Məhkəmə qərarları › İş №2(103)-6996/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6996/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6996/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə cavabdeh “xxxxxxx” KB ASC-yə qarşı “yenidən hesablama aparılması və artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)- 1662/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və “xxxxxxx” KB ASC-yə qarşı “yenidən hesablama aparılması və artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı mənzil almaq məqsədilə «xxxxxxxxxx» QSC ilə bağladığı xx xxx 2012-ci il tarixli, 01R000007323 saylı kredit razılaşmasına əsasən bankdan 60.000 (altmış min) ABŞ dolları məbləğində kredit götürdü və aldığı krediti tərtib edilmiş qrafik üzrə vaxtlı-vaxtında ödənişini apardı. Lakin xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərdə devalvasiya nəticəsində dolların kursunda baş vermiş qiymət artımı ilə əlaqədar kredit borcunun ödənilməsində fasilələr yarandı. Hətta ikinci devalvasiyadan sonra iddiaçının borcu ödəmək imkanı olmadı. Ondan sonra “xxxxxxxxxxx” QSC iddiaçıya qarşı Yasamal rayon məhkəməsinə iddia ərizəsi verdi və Yasamal rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)-167/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçıdan xx xxx 2012-ci il tarixli kredit razılaşmasına əsasən əsas borc üzrə 17.988 (on yeddi min doqquz yüz səksən səkkiz) ABŞ dolları 42 (qırx iki) sent, faiz borcu üzrə 2064 (iki min altmış dörd) ABŞ dolları 63 (altmış üç) sent, cərimə üzrə 70 (yetmiş) ABŞ dolları, ümumilikdə isə-20.123 (iyirmi min yüz iyirmi üç) ABŞ dolları 05 (beş) sent məbləğində pul vəsaitinin iddiaçı-“xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir İddia ərizəsinə məhkəmədə baxılan zaman iddiaçı-“xxxxxxxxxxx” QSC ilə razılaşma əldə edilmiş və bank kredit borcu üzrə məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş cərimə və faizləri silməklə əsas məbləğdən 14 faiz güzəşt etmişdi. Həmin müqavilənin şərtinə görə iddiaçı banka 17.988,42 ABŞ dolları təşkil edən əsas məbləğdən 2680,61 (iki min altı yüz səksən) ABŞ doları güzəşt edildikdən sonra 15.000 (on beş min) ABŞ dolları məbləği bir dəfəyə banka ödədikdən sonra iddiaçı ipoteka ilə yüklü edilmiş mənzili girovluqdan azad etməklə mənzilə dair çıxarışı qaytarmağı, borclu tərəf isə qalan 1500 (min beş yüz) ABŞ dolları təşkil edən qalıq borcunu 10 ay ərzində hər ay üçün 150 ABŞ dolları olmaqla banka ödəməyi öhdəsinə götürdü. xx xxx 2018-ci il və xx xxxx 2018-ci il tarixdə banka bir dofəyə 15.000 ABŞ dolları borc ödənildi. Razılaşmanın şərtinə əsasən kreditin alınması zamanı xx xxx 2012- ci il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərif-zadə küçəsi, ev 128, mən.36-nın yüklülükdən azad edilməsi barədə «xxxxxxxxxxx» QSC tərəfindən Azər baycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə xx xxxx 2018-ci il tarixli 7871 nömrəli məktubu əsasında mənzil girovluqdan azad edilmişdir. Razılaşmanın şərtinə əsasən yerdə qalan 1500 (min beş yüz) ABŞ dolları borc isə hər ay 150 ABŞ dolları ödənilməklə “xxxxxxxxxxx” QSC-yə tam ödənildi. Ondan sonra “xxxxxxxxxxx” QSC-yə olan borcun tam ödənilməsi barədə xx xxx 2019-cu il tarixli 6257 nömrəli məktub verildi. Bundan başqa iddiaçı “xxxxxxxxx” ASC-nin Xətai flialı ilə xx xxxxxxxx 2014-cü il tarixdə bağladığı ********* nömrəli kredit müqaviləsinə əsasən bankdan 3195 (üç min yüz doxsan beş) ABŞ dolları məbləğində kredit götürdü və krediti tərtib edilmiş qrafik üzrə ödəməsinə baxmayaraq xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərdə baş vermiş devalvasiya nəticəsində dolların kursunda olan dəyişikliyə görə ödəmədə fasilələr yarandı. Banka 2515 ABŞ dolları borcu qalan zaman bankla arasında olan razılaşmaya əsasən xx xxx 2017-ci il tarixdə banka 1700 (min yeddi yüz) manat ödədi və banka olan kredit borcuna güzəşt tətbiq edilərək borcun tam bağlanılması barədə ona rəsmi arayış verildi. Daha sonra “xxxxxxx” Kommersiya Bankı ASC-nin 13 saylı filialı ilə iddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 1576SİNSH/13 nömrəli «Kredit və Bank Hesabı müqaviləsi»nə əsasən illik 27 faiz ödəmək şərtilə 24 ay müddətinə 2000 (iki min) manat kredit götürdü. Kredit borcunu iddiaçı qrafik üzrə vaxtlı-vaxtında ödədi. 2014-cü ilin dekabr ayında kreditə ehtiyacı olduğundan xx xxxxxx 2014-cü il tarixli, 6891nkİNSH/14 saylı “Kredit və Bank Hesabı müqaviləsi”-nə əsasən bankdan illik 28 faiz olmaqla 24 ay müddətinə 5000 ABŞ (beş min) dolları məbləğində kredit götürdü. Bankiddiaçının əvvəlki xx.xx.2014-cü il tarixli, 1576slNSH/13 nömrəli “Kredit və Bank Hesabı müqaviləsi” üzrə 1100 manat olan qalıq borcunu 1400 ABŞ dolları hesabına əvəzləşdirməklə iddiaçıdan heç bir ödəniş və bank xərci tutmadan 3330,35 ABŞ dolları kredit verdi. xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərdə baş vermiş devalvasiya nəticəsində dolların kursunda olan dəyişikliyə görə ödəmədə fasilələr yarandı. Ondan sonra “xxxxxxx” Kommersiya Bankı ASC iddiaçıya qarşı məhkəməyə iddia ərizəsi verərək ondan 2766,45 ABŞ dolları əsas, 262,13 ABŞ dolları faiz,104,83 ASŞ dolları cərimə, cəmi-3.133,41 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin bankın hesabına tutulmasını məhkəmədən xahiş etdi. Yasamal rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(004)-268/2017 saylı qətnaməsı ilə “xxxxxxx” ASC-nin iddiası qısmən təmin edilərək ondan 2759,61 ABŞ dolları əsas, 262,13 ABŞ dolları faiz, 10 ABŞ dolları borcunun, cəmi 3031,74 ABŞ dolları məbləğində pulun tutularaq “xxxxxxx” ASC-yə ödənilməsi qət edildi. Həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin məlum xx xxxxxx 2019-cu il tarixli Fərmanı elan ediləndən sonra iddiaçı hesab etdi ki, məlum Fərmanın müddəları ona da tətbiq ediləcəkdir. Fərmanın müddəasına görə həmin vaxt fərmanın icrasını yerinə yetirən X6 Palatası tərəfindən iddiaçıya elektron bildiriş gələcəyini gözlədi, lakin saytda məlum oldu ki, ona qeyd edilən fərman şamil edilməmiş, əksinə yazılmışdır ki, guya onun xx xxxx 2019-cu il tarixə, 46991,34 manat “xxxxxxx KB” ASC-yə və 5067,04 manat isə “xxxxxxxxxx” QSC-yə kredit borcu vardır və həmin məbləğlərin Fərmana müvafiq olaraq Restrukturizasiya edilməsi banka təklif edilmişdir. İddiaçı aparılmış hesablamanın ona münasibətdə düzgün olmaması barədə Azərbaycan Respublikasının Maliyyə X4 rəsmi qaydada müraciət etdi, lakin Palata tərəfindən müraciətinə heç bir cavab verilmədi. Onun “xxxxxxxxxx” QSC, “xxxxxxxxx” ASC və “xxxxxxx” ASC ilə bağladığı kredit müqavilələri üzrə ödəmələri, habelə qalıq faiz və cərimə məbləğləri düzgün hesablanmamışdır. Məlum Fərmanın verilməsinə qədər iddiaçının “xxxxxxxxxx” QSC-yə müqaviləyə əsasən 300 (üç yüz) ABŞ dolları borcu qalmışdır və həmin borc da tam ödənilmişdir. “xxxxxxxxx” ASC-dən aldığı 3195 ABŞ dolları kredit borcunu dolların artım məbləği ilə borcun yarı hissəsi ödənilmiş və xx xxx 2017-ci il tarixli razılaşma ilə isə faiz və cərimə ilə birlikdə qalıq 2515 ABŞ dolları borcun əvəzinə 1700 manat ödənilməklə borc tam bağlanılmışdır. İddiaçının “xxxxxxx” ASC-dən aldığı kredit məbləğini dolların artım məbləği ilə xx.xx.2014-cü il tarixdən məhkəməyə iddia ərizəsi verilənədək banka ödənilmiş və məhkəmə qətnaməsi ilə iddiaçıdan faiz və cərimə ilə birlikdə 3031,74 ABŞ dolları pulun tutulması qət edilmişdir. İddiaçının qalıq kredit borcu yalınz “xxxxxxx” ASC-yə olan borcdur və müvafiq fərmanın müddəaları “xxxxxxxxx” ASC-dən aldığı kreditə və “xxxxxxx” KB ASC-dən aldığı kreditə tətbiq edilməli və yenidən hesablama aparılmaqla real qalıq borcu Restrukturizasiya edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1662/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş həmçinin izahatında göstərmişdir ki, hazırki iddiaya cavab verməli şəxs bank deyil, Mərkəzi Bank olmalı idi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxsin nümayəndəsi isə məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Azərbaycan Respublikası Maliyyə X3 Problemli kreditlərin kompensasiyası saytından çıxarışa əsasən iddiaçının adına hesablanmış kompensasiya mövcud deyil. İşdə olan Azərbaycan Respublikası Maliyyə X4 və X1 ünvanlanmış ərizədən görünür ki, iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019cu il tarixli, Fərmanını tətbiq etməklə özünün “xxxxxxxxxx” QSC, “xxxxxxxxx” ASC və “xxxxxxx” ASC-yə olan kredit borclarının yenidən hesablanması üçün müraciət etmişdir. İşin materiallarında olan xx.xx.2014-cü il tarixli 5856tkİNSH/14 №-li kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, “xxxxxxx” KB ASC tərəfindən iddiaçıya 24 ay müddətinə illik 28 faiz olmaqla 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan Yasamal Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(004)-268/2017 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, 2759,61 ABŞ dolları əsas borc, 262,13 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu, cəmi 3031,74 (üç min otuz bir dollar, yetmiş dörd sent) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 AZN məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq “xxxxxxx” ASC-yə ödənilməsi, 10 manat dövlət rüsumu və ekspertiza tədqiqatının aparılmasına görə 50 manatın cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, cavabdeh İddiaçı “xxxxxxx” KB ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və kredit məbləğinin müqavilə bağlandığı günə manatla (AZN) hesablanması barədə” qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir. Müzakirə edilən mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla xx xxxx 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməsi nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə X4 tapşırılmışdır. Göstərilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı, cavabdeh “xxxxxxx” KB ASC-yə iddianı irəli sürməkdə haqlı deyil; bank iddiaya cavab verməli olan şəxs deyil. Kollegiya hesab edir ki, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) mümkün deyildir; kollegiya qeyd edir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən vəiddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1662/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar