Məhkəmə qərarları › İş №2(103)-6988/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6988/2022

01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6988/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-432/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 49, 83 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh isə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 49, 85 saylı mənzilin mülkiyyətçisidir. Məhkəmə tikinti-texniki ekspertizasının 29 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin 83 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 85 saylı mənzildən su axıdıldığı və nəticədə 83 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 85 saylı mənzildə yerləşən sanitar avadanlıqların və gözlə görünən su, kanalizasiya xətlərinin üzərində hər hansı qüsurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 83 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 83 saylı mənzilə su sızması 85 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 85 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin 83 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri 891 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 49 saylı 3 otaqdan ibarət 83 saylı mənzilə həmin binanın 86 saylı mənzilindən çirkab sularının axıdılması nəticəsində mənzilə dəymiş 2.000 manat zərərin cavabdehdən birdəfəlik alınaraq iddiaçıya ödənilməsi və məhkəmə xərclərinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı binanın 83 saylı mənzili 6-cı mərtəbədə yerləşir. Həmin mənzilin hamam tualetinə eyvanına 7-ci mərtəbədə yerləşən 85 saylı mənzilin hamam tualetindən çirkablı sular axıdılır. Mənzilin mülkiyyətçisi X4r. Hazırda Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı binanın 7-ci mərtəbəsində yerləşən 85 saylı mənzildə kirayənişinlər yaşayır. Onlar mənzilin hamam tualetindən çirkab suyu axıdırlar, eyni zamanda 85 saylı mənzildə yaşayan kirayənişinlər tərəfindən hamamda xalça və yun yuyaraq eyvanda sərirlər, həmin sular süzülərək iddiaçının mənzilinin eyvanına axıdılır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş, cavabdeh əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə tərəfindən sözügedən ünvanda yerləşən binanı yerli müayinə edən zaman binaya xaricdən baxış keçirilərkən mərtəbələrin kəsişməsində yuxarıdan aşağıya su sızması nəticəsində yaranmış izlər aşkarlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-432/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh iddiaçının mənzilinə dəymiş 891 (səkkiz yüz doxsan bir) manat maddi ziyanın və 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, qalan 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın 50 (əlli) manatının İddiaçı, qalan 50 (əlli) manatının isə Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1, 1098.2, 1111.2-ci maddələri, MPM-nin 88, 119.1 və 124.1-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin 83 saylı mənzilinə həmin evin cavabdehə məxsus olan 85 saylı mənzilindən su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası dəymiş ziyanı 891 manat qiymətləndirmişdir. Məhkəmə ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab etmişdir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Məhkəmə 2000 manat maddi ziyanın dəyməsinə qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması cavabdehə məxsus mənzildən olması və həmin su axıdılması nəticəsində iddiaçıya məxsus mənzilə ziyanın vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan, su axıdılmasının nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair tələbi əsaslıdır, məhkəmə mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləği işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir. Odur ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehdən 891 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilinə sızan su onun mənzilindən axmamış, sızıntı binanın ümumi sahəsi hesab olunan kanalizasiya borularının beton arakəsmələrində olan çatlardan baş vermişdir. Həmin kanalizasiya borularının onun mənzili ilə heç bir əlaqəsi yoxdur. Bununla bağlı Xətai rayonu 96 saylı MKİS-nin əməkdaşları tərəfindən akt da tərtib olunmuşdur. Daha sonra onun müraciətinə əsasən Xətai rayon su-kanalizasiya idarəsinin işçiləri tərəfindən ümumi borudakı problem aradan qaldırılmış və su axıntısı dayandırılmışdır. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi-vəkili X5 ayrıayrılıqda izahat verərək apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni təmin edilmiş hissədə yoxlanılır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1098.2 Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1111.2.Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində əks edilmişdir. Həmin normaya görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1-ci maddə), gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2-ci maddə), müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (385.1.3-cü maddə) və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi (385.1.4-cü maddə) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir Belə ki, birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizasının 29 iyun 2022-ci il tarixli rəyinə Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən düzgün qiymət verməmişdir. Həmin normalara əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o zaman yüksək olar ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Belə olan halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2022-ci il tarixli rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul etməkdə səhvə yol vermişdir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallar qeyri-müəyyən xarakter daşıyır. Belə ki, ekspert rəyində Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin 83 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 85 saylı mənzildən su axıdıldığı və nəticədə 83 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmasını göstərsə də, eyni zamanda 85 saylı mənzildə yerləşən sanitar avadanlıqların və gözlə görünən su, kanalizasiya xətlərinin üzərində hər hansı qüsurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 83 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamasını göstərmişdir. Ekspertin rəyində daha sonra su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 83 saylı mənzilə su sızmasının 85 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 85 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsini göstərməsini ehtimal xarakterli olmasına birinci instansiya məhkəməsi diqqət yetirməmişdir və cavabdehin bununla bağlı iddiaya olan etirazının əsası kimi hallara düzgün hüquqi qiymət verməmişdir. Etirazın əsaslarından görünür ki, nasaz boru cavabdeh tərəfindən təmir işləri aparılarkən müəyyən edilmiş və bu boru ümumi binanın borusu olmaqla 7-ci mərtəbə ilə 6-cı mərtəbə arasındakı beton arakəsmə arasında yerləşirdir. İş materiallarında olan whatsap yazışmalarından da görünür ki, cavabdeh çat borunun şəkillərini iddiaçının qohumunun telefonuna göndərərək borunun düzəldilməsi xərcinin ona aid olmasını göstərmiş və ustaların da bu məqsədə mənzilə buraxılmasına köməklik edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan da görünür ki, cavabdehin mənzilinə Xətai rayonu 96 saylı Mənzil Kommunal İstismar Sahəsinin nəzarətzisi Elşad Həsənovun, fəhləsi İsax Həsənovun və sahə müvvəkili Akif Süleymanovun iştirakı ilə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı binanın ümumi kanalizasiya borusunun 6, 7 və 8-ci mərtəbələrində beton arakəskəsmələr arasında çat olduğu aşkar edilmiş, mənzil 85-in sahibi Cavabdehun müraciətindən sonra Xətai rayonu su-kanalizasiya idarəsinin işçiləri tərəfindən ümumi borudakı nasazlıqlar aradan qaldırılmış və su axıdılması dayandırılmışdır. Birinci instansiya məhkəməsinin sözügedən ünvanda yerləşən binaya keçirilmiş yerli müayinə zamanı tərtib etdiyi protokoldan da görünür ik, binaya xaricdən baxış keçirilərkən mərtəbələrin kəsişməsində yuxarıdan aşağıya su sızması nəticəsində yaranmış izlər aşkarlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilinə su sızıntısı baş verməsinin səbəbi isə binanın ümumi kanalizasiya borusunun 6, 7 və 8-ci mərtəbələrin beton arakəsmələr arasında çatlar olması halına birinci instansiya məhkəməsi diqqət yetirməyərək işin bu halına düzgün hüquqi qiymət verməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 21., 1096,1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, yalnız yuxarıda göstrərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalrını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayılır. Kollegiya qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmadığından, ekspert rəyinə işin digər sübutları ilə birgə və düzgün qiymət verilmədiyindən, eləcə də maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən qəbul etdiyi qətnamə qanuni və əsaslı sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilərək iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 432/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki,tərəflərin ödədiyi dövlət rüsumları onların özlərinə aid edilməlidir. İddia tələbi rədd edildiyindən keçirilmiş eskpertiza təqdiqatinin dəyəri olaraq 100 manat məbləğində pul iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-432/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar