Məhkəmə qərarları › İş №2(103)-7004/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7004/2023

18.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7004/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızının Cavabdeh qarşı mülki iş (Açar sözlər: «alimentin artırılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızının nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4061/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1326/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə X6 arasında 14 oktyabr 2016-cı il tarixdə 3 saylı “Bakı ASAN” xidmət Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 4253 № ilə qeydə alınmış nikahın pozulması, 29 sentyabr 2017-ci il təvəllüdlü X2 anası X4 yanında saxlanılması, 27 dekabr 2018-ci il tarixdən başlayaraq 29 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi, 27 dekabr 2018-ci il tarixdən başlayaraq X2 3 yaşı tamam olana qədər Cavabdeh hər ay 30 (otuz) manat məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası ƏƏSMN-in DOST Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli arayışa görə, Cavabdeh qüvvədə olan əmək müqaviləsi aşkar edilməyib.

3. Azərbaycan Respublikası ƏƏSMN DOST Agentliyi publik hüquqi şəxsi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli arayışa görə, İddiaçı qüvvədə ola əmək müqaviləsi aşkar edilməyib.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 sentyabr 2017-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin miqdarının 60 (altmış) manat artırılaraq, 220 (iki yüz iyirmi) manat müəyyən edilməsi, məhkəmə xərclərinə görə çəkdiyi xərcə görə, Bakı 2 saylı Mediasiya Təşkilatı 50 (əlli) manat Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilir ki, halhazırda azyaşlı uşağı onunla qalır və hesab edir ki, bu günkü bahalıqla əlaqədar olaraq, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə bir uşağa görə sabit pul məbləğində 160 (yüz altmış) manat aliment çox az olduğundan alimentin artırılmasına dair əvvəlcə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, o, ailə münasibətləri ilə əlaqədar olan mübahisələrə görə, mediasiya şurasına müraciət etmişdir. Orada onun müraciətinə əsasən mediator təyin edildi, mediatora onun tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənilmiş, MŞB/2-2727/2023 nömrəli, xx.xx.2023-cü il tarixdə, Bakı 2 saylı Mediyasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən arayış verilmişdir. Hesab edir ki, indiki bahalıqla əlaqədar olaraq, bir uşağın saxlanması üçün 160 (yüz altmış) manat pul məbləği uşağın yaşayış minimumundan az olduğundan, 60 (altmış) manat artırılaraq, bir uşağa görə 220 (iki yüz iyirmi) manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə, yəni Bakı 2 saylı Mediyasiya Təşkilatı çəkdiyi 50 (əlli) manat Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Beləliklə, hesab edir ki, yuxarıda göstərilən səbəblərə görə, onun Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası tam əsaslı olduğundan təmin olunmalıdır. Ona görə də, bu işin həlli üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4061/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbinin qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1326/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş aliment miqdarının dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızına verilməsi; alimentin tutulma (dəyişdirilmə) vaxtının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanması; iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatının Cavabdeh tutularaq iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızına ödənilməsi, qalan 25 manatın isə iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızının özünə aid edilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Uşağını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində alimentin məbləğinin 160 manatdan 220 manata qədər artırılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı, yəni tərəflərin maddi vəziyyətinin dəyişməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Əksinə, cavabdeh məhkəməyə iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim etmiş və etirazda qeyd etdiyi halları, yəni onun maddi vəziyyətində dəyişiklik olmadığını, hazırda da işsiz olduğunu bildirmiş və bunun sübutu kimi “DOST” Mərkəzindən aldığı işsiz olmağına dair müvafiq arayışı da məhkəməyə təqdim etmşdir. Beləliklə, məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edəcək heç bir sübut olmadığı halda iddia tələbini təmin etmiş və MPM-in 77.1-ci maddəsinin tələbini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

14. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiştələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia təmin edilən hissədə haqlı sayılırdı. 24.Çünki, iddiaçının göstərdiyi dəlillər onu cavabdeh ilə rəsmi nikah münasibətlərindən olan uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər, o cümlədən işləməməsi alimentin artırılmaması üçün birmənalı əsas ola bilməz. Çünki, təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Azərbaycan Respublikasında 2023-cü il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumu 220 manat olmuş və məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 160 manat məbləğin artırılmaması uşaqlarla bağlı Beynəlxalq Konvensiyaların tələblərinə də zidd olardı. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hazırki iş üzrə cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

25. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi hazırki iş üzrə iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehin tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Ona görə də cavabdehin şikayətində göstərdiyi hallar alimentin artırılmasının rədd edilməsi üçün əsas ola bilməzdi.

26. Alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. Həqiqətən də iddiaçının maddi vəziyyətində dəyşiklik olmuş, yəni 5 il keçdiyi üçün uşağın artan tələbatını qarşılamaq çətinləşmiş və qayğıları artmış, maddi vəziyyəti isə yaxşılaşmamışdır. Demək ki, Ailə Məcəlləsinin 112.1ci maddəsində nəzərdə tutulan dəyişiklik dedikdə iddiaçının maddi vəziyyətinin pisləşməsi nəzərə alınır. Buna baxmayaraq, cavabdeh tərəf işləmədiyini və maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmadığına görə iddiaya etiraz edir. Bunun üçün dəlillərini şikayətində göstərib. Lakin apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilləri ilə razılaşmır. Çünki, uşaq tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmur. Başqa sözlə, iddiaçı ilə nikahdan olan uşaq yalnız anası ilə birgə yaşayır. Bu cür vəziyyətdə, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq huququndan məhrum olan uşağın maddi vəziyyətinin bir qədərdə ağırlaşdıracaq qərarın qəbul edilməsi yolverilməz sayılır.

27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4061/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4061/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar