Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7004/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-804/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 317 (üç yüz on yeddi) manat 40 (qırx) qəpik abunə haqqı qismində vurulmuş zərərin, nümayəndəyə çəlikən xərclərə görə 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 1 (bir) manat məbləğində bank xidmət haqqının, ümumilikdə 438 (dörd yüz otuz səkkiz) manat 40 (qırx) qəpik məbləğində pulun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-804/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 317 (üç yüz on yeddi) manat 40 (qırx) qəpik, ödənilmiş dövlət rüsmunun 11 (on bir) manatı, hüquqi yardıma görə ödənilmiş ödənilmiş 100 (yüz) manat miqdarında pulun 52 (əlli iki) manatı məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, o, 2008-2010-cu illərdə Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 15 A ünvanında yaşamadığı üçün iddiaçının göndərdiyi pretenziya məktubunu almamışdır. Bundan başqa, məhkəmə baxış iclasında cavabdeh tərəfin iştirakı təmin olunmamış və əsassız qətnamə qəbul olunmuşdur. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, “KATV1” kabel şəbəkəsinə qoşulmamış, “Ailə TV” kabel şəbəkəsindən istifadə etmişdir. Bundan əlavə, o qeyd etdi ki, qanunsuz olaraq qoşulma faktını sübutetmə vəzifəsi iddiaçının üzərindədir, buna baxmayaraq bu barədə iddiaçı tərəf heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2011-ci il tarixli arayışında Cavabdeh ünvan 1 mənzil 6 ünvanda qeydiyyatda olması göstərilmişdir. İddiaçı MMC tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli arayışdan məlum olur ki, İddiaçı MMC ilə Ələsgər Ələkbərov küçəsi 15 A, mənzil 4 arasında KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair bağlanmış 0435 FA saylı müqaviləyə əsasən xx.xx.2006-cı il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. İddiaçı MMC tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı MMC-nin KATV1 Kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti 9 manatdır. Hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır. İddiaçı MMC-yə hüquqi xidmət göstərən “xxxxxxxx” MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2009-cu il tarixli 001967 saylı aktın surətindən görünür ki, xx xxxxxxxx 2009-cu il tarixdə, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 5 A ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 39 saylı mənzilində aşayan Cavabdeh “KATV 1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Yasamal rayonu MKTB-nin 21 saylı MKİS tərəfindən verilmiş xx xxxx 2012-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda yoxdur. xx.xx.2003-cü iİ tarixdən şəxsi mənzilin sahibidir. 160864 seriyalı çıxarışa əsasən mənzilin mülkiyyətçisidir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə tam ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda Məhkəmə şikayətçinin qətnamənin tam ləğv olunmasını tələb etməsi səbəbindən və Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi həm də şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (maddə, 372.7.). MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiasını “KATV1” kabel televiziyasının və “Ədalət A” hüquq firmasının əməkdaşlarının Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 510, mənzil 15 A, mənzil 39 ünvanında cavabdehin qanunsuz qoşulmasının aşkar olunması və bu barədə 001967 A saylı, xx.xx.2009-cu il tarixli aktın tərtib olunması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddianın heç bir sübuta əsaslanmadığını və özünün zəng vasitəsilə qoşulduğu “Ailə TV” kabel şəbəkəsindən istifadə etdiyini, bundan əlavə, iddiaçı tərəfin pretenziya məktubunu da həmin illərdə rəsmi qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün almadığını qeyd etmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə əsaslı, birbirini tamamlayan və şübhədənkənar sübutlar Məhkəməyə təqdim edilmədiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin üzərinə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-804/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7004/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7004/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver