Məhkəmə qərarları › İş №2(103)-6990/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6990/2022

28.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6990/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və tibbi əməliyyat xərcinin tutulması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Həsən Sultanzadənin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı ana, cavabdeh isə onun yeganə övladıdır. Ana 1945-ci il təvəllüdlüdür, 77 yaşı var, 2-ci qrup əlildir, əlilliyin səbəbi “ümumi xəstəlik” kimi göstərilib, işləmir, pensiyaçıdır. Övlad 1979-cu il təvəllüdlüdür, 43 yaşı var, gömrük orqanında işləyir, xx.xx.2022-ci il tarixinə onun aylıq əmək haqqı 2.005 manat təşkil edir. Ana üçün övladdan aliment tutulur. Aliment xx.xx.2010-cu il tarixli qətnaməyə əsasən tutulur. Sonradan alimentin miqdarının artırılması barədə bir neçə qətnamə qəbul olunub. Sonuncu dəfə Səbail RM-nin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay üçün 300 manat müəyyən edilib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub: 1) alimentin miqdarı artırılaraq hər ay qazancın və başqa gəlirlərin ¼ hissəsi miqdarına aliment tutulsun; 2) tibbi əməliyyat xərci üçün birdəfəlik qaydada 10.000 manat tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, tibbi əməliyyat xərci üçün 7.100 manat övladdan tutularaq anaya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Hər iki tərəf apellyasiya şikayəti verib. Ananın apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Övladın apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia tam rədd olunsun. Məhkəmə iclasında iştirak edən hər bir tərəf özünün apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Qətnamədə alimentə və tibbi əməliyyat xərcinə dair tələblər həll edildiyinə görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Aliment barədə: Alimentə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yetkinlik yaşına çatmış övladdan valideynin xeyrinə aliment hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər. Bu qayda Ailə Məcəlləsinin 82.3-cü maddəsində müəyyən edilib. Qazancın və digər gəlirlərin ¼ hissəsi kimi aliment valideyndən uşağın saxlanması üçün tutulur. Bu qayda Ailə Məclləsinin 76.1.1-ci maddəsində müəyyən edilib. Ona görə də birinci instansiya məhkəməsi alimentin qazancın və başqa gəlirlərin ¼ hissəsi miqdarında tutulması barədə tələbi düzgün olaraq rədd edib. Tibbi əməliyyat xərci barədə: Tibbi əməliyyat xərcinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıldır. Belə ki, “Avrasiya Hospital” adı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna görə, ana xx.xx.2022-ci il tarixdə həmin tibb müəssisəsində ambulator müayinədə olmuşdur. Xəstəyə “hər iki diz oynağının qonartrozu və kontarkturası” diaqnozu təyin edilmiş və “hər iki diz oynağının total endoprotezləşməsi” cərrahi əməliyyatı tövsiyyə edilmişdir (iş v. 60). Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli rəyinə görə, “Avrasiya Hospital”da ananın adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən ona “hər iki diz oynağının qonartrozu və kontarkturası” düzgün təyin edilmişdir, mütəxəssis müayinəsi zamanı hazırda onda “hər iki diz oynağının qonartrozu və kontarkturası”nın olduğu müəyyən edilmişdir ki, bununla əlaqədar xəstənin hər iki diz oynağının endoprotezləşməsi cərrahiyyə əməliyyatına ehtiyacı vardır (iş v. 107). “Avrasiya Hospital” adı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna görə, mövcud preyskuranta əsasən bir diz oynağı üçün qoyulan implant (Amerika istehsalı) 4.600 manat, bir diz oynağı üçün cərrahi məsrəf 2.500 manat təşkil edir (iş v. 60). Göründüyü kimi, bu xərc bir diz oynağı üçün 7.100 manat (4.600 manat + 2.500 manat), iki diz oynağı üçün 14.200 manat təşkil edir. Birinci instansiya məhkəməsi zəruri olan xərcin yarısının - 7.100 manatın tutulmasını qət edib. Bu, düzgün nəticədir. Belə ki, xərcin qalan hissəsi ananın özü tərəfindən ödənilməlidir. Ananın həmin xərci ödəməyə maddi imkanı var. O, hər ay pensiya və aliment alır, bundan başqa, mülkiyyətində Bakı şəhərinin mərkəzində yerləşən iki mənzil var: Səbail rayonu, Bünyat Sərdarov küçəsi, ev № 17-də yerləşən 21 №-li mənzil (ümumi sahəsi 41,10 kv.m) və 22 №-li mənzil (ümumi sahəsi 57,38 kv.m). O, həmin mənzillərdə tək yaşayır. Beləliklə, məhkəmə Ailə Məcəlləsinin 83.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi tibbi əməliyyat xərci üçün övladdan ananın xeyrinə 7.100 manatın tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Həsən Sultanzadənin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar