Məhkəmə qərarları › İş №2(103)-6987/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6987/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6987/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(011)-1121/2021 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.08.2018-ci il tarixində bağlanılmış kredit müqaviləsini ləğv edərək və 10000 manat borc pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 10030 manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə uzun müddət tanışlıq münasibətləri mövcuddur. Cavabdeh öz problemindən ötrü ondan 10000 manat borc pul istəmiş və bildirmişdir ki, üç aydan sonra qaytaracaqdır, cavabdehin bu sözlərinə inanaraq, onunla Bakı şəhəri, Nizami rayonu 52 saylı Notariat Kontoruna borc müqaviləsini imzalamışdır. Kredit müqaviləsinə əsasən cavabdeh 10000 manat borcu pulu 30.11.2018ci il tarixdə qaytarmağa dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcu qaytarmamışdır, borcun ödənilməsi ilə bağlı müraciət etsə, sonuncu borcu qaytarmaqdan yayınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(011)-1121/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10.08.2018-ci il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10.08.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 10000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 10030 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfdən apelyasiya şikayəti verilərək, onun ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müqavilə bağlandıqdan sonra həm ölkə ərazisində kəskin şəkildə dəyişən iqtisadi, ictimai-siyasi vəziyyət, xüsusi karantin rejimi, onun gəlirində olan dəyişiklik nəzərə alınmamış, onun məhkəmə iclasında iştirakı təmin edilmədən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İş baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, 10.08.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 10000 manat məbləğində pulu Cavabdeh vermiş, borc alan isə həmin məbləği 30.11.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında borc münasibətləri mövcud olduğundan iddiaçının tələbi aşağıdakılara əsasən keçərlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. İddiaçı tərəf öz tələbini əsaslandırmaq üçün yazılı sübut olan müqaviləni təqdim etmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yazılı sübutdur və imzalanmış yazılı sübutun düzgünlüyü və tamlığı prezumpsiyası vardır. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, ölkə ərazisində kəskin şəkildə dəyişən iqtisadi, ictimai-siyasi vəziyyət, xüsusi karantin rejimi, onun gəlirində olan dəyişiklik nəzərə alınmamış, onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdehin qeyd etdiyi bu hallar formal mülahizələrdir, müqaviləyə əsasən 30.11.2018-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüş olsa da, hər hansı ödəniş etməmişdir, göstərilənlər isə borcunu ödəməkdən azad etmir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı isə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh məhkəməyə teleqram ünvanlayaraq 15.02.2021ci il tarixli məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş (i.v.23), məhkəmə iclası 15.03.2021-ci il tarixə təxirə salınmış, daha sonra cavabdeh həmin məhkəmə iclasında da iştirak etmədiyindən məhkəmə iclası 29.03.2021-ci il tarixə təxirə salınmış, cavabdeh yenə teleqram ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilməyəciyini və iddiaçı ilə barışıq əldə olunmasına vaxt verilməsini xahiş etmişdir (i.v.38), lakin üzrlü səbəb olduğunu göstərən hər hansı sənəd də əlavə etməmişdir, məhkəmə də haqlı olaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1121/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar