Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-700/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair” iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(006)-815/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 30.12.2015-ci il tarixli, 7834 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 220221,21 iki yüz iyirmi min iki yüz iyirmi bir manat iyirmi bir qəpik) manat əsas borc, 7687,51 (yeddi min altı yüz səksən yeddi manat əlli bir qəpik) manat faiz borcu cəmi borcu 227908,72 (iki yüz iyirmi yeddi min doqquz yüz səkkiz manat yetmiş iki qəpik) manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 31,36 manat rüsum məbləğində pul vəsaitinin tutulması, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğin 30.12.2015-ci il tarixli, 7834 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi ev 14, 1 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 30.12.2015-ci il tarixli, 7834 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla, 256000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh ilə Bank arasında 30.12.2015-ci il tarixli, 7834 nömrəli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi ev 14, mənzil 1 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. 29.09.2020-ci il tarixə Cavabdeh Banka 220221,21 manat əsas borc, 7687,51 manat faiz borcu cəmi borcu 227908,72 manat təşkil edir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh borc öhdəliyini icra etmir, buna görədə borcun təminatı kimi onun tərəfindən ipotekaya qoyulmuş mənzil qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 03 avqust 2021-ci ildə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(006)- 815/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən borc məbləğinin tamamilə ödənilmiş olması, yoxsa gecikmə günlərinin mövcud olmaması halı aydınlaşdırılmamışdır. Yaranmış borc məbləğinin tamamilə ödənilmiş olması məhkəmə iclasında sübut edilməmişdir. Qətnamədə həmçinin borc məbləğinin mövcud olmamasını təsdiq edən hər hansı sübut əks olunmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi və bildirdi ki, onun tərəfindən ödəmə qrafikinə riayət olunmaqla vaxtı vaxtında ödəmələr həyata keçirilir. Bankın əməkdaşları səhvə yol verərək guya onun ödəmədə gecikməsi olması barədə Azərbaycan Kredit Bürosuna düzgün olmayan məlumat vermişlər, sonra isə öz səhvlərini düzəldərək hazırkı iddia ərizəsinin geri qaytarılmasını və iddianın baxılmamış saxlanmasını xahiş etmişlər. O, isə iddiaya baxılmasını tələb etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən borc vaxtından ödənilir və bu iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 25.12.2020-ci il tarixli məktubu ilə təsdiq edilir. Məktubun mətnində qeyd edilir: “Cavabdeh ilə "xxxx" ASC arasında 30 dekabr 2015-ci il tarixində illik faiz dərəcəsi 8 faiz olmaqla, 240 ay müddətinə 256000 manat məbləğində ipoteka krediti rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqaviləsinin və təqdim edilmiş ödəniş cədvəlinin şərtləri vətəndaş tərəfindən razılaşdırılaraq imzası ilə təsdiqlənmişdir. Qeyd edək ki, müvafiq kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərə uyğun olaraq silinmələr aparılmışdır. Yalnız texniki yanlışlıq səbəbi ilə kredit üzrə əks olunmuş gecikmə günlərinin Azərbaycan Kredit Bürosunun məlumat bazasında düzəliş edilməsi ilə bağlı Bank tərəfindən "xxxx" MMC-yə rəsmi məktub göndərilmişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 30.12.2015-ci il tarixli, 7834 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla, 256000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh ilə ASC arasında 30.12.2015-ci il tarixli, 7834 nömrəli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi ev 14, mənzil 1 ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 21.12.2020-ci il tarixli Cavabdeh ünvanlanmış məktubundan görünür ki, müvafiq kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərə uyğun olaraq silinmələr aparılmışdır. Yalnız texniki yanlışlıq səbəbi ilə kredit üzrə əks olunmuş gecikmə günlərinin Azərbaycan Kredit Bürosunun məlumat bazasında düzəliş edilməsi ilə bağlı Bank tərəfindən "xxxx" MMC-yə rəsmi məktub göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə istinad edərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini təmin etməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iş üzrə müəyyən edilir ki, cavabdeh tərəfindən kredit öhdəliyi üzrə ödəmələr ödəniş qrafikinə uyğun olaraq vaxtında həyata keçirilir. Bu səbəbdən iddianın təmin edilməməsi barədə qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(006)- 815/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-700/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-700/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver