Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6991/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər X3 və Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit borcu) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər X3 və Cavabdeh qarşı “kredit borcu” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3635/2017 nömrəli, 06 iyun 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 27 % olmaqla, 24 aylıq müddətə 14843 ABŞ dolları kredit verilmişdir.
2. Maliyyə arayışından görünür ki, cavabdeh X1 xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “Bank of Baku" ASC-yə 10606.46 ABŞ dolları əsas borc, 2288,67 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12895,13 ABŞ dolları borcu vardır.
3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh həmin müqaviləyə əsasən bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC cavabdehlər X3 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh 10606,46 ABŞ dolları əsas borc, 2288,67 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12895,13 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və onun İddiaçı ASC-yə borcu yaranmışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3635/2017 nömrəli, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və cavabdehlər X3 və Cavabdeh 10606,46 ABŞ dolları əsas borc, 2288,67 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12895,13 ABŞ dolları borc ödəmə günü Azərbaycan manatına məzənnə ilə və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə verilməsi qət edilmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3635/2017 nömrəli, 24 iyul 2022-ci il tarixli qərardadı ilə qeyd olunan qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi və qətnamənin giriş hissəsinin "cavabdehlər X3, X2 və Cavabdeh" əvəzinə “cavabdehlər X3 və Cavabdeh” kimi oxunması qərara alınmışdır.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia təmin edilməli, cavabdehlər X3 və Cavabdeh 10606,46 ABŞ dolları əsas borc, 2288,67 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12895,13 ABŞ dolları borc ödəmə günü Azərbaycan manatına məzənnə ilə və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci, 472ci, 739-cu eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 77.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətlərinin dəlilləri
10. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasından yayınmamışlar, sadəcə ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsinin iki dəfədən artıq artdığı üçün onların kredit müqaviləsi üzrə borcu ödəmək üçün maddi imkanları olmamışdır. Bu barədə dərhal banka məlumat verilsə də, bank uzun müddət bu prosesi uzadaraq, şişirdilmiş faiz borclarının yaranmasına nail olmuşdur. Halbuki bank qarşı tərəfin təqsiri olmadan baş vermiş halı nəzərə alaraq, kredit müqaviləsi şərtlərinin mövcud şəraitə uyğunlaşdırılmasını təmin edə bilərdi. Lakin iddiaçı mülki hüquqlarından sui-istifadə etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi müvafiq mühasibatlıq ekspertizası təyin edərək, faiz borclarının düzgün hesablanmasını təmin etməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin məhkəmədə iştirakını təmin etməmişdir.
b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəmə kollegiyası tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
17. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
19. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apelyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh apellyasiya şikayətinin əsas dəlili məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında Cavabdeh məhkəmə prosesi barədə məlumat verilməsinə dair bildiriş mövcud olsa da, həmin bildirişin göndərilməsinə dair reyestr, eləcə də poçt zərfi və ya xəbərnamə iş materiallarına əlavə edilməmişdir, bu isə onu deməyə əsas verir ki, Cavabdeh məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur; məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.
25. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
26. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 27 % olmaqla, 24 aylıq müddətə 14843 ABŞ dolları kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh həmin müqaviləyə əsasən bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh X1 xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “Bank of Baku" ASC-yə 10606.46 ABŞ dolları əsas borc, 2288,67 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12895,13 ABŞ dolları borcu vardır.
27. Göründüyü kimi müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh X3 qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kredit müqaviləsi üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Eləcə də zamin – Cavabdeh zamin qismində üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsas borcun tutulmasını düzgün olaraq müəyyən etmiş, lakin cərimə borcunun da tutulması barədə nəticəyə gəlməklə maddi hüquq normalarının tələblərini pozmuşdur.
29. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əasasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
30. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
31. Göründüyü kimi qanunla müəyyənləşdirilmiş hallardan başqa dəbbə pulunun tələb edilməsi üçün tərəflər arasında dəbbə pulunun ödənilməsi mütləq qaydada müqavilə ilə müəyyənləşdirilməlidir.
32. Hazırda isə kredit müqaviləsi üzrə cərimə pulunun ödənilməsi qanunla müəyyən edilməmişdir və iddiaçının cərimə borcunu tələb etməsi üçün, cərimə borcunun tərəflər arasında bağlanmış müqavilədə öz əksini tapması mütləqdir.
33. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsində isə cərimə borcunun tutulması ilə bağlı hər hansı bir müddəa olmamışdır.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müqavilə üzrə cərimə borcunun ödənilməsini tələb etmək hüququ olmamışdır.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayəti ilə qismən – işə baxarkən onun iştirakının təmin edilməməsi dəlili ilə razılaşır, digər dəlillərini isə əsassız hesab edir, belə ki, cavabdehin maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir, həmçinin hazırda iddiaçı faiz borcunu tələb etməmişdir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
37. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməklə, cavabdehlər X3 və Cavabdeh 10606,46 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) əsas borc eləcə də 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə onu ödəmiş şəxsin özünə aid edilməlidir.
40. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
41. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3635/2017 nömrəli, 06 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər X3 və Cavabdeh 10606,46 ABŞ dolları əsas borc (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə verilsin. İddia tələbi - cavabdehlər X3 və Cavabdeh cərimə borcunun tutulması hissəsində rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov