Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6993/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın girov predmeti olan avtomobilə yönəldilməsi tələbinə dair 2(006)-2746/12 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2011-ci il tarixli 01 saylı kredit müqaviləsində bank tərəfindən Cavabdeh 18 ay müddətinə 30 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilməsi qeyd olunmuşdur.
2. Tərəflər arasında bağlanmış həmin tarixli girov müqaviləsində 1999-cu il buraxılışlı “Daevoo Leganza” markalı avtomobilin 16 iyun 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə girov qoyulduğu qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4647,04 manat məbləğində əsas borc, 925,54 manat məbləğində faiz borcu olmaqla cəmi 5572,58 manat borcun və 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın girovla yüklü edilmiş “Daevoo Leganza” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq borcun ödənilməsi, girov predmetinin məbləği kredit borcunu ödəmədikdə tutmanın borclunun digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, buna görə də bank hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2746/2012 saylı mülki iş üzrə 27 avqust 2012-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı ASCnin xeyrinə 4647,04 manat məbləğində əsas borc, 925,54 manat məbləğində faiz borcu olmaqla cəmi 5572,58 manat borcun və 20 manat dövlət rüsumunun tutulması, tutmanın girovla yüklü edilmiş “Daevoo Leganza” markalı Az ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. (hakim Şəlalə Həsənova)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin bank qarşısında kredit öhdəliyi yaranmış, buna görə də iddia borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi hissəsində əsaslıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 442, 269, 317.1 və 319.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən onun iştirakı təmin olunmamış, işin faktiki halları tam araşdırılmamışdır. O, iddiaçı bankdan kredit almamış, bankın vəzifəli şəxsləri onun adından saxta müqavilə bağlayaraq krediti mənimsəmişlər. Həmin əməllərinə görə bankın vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa), ipoteka isə daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1, 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab olunur.
Apellyasiya baxışının hədləri
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.
16. İş materiallarına tərəflər arasında bağlanmış 16 iyun 2011-ci il tarixli kredit və girov müqavilələri əlavə olunmuşdur.
17. Cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli 1(101)-98/2016 saylı hökmündən görünür ki, İddiaçı ASC-nin Xəzər filialında kredit şöbəsinin müdiri və inspektoru vəzifəsində işləmiş X3 vəzifəsindən sui-istifadə edərək ayrı-ayrı şəxslərin, o cümlədən Cavabdeh adına 16 iyun 2011-ci il tarixli 01 nömrəli kredit müqavilələri və bununla bağlı kredit dosyesinə daxil olan digər sənədləri---girov müqavilələri, kredit sifarişləri, ssuda verilməsi üçün sərəncamlar, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəllərini hazırlamış və müvafiq sənədlər əsasında həmin şəxslərin adına tərtib edilmiş müvafiq xəzinə məxaric orderlərində göstərilən cəmi 526652 manat məbləğində pul vəsaitinin bankın filialının xəzinəsindən digər şəxslər tərəfindən alınması ilə nəticələnən hərəkətləri ilə İddiaçı ASCnin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuş, bu əməlləri ağır nəticələrə səbəb olmuşdur. Həmin əməllərinə görə X3 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir.
18. İş materiallarından görünür ki, Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır.
19. Beləliklə, iddiaçı bank tərəfindən Cavabdeh kredit verilməsi sübut olunmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır.
20. İddia rədd olunduğundan, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayəti verilərkən ödənilmiş 37,86 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2746/12 saylı mülki iş üzrə 27 avqust 2012-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın girov predmeti olan avtomobilə yönəldilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, apellyasiya şikayəti verilərkən ödənilmiş 37,86 manat dövlət rüsumu iddiaçıdan alınıb Cavabdeh verilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.