Məhkəmə qərarları › İş №2(103)-7004/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7004/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7004/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(004)-3326/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İcarəyəverən ƏMDX ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 856№-li Hüquqi şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 11 ünvanındakı ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 343,4 kv m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında icarəyə qəbul edilir, torpaq sahəsinin illik icarə haqqı 7200 manat, aylıq icarə 600 manat təşkil edir, bu müqavilə ilə icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) ödənilməlidir. Müqavilənin 7.2-ci maddəsinə əsasən müqaviləyə vaxtından əvvəl tərəflərin qarşılığı razılığı ilə, torpaq sahəsinə dövlətin ehtiyacı olduqda, bu müqavilənin 2.2, 5.2 bəndləri icarəçi tərəfindən pozulduqda, tərəflərin biri bu müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə vaxtından əvvəl xitam verilə bilər.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 11 ünvanında yerləşən 84,60 kv m sahəsi olan qeyri-yaşayış binası Cavabdeh xüsusi mülkiyyətindədir.

3. Şəxsi hesab vərəqindən görünür ki, cavabdehin xx.xx.2021- ci il tarixə 20 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 600 manat olmaqla cəmi 6620 manat məbləğində borcu vardır.

4. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli 856 nömrəli müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə 6620 manat məbləğində vəsaitin tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş çıxarışdan görünür ki, ümumi sahəsi 86.60 kv.m dən ibarət qeyri-yaşayış binası cavabdehin mülkiyyətindədir. Lakin həmin əmlakın yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyəti olmaqla ona icarəyə verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsindən o, faktiki olaraq istifadə etməmişdir. İstifadə etməməyinin səbəbi isə onadan ibarətdir ki, həmin ərazi hazırda Şərq Bazarı kimi fəaliyyət göstərən daşınmaz əmlaka bitişik torpaq sahəsidir. Şərq Bazarında uzun müddətli yenidən qurma və təmir işləri görülmüşdür. Həmin görülən işlər zamanı onların su, işıq, qaz xəttləri sıradan çıxarılmış, ərazi strateji obyekt olduğundan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən daimi şəkildə qorunmuş və hazırda da qorunmaqdadır. Bu əsasdan onların həmin əraziyə daxil olmaqları qadağan edilmişdir. Yəni faktiki olaraq onlar həmin ərazidən istifadə edə bilməmişlər. Bununla bağlı dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinə şifahi müraciətlər edilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə yerində baxış keçirilmiş və ərazinin istifadə olunmamasına dair müvafiq aktlar tərtib edilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(004)- 3326/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli 856 nömrəli müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə 6620 manat məbləğində vəsait tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabeh arasında icarə müqaviləsi bağlanılmış, iddiaçı öz öhdəliklərini yerinə yetirərək icarə obyektini cavabdehə vermiş, cavabdeh isə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqını ödəməmişdir. Cavabdeh etiraz ərizəsində və izahatında iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyini, bununla bağlı dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinə müraciət etdiyini, müqavilənin ləğvini istədiyini bildirsə də, həmin halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iş materialları ilə belə hallar müəyyən edilməmişdir. Həmçinin, cavabdeh ona maneələr yaradıldığını bildirsə tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə müvafiq olaraq müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə müraciət etməmişdir. Məhkəmə qeyd etmişdir, müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 856 nömrəli müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2022ci il tarixə 6620 manat məbləğində vəsait tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına köçürülməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 425.1ci, 442-ci, 445.2.1-ci, 700.1-ci eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində iştrak etmiş və öz etirazını bildirmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş çıxarışdan görünür ki, ümumi sahəsi 86.60 kv.mdən ibarət qeyri-yaşayış binası cavabdehin mülkiyyətindədir. Lakin həmin əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti olmaqla ona icarəyə verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsindən o, faktiki olaraq istifadə etməmişdir. Öhdəliyin icrası cavabdehin təqsiri ucbatından baş verməmişdir. Öhdəliyin icrası yalnız qabaqcadan onun dəyərini ədalətli və ağalabatan dəyərində razılaşdırılmış qaydada ödəmək şərti ilə yol verilə bilər. Müqavilənin 7.2-ci maddəsinə əsasən müqaviləyə vaxtından əvvəl tərəflərin qarşılıqlı razılığı ilə, torpaq sahəsinə dövlətin ehtiyacı olduqda, bu müqavilənin 2.2, 5.2 bəndləri icarəçi tərəfindən pozulduqda, tərəflərin biri bu müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə vaxtından əvvəl xitam verilə bilər. İşin materiallarında şübhə doğuran halların olmasına baxmayaraq, məhkəmə bu halları araşdırmamış və nəticədə işə düzgün qiymət verməmişdir. Həmin ərazi hazırda “Şərq Bazarı” kimi fəaliyyət göstərən daşınmaz əmlaka bitişik torpaq sahəsidir. “Şərq Bazarı”nda uzun müddətli yenidən qurma və təmir işləri görülmüşdür. Həmin görülən işlər zamanı onların su, işıq, qaz xəttləri sıradan çıxarılmış, ərazi strateji obyekt olduğundan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən daimi şəkildə qorunmuş və hazırda da qorunmaqdadır. Bu əsasdan onların həmin əraziyə daxil olmaqları qadağan edilmişdir. Yəni faktiki olaraq onlar həmin ərazidən istifadə edə bilməmişlər. Bununla bağlı dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinə şifahi müraciətlər edilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə yerində baxış keçirilmiş və ərazinin istifadə olunmamasına dair müvafiq aktlar tərtib edilmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, iddiaçı və cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən torpaq sahəsi ilə bağlı icarə müqaviləsi imzalanmışdır. Müqavilə 30 sentyabr 2021-ci ildən 30 sentyabr 2022-ci ilə kimi - 2 il müddətinə bağlanmışdır. Bağlandığı müddətdən sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, müqavilənin ləğvi ilə bağlı müraciət edib. Amma onlara rəsmi müraciət edilməyib, şifahi müraciətlə bağlı isə məlumat verilməyib. Hesab edir ki, icarə müqaviləsi üzrə borc ödənilməlidir. İddia qaldırılan vaxt 31 may 2022-ci ilə kimi olan borc 4820 manat idi. İcarə müqaviləsi qüvvədə olduğu üçün 31 avqust 2022-ci il tarixə olan borc 6600 manat təşkil edir. Həmçinin apellyasiya şikayəti ilə bağlı qeyd edilməlidir ki, torpaq sahəsinin üzərindəki əmlak cavabdehin öz əmlakıdır. Belə çıxır ki, cavabdeh öz əmlakına daxil olmayıb. Əgər əmlaka daxil ola bilməmə halı var idisə, bununla bağlı cavabdeh onlara müraciət edə edərək, icarə müqaviləsinin ləğvini tələb edə bilərdi. Onlar məhkəməyə müraciət etməmişdən əvvəl Vergilər Nazirliyi vasitəsilə cavabdehin VÖEN-nin olub olmamasını yoxlanılmış və müəyyən edilmişdir ki, cavabdehin VÖEN-i yoxdur. Bundan başqa cavabdeh işə birinci instansiya məhkəməsində işə baxılması zamanı iştirak etmiş və VÖEN-nin olmadığını bildirmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

16. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

19. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Apelyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək, iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanılmış, iddiaçı öz öhdəliklərini yerinə yetirərək icarə obyektini cavabdehə vermiş, cavabdeh isə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqını ödəməmişdir.

25. Bundan başqa cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı iddia ərizəsinə etiraz ərizəsində və izahatında iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyini, bununla bağlı dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinə müraciət etdiyini, müqavilənin ləğvini istədiyini bildirsə də, həmin halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iş materialları ilə belə hallar müəyyən edilməmişdir. Həmçinin, cavabdeh ona maneələr yaradıldığını bildirsə tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə müvafiq olaraq müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə müraciət etməmişdir.

26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən iddia tələbi təmin edilməlidir.

27. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur, belə ki, tərəflər arasıda bağlanmış müqavilə yazılı şəkildə imzalanmışdır. Cavabdeh isə iddiaçı təşkilata həmin müqavilənin ləğv edilməsi tələbini şifahi şəkildə bildirdiyini qeyd etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin müqavilə ilə eyni formada həyata keçirilməsi müəyən edilsə də, tərəflər arasında icarə müqaviləsinin ləğvinə dair yazılı razılaşmanın mövcudluğu müəyyən edilmir. Bundan başqa cavabdeh torpaq sahəsindən faktiki olaraq istifadə edə bilmədiyini bildirsə də bununla bağlı hər hansı mötəbər sübutlarını təqdim etməmişdir.

28. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

30. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə ləğv edilə görə bilməz.

34. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q ət e t d i :

Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(004)- 3326/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar