2019-cu il tarixli ********* saylı müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması” barədə tələbi təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları
2. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilə görə, düzgün olmayan məlumatlar əsasında mənimsənilmiş 9568 manatın, banka ödənilmiş kreditin faiz məbləği olan 8939 manatın, sayğacların quraşdırılması üçün ödənilmiş 700 manatın, sənədləşmə pulu üçün 400 manatın, yəni ümumilikdə 19 607 manatın və 1000 manat məbləğində mənəvi zərərin, eləcə də məhkəməyə müraciət etmək üçün bundan əvvəlki məhkəmə baxışlarına görə 170 manatın, hazırkı məhkəmə baxışına görə isə ödənilmiş 440 manatın, yəni cəmi 610 manat dövlət rüsumunun Cavabdeh MənzilTikinti Kooperativindən tutulub ona ödənilməsi; göstərilmiş kommunal xidmətə görə “Çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* nömrəli müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18 ünvanında yerləşən 1 nömrəli mənzilə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməsi qərara alınmışdır.
4. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı eyni mənzillə bağlı məhkəməyə müraciət edərək, mənzilin müqavilə üzrə göstərilən sahəsi ilə faktiki sahəsi arasında arasındakı fərq üzrə artıq ödənilmiş pul məbləğinin ödənilməsini tələb etmiş, məhkəmə tərəfindən mülki işə baxılarkən ekspertiza təyin olunmuş, mənzilin sahə fərqinin səbəbi müəyyən edilmiş, məhkəmə tərəfindən bu hala qiymət verilmişdir. Həmçinin, mənzilə sayğacların quraşdırılması və sənədləşmə üçün ödənilmiş pulun və mənzilə görə xidmət haqqının yaşayış sahəsinə nisbətdə hesablanması tələbinə də məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir.
5. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad etmişdir.
6. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “e-2(004)-47/2023 saylı mülki iş Yasamal Rayon Məhkəməsinə Bakı Kommersiya Məhkəməsi tərəfindən göndərilmişdir. Həmin vaxt məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsi də hazırkı DƏDKR-i publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərərfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 5 üçün verilmiş, qeydiyyat nömrəsi ********** (reyestr nömrəsi **********54-05301-093059) olan Çıxarışda göstərilən ölçülərə uyğun gəlmir. e-2(004)-5249/2023 saylı mülki iş üzrə cavabdeh "ASP” Mənzil- Tikinti Kooperativi "Payçı Müqaviləsi"nin şərtlərinə əsasən Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında tikilməkdə olan ASP binasında, 10-cu blok, 18-ci mərtəbə, 1 №li, 1 otaqlı mənzillə bağlı göstərilən müddətdə bütün şərtləri icra edib - binanı tikib, mənzili tam təmir edib "Payçıya” təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən ünvandakı mənzilin sahəsi 53.5 m , ümumi dəyəri 98440 manat (hər kv.metr üçün 1840 manat) qeyd edilmişdir. İlkin ödəniş kimi tərəfimdən 14800 manat "ASP” MTKya ödənilmişdir. MTK-nın "ASAN Kommunal” Xidmətə təqdim etmək üçün verdiyi xx.xx.2019-cu il tarixli 143 №li Arayışında Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəllə, əvvəl 92A ünvan kimi göstərilən mənzilin hal-hazırda 204A ünvanı ilə əvəz olunduğu qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh "ASP” Mənzil-Tikinti Kooperativi öz öhdəliyini yerinə yetirməmiş, dövlət tərəfindən təminat verilən qeydiyyata alınmış hüquqlarım 48.3 m sahəni təşkil edir. Müəyyən olunur ki, cavabdeh "ASP” Mənzil- Tikinti Kooperativi qeyri qanuni olaraq qonşu mənzilin ərazisini də mənə satmışdır. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyildirsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi məhkəməyə mülki-hüquqi iddia ilə müraciət etməlidir. Mülki Prosessual Məcəllənin 153.2.2-ci və 153.2.4-cü maddələrinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5249/2023 saylı mülki iş üzrə təyin edilmiş hakimi səhv olaraq hesab etmişdir ki,eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğunu əsas kimi göstərərək İddiaçı iddia ərizəsinin qəbulundan yolverilməzliyə görə imtina etmişdir. Yasamal Rayon Məhkəməsinin icraatında olmuş e- 2(004)-47/2023 saylı mülki işdə mübahisənin predmeti, əsasları və təqdim olunan sənədlər tamamilə başqa halların araşdırılması ilə bağlı olmuşdur. Belə ki, Yasamal Rayon Məhkəməsinin icraatında olmuş e-2(004)-47/2023 saylı mülki iş üzrə qeydiyyat nömrəsi ********** (reyestr nömrəsi **********54-05301-093059) olan, ümumi sahəsi 51.8 m göstərilən mənzillə bağlı araşdırma aparılmışdır. Yasamal Rayon Məhkəməsi yalnış koordinatlarla dövlət qeydiyyatına alınmış məlumatlar əsasında e-2(004)-47/2023 saylı qətnamə qəbul etmişdir. Məhkəmə baxışından sonra onun və Azərbaycan Beynəlxalq Bankı ASC-nin müraciəti əsasında DƏDKR-i publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məsul mühəndisləri tərərfindən mənzilin sahəsinə görə qanunverciliyin tələblərinə uyğun ölçü aparılmış və məlumatların səhv olduğu üzə çıxmışdır. Dövlət reyestrində olan qeyri-dəqiq məlumatlar aradan qaldırılmış, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 48.3 m olan daşınmaz əmlak yenidən dövlət reyestrində qeydiyyata alınaraq (qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********54-05301- 093059) Çıxarış verilmişdir. Göründüyü kimi dövlət yalnız yeni çıxarışda göstərilən ölçülərdə qeydiyyata alınmış mülkiyyət hüququna təminat vermişdir. Hazırkı mübahisə DƏDKR-i publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********54-05301-093059, ümumi sahəsi 48.3 m olan mənzillə bağlıdır. e-2(004)-5249/2023 saylı mülki iş üzrə təyin edilmiş hakimin başqa bir mülki işlə oxşarlıq axtarması və heç bir hüquqi əsası olmayan hallarla ərizənin qəbul edilməsinin yolverilməz hesab etməsi təəccüb doğurur. Hakimin dövlət orqanının yeni təqdim etdiyi sənədləri və əmlak sahibinin Əsas qanunla təminat verilən subyektiv hüquqlarını nəzərə almaması, təkcə özünün qulluq mövqeyinə görə irəli sürdüyü formal dəlillərlə qərardadını əsaslandırması yolverilməzdir”.
7. Məhkəmənin 20 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə şikayətin, Yasamal Rayon Məhkəməsinin icraatında olmuş e- 2(004)-47/2023 saylı mülki iş üzrə qeydiyyat nömrəsi ********** (reyestr nömrəsi **********54-05301-093059) olan, ümumi sahəsi 51.8 m göstərilən mənzillə bağlı araşdırma aparılması, hazırkı mübahisənin isə DƏDRX publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********54-05301-093059, ümumi sahəsi 48.3 kv.m olan mənzillə bağlı olması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəliş aparılaraq yeni çıxarış əldə edilsə də, hər iki çıxarış və mübahisə eyni mənzillə bağlıdır. Həmçinin hər iki iddia tələbinin əsasını mənzilin müqavilə üzrə göstərilən sahəsi ilə faktiki sahəsi arasında arasındakı fərqin olması təşkil edir.
9. Şikayətin, “məhkəmə tərəfindən ekspert rəyinin dövlət qeydiyyatına dair çıxarışdan daha mötəbər sənəd hesab edilməsi” dəlilinə münasibətdə məhkəmə vurğulamışdır ki, müvafiq nəticəyə gəlinərkən ekpert rəyinin olması deyil, iddiaçının eyni cavabdehə qarşı eyni mənzillə bağlı eyni əsas üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması əsas götürülmüşdür.
Apellyasiya baxışı
10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:
12. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
13. Hazırkı şikayətdə qərardad tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
14. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin tətbiqi ilə bağlıdır.
15. Qeyd edilməlidir ki, iddia ərizəsinin yolverilməz hesab edilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddianın MPM-nin göstərilən maddəsi əsasında geri qaytarılması (yolverilməz hesab olunması) zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olubolmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia ərizəsi icraata götürülməlidir.
16. MPM-nin 153.2.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, İddiaçı hazırkı iddia tələbi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-47/2023 saylı iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.
17. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
18. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
19. İşdən görünür ki, İddiaçı hazırkı və əvvəlki iddia tələbləri üzrə tərəflər eyni olsa da, hazırda irəli sürülmüş iddianın predmeti və əsasları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işin predmeti və əsasları tam eynilik təşkil etmir.
20. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.02..2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə İddiaçı mənəvi ziyanın ödənilməsi tələbini irəli sürməmiş və onun müvafiq tələbi üzrə qətnamə çıxarılmamışdır (predmet fərqliliyi).
21. Həmçinin qeyd olunmalıdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda mənzilin sahəsinin 51,8 m2 göstərildiyini bildirməklə müvafiq iddia tələbini irəli sürmüş, məhkəmə isə ekspert rəyinə istinadla mənzilin sahəsinin tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş 53,5 m2 sahəyə uyğun gəldiyini vurğulamaqla iddianın əsassız olduğu nəticəsinə gəlmişdir; hazırda irəli sürülən iddia tələbinin əsaslandırıldığı haldan isə aydın olur ki, İddiaçı müraciəti əsasında sonradan reyestr çıxarışında düzəliş olunmuş, mənzilin ümumi sahəsinin 48,30 m2 olduğu müəyyənləşdirilmişdir (əsasın fərqliliyi).
22. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, İddiaçı iddia tələblərinin bütövlükdə yolverilməz hesab olunması barədə səhv nəticəyə gəlmişdir.
23. Başqa sözlə, İddiaçı hazırda irəli sürdüyü iddia tələblərinin bəzi hissələrinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işə görə yolverilməz hesab edilməsi mümkün olsa belə, yuxarıda göstərilən tələblərin yolverilməzlik əsası ilə geri qaytarılması prosessual qanunvericiliyin mənasına uyğun deyildir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5249/2023 saylı iş üzrə 13 oktyabr 2023-cü il tarixli qərardadı ləğv olunsun və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin təkrar müzakirəsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə