Məhkəmə qərarları › İş №2(103)-6996/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6996/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6996/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-160/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – cavabdehlərdən müştərək qaydada ödənilməmiş 4297,61 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1966,64 manat faiz, 3108,89 manat cərimə, müqavilənin bitdiyi tarixdən 17.02.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 628,80 manat borc, ümumilikdə 10001,94 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2015-ci il tarixli 1865/15 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 25% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında eyni tarixli zaminlik müqavilələri bağlanmışdır. Borc alan Cavabdeh1 17.02.2020-ci il tarixinədək İddiaçı ASC-yə ödənilməmiş 4297,61 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1966,64 manat faiz, 3108,89 manat cərimə, müqavilənin bitdiyi tarixdən 17.02.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 628,80 manat borc, ümumilikdə 10001,94 manat məbləğində kredit borcu vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-160/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 4262,59 manat əsas borc, 1811,06 (min səkkiz yüz on bir manat altı qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə borcu, 620,44 (altı yüz iyimi manat qırx dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan faiz məbləği olmaqla, ümumilikdə 6994,09 (altı min doqquz yüz doxsan dörd manat doqquz qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq LPO İddiaçı ASC-nə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, Ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-160/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı ASC ilə onun arasında bağlanmış 19.03.2015-ci il tarixli kredit müaqaviləsinə əsasən onun banka olan əsas borcunun nədən 4.297,61 manat qalması müəyyən edilməmişdir,halbu ki, o, həmin kredit müqaviləsi üzrə kifayət qədər kredit ödəyib və onun hesablarına görə həmin kredit müqaviləsi üzrə çoz cüzi miqdarda əsas borcu qalmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İş üzrə digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, kreditor "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında 19.03.2015-ci il tarixdə N-1865/15 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən kreditor tərəfindən borcluya illik 27% ödənilməsi şərti ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış N-1865/15 saylı, 19.03.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, onlar Cavabdeh1 bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarında olan 20.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə 4297,61 manat məbləğində əsas borc, 1966,64 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu, 3108,89 manat cərimə borcu, 628,80 manat illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 10001,94 manat borcu vardır. İşin materiallarında olan LPO İddiaçı ASC tərəfindən 21.01.2020-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 göndərilmiş bildirişin surətindən görünür ki, onlara borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşin materiallarında olan Problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2015-ci il tarixli kredit müaqaviləsinə əsasən onun banka olan əsas borcu 4.297,61 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.12.2020-ci il tarixli 9/4576 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə 17.02.2020-ci il tarixinə (sual üzrə tarixə) 6694,64 manat məbləğində müəyyən edilir. O cümlədən əsas borc üzrə 4262,59 manat, əsas borca hesablanmış faiz borcu üzrə 1811,60 manat və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 620,44 manat faiz borcu vardır. Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Lakin, məhkəmə kollegiyası o qənaətə gəlir ki, iddia tələbi yalnız əsas borca münasibətdə təmin edilə bilər. Belə ki, kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndində qeyd edilmişdir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. İşin materiallarında olan Problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2015-ci il tarixli kredit müaqaviləsinə əsasən onun banka olan qalıq borcu 4.297,61 manat təşkil edir. Beləliklə, məhkəmə kollegiyası o qənaətə gəlir ki, iddia tələbi yalnız əsas borc məbləği 4.297,61 manata münasibətdə təmin edilə bilər. Məhkəmə eyni zamanda iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd edilən Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, 19.03.2015-ci il tarixdə bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən, kredit müqaviləsi və zaminlik müqavilələri üzrə əsas öhdəliyin icrası vaxtı 19.03.2017-ci il tarixində başa çatır. Göründüyü kimi, iddiaçının zaminlərə qarşı iddia tələbi irəli sürməsi üçün son tarix 19.03.2018-ci il olmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, əsas öhdəliyin icrası vaxtından bir il ərzində iddiaçının zaminlərə qarşıiddia irəli sürülmədiyi üçün zaminliyə xitam verilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, bank zamin(lər)ə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından iddia üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi onlara aid hissədə rədd olunmalıdır. Məhkəmə Cavabdeh1 hazırkı iddia tələbi üzrə iddia müəddətinin ötürülməsinə görə iddia müddətinin tətbiq edilərək, iddianın təmin edilməməsinə dair ərizəsinə hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Çünki, iddiaçının Cavabdeh1 qarşı iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında bağlanmış 19.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən müqavilə üzrə kreditin geri qaytarılması üçün son tarix, yəni müqavilə müddətinin bitdiyi vaxt 19.03.2017-ci il müəyyən edilmişdir. Deməli, iddiaçı üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmənin son tarixi 19.03.2020-ci il tarix olmalı idi. İddiaçı isə məhkəməyə 27.02.2020-ci il tarixdə müraciət etmiş və bununla da, iddia müddətini ötürməmişdir. Odur ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə hazırkı ərizəsi təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri – 145 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət bücəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-160/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 19.03.2015-ci il tarixli, N-1865/15 saylı kredit müqaviləsi üzrə 4.297,61 manat (dörd min iki yüz doxsan yeddi manat altmış bir qəpik) məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar