Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7007/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh 100.000 manat borcun və həmin borc məbləğinin ödənilmədiyi gündən məhkəmə qərarının çıxarıldığı günədək Azərbaycan Respublikasının Mərkəzi Bankının 2012-2020-ci illər üzrə müəyyən etdiyi illik faiz bank uçot dərəcəsi nəzərə alınmaqla onun xeyrinə ümumilikdə 159.256 manatın və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı, xx xxxxxx 2019-cu il tarixdə həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini, iddiaya mahiyyəti üzrə baxılıb, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, Məhkəmənin xx xxxxxxxx 2015-ci il tarixli qərardadı ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Eyni Məhkəmənin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə, Cavabdeh 100.000 manatın və ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, xx.xx.2020-ci il tarixli qətnamənin və xx.xx.2020-ci il tarixli qərardadın ləğv, iddianın rədd olunması barədə yeni qətnamə, yaxud işin icraatına xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki,məhkəmə qətnamə qəbul edərkən işin faktiki halları ilə əlaqədar sübutları təhrif etməklə iddiaçının xeyrinə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, iş materiallarından iddia ərizəsinin xx.xx.2015-ci ildə məhkəməyə təqdim olunduğu sübut olunduğu halda, məhkəmə qətnaməsində qeyd edir ki, iddia ərizəsi xx.xx.2015-ci il tarixdə daxil olmuşdur. Məhkəmənin iş materiallarında olan və məhkəmənin ştampı ilə təsdiq olunmuş iddia ərizəsini deyil, əsası olmayan formada iddianın, guya xx.xx.2015-ci il tarixdə məhkəməyə təqdim olunması barədə fikirləri MPM-in 153.1-ci maddəsinin tələblərinə ziddir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sadə yazılı müqavilənin surətindən görünür ki, tərəflər öz aralarında razılaşırlar ki, xx.xx.2015-ci il tarixə qədər 10.000 manat pul ödənilib. Eyni zamanda, cavabdeh bildirir ki, məbləğ 2015-ci il müddətində tam həcmdə iddiaçıya ödənilmişdir. İddiaçı pul məbləğini aldığına görə məhkəmənin sonrakı iclaslarında iştirak etməmiş, həmin vaxtdan Almaniyada yaşayır. xx.xx.2015-ci il tarixdə və sonrakı tarixlərdə məhkəmənin təyin olunduğu iclaslar barədə bildirişləri iddiaçı şəxsən imza edib götürmüş, son 2 iclasa getməmiş və iş baxılmamış saxlanılmışdır.Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə, iddia ərizəsinin baxəılmamış saxlanılması barədə xx.xx.2015-ci il tarixli qərardadı ləğv edilmiş, əsas kimi iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması qeyd olunmuşdur. Halbuki, iş materiallarından görünür ki,iddiaçı ərizəsində qeydiyyatda olduğu ünvanını Sabunçu qəsəbəsi, S.Şərifov küçəsi ev50 В göstərmişdir.Məhkəmə qərardadı poçt vasitəsilə 2015-ci ildə bu ünvana göndərilib, lakin geri qaytarılmış, eyni zamanda,məlikəmə bildirişlərini şəxsən imza edib götürmüş, hətta hazırlıq iclası barədə sms qaydasında məlumatlandırılmışdır. İddiaçı cavabdehdən pulu aldığı üçün, həmin vaxt məhkəmə qərardadından şikayət verməmişdir. İndi 5 ildən artıq bir müddət keçəndən sonra nümayəndəsi vasitəsilə iddiası əsassızdır. Çünki pul 2015-ci ildə tam həcmdə ona qaytarılmış, buna görə də, şikayət verməmişdir. Əslində, birlikdə notariusa yaxınlaşıb, müqaviləni ləğv etməli idilər, lakin iddiaçı birdən ölkədən köçdüyü üçün bu mümkün olmamışdır. Qanunvericiliyə görə, iddiaçı və cavabdeh məhkəmədə iştirak edə bilməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim etdikdə məhkəmə öz qərardadını ləğv edə bilər. Hzırıkı işdə isə, məhkəmə qərardadında üzrlü səbəbin nədən ibarət olduğu aydın deyil, belə bir səbəb yoxdur. Odur ki, 4 il 5 aydan sonra iddiaçının nümayəndəsinin vəsatəti əsasında xx.xx.2020-ci ildə məhkəmənin xx.xx.2015-ci il tarixli qanuni və əsaslı qərardadının ləğv edilib, işin baxışa təyin edilməsi qanunsuz və əsassız olmuşdur. İddiaçı yalnız ümumi qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərdi.Bundan əlavə, məhkəməyə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə iddia müddətin tətbiqi barədə ərizə təqdim olunmasına baxmayaraq, məhkəmə bu ərizədə əsaslandırılmış formada qeyd olunanlara hər hansı formada münasibət bildirməmişdir. Belə ki, iddiaçı öz hüququnun pozulduğunu xx.xx.2012-ci il tarixdən etibarən bildiyi onun iddia ərizəsi ilə etirafından görünür. Belə olduğu halda, iddiaçı xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixə qədər, yəni 3 il müddətində məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olmuşdur. İddia ərizəsini isə məhkəmə dəftərxanasına məhkəmə ştampı ilə təsdiq olunmuş qaydada məlum olur ki, iddiaçı 3 illik müddət başa çatdıqdan sonra xx.xx.2015-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı heç bir üzrlü səbəb olmadan iddia müddətini buraxmış, iddia müddətin buraxılmasını üzürlü hesab etməsi barədə məhkəməyə ərizə təqdim etməmişdir. Məhkəmə isə, iddia müddətin tətbiqi ilə əlaqədar cavabdehin ərizəsini təmin etməməsinin səbəblərini qətnamədə əsaslandırmamış, nəticədə iddiaçının 2015-ci ildə aldığı pul məbləğin 2-ci dəfə ona verilməsinə dair qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh, İddiaçı 100.000 manat məbləğində borc almışdır. Cavabdeh müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan xx xxxx 2012-ci il tarixədək borcu ödəməyi, İddiaçı da bu ödəməni qəbul etməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etmədyini bildirərək, borcun qaytarılmasını tələb edir. Mülki Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Kollegiya, mübahisənin həlli ilə bağlı ilk növbədə bildirir ki, tərəflər arasında bağlanmış xx xxx 2012-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh borcu xx xxxx 2012-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin öhdəliyin icrası üçün müəyyənləşdirilmiş həmin gün (31 iyun) təqvimdə nəzərədə tutulmadığından, belə hesab olunur ki, tərəflər aralarında icranın iyun ayının son gününədək, yəni xx xxxx 2012-ci ilədək həyata keçirilməsi barədə razılaşmışlar. Cavabdeh tərəfindən öhdəliyin müqavilə ilə razılaşdırılmış həmin tarixədək icra edilməməsi isə işin mübahisəsiz halıdır. Hazırda cavabdeh bildirir ki, 2015-ci ildə borcu tam şəkildə iddiaçıya qaytarmış, bu səbəbdən də iddiaçı sonrakı məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə tərəfindən xx.xx.2015-ci il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin vaxtdan uzun müddət keçdikdən sonra, məhkəmənin xx.xx.2020-ci il tarixdə iddiaçının ərizəsi əsasında heç bir üzrlü səbəb olmadan iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadını ləğv edib, işə mahiyyəti üzrə baxması qanunsuz olmuşdur. Ona görə də, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Kollegiya, cavabdehin bu mövqeyi ilə razılaşmır, ona görə ki, əvvəla cavabdeh onun tərəfindən borcun ödənildiyini bildirsə də, bu halı mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Digər tərəfdən, MPM-in 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən isə, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göründüyü kimi, ərizənin MPM-in 259.0.6-cı maddəsinə nəzərdə tutulmuş əsasla baxılmamış saxlanılması üçün tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlanıdırılmış olmalı, lakin üzrlü səbəb olmadan məhkəməyə gəlməməli və işə onların iştirakı olmadan baxılması barədə müraciət etməmiş olmalıdırlar. Baxılan işdən isə görünür ki, tərəflər xx.xx.2015-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmadığı halda, məhkəmə həmin tarixli qərardadı ilə iddia ərizəsini baxılmamış saxlamış, bununla da prosessual pozuntuya yol vermişdir. Belə ki, ünvan üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə bildirişin göndərilməsi barədə iş materiallarına ümumiyyətlə hər hansı sənəd (qaimə, poçt xəbərnaməsi, zərf və s.) əlavə olunmamış, cavabdehə göndərilmiş bildiriş isə “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Eyni zamanda, tərəflərə sms xəbədarlıq edilməsi barədə işdə olan bildirişlər də onların çatdırılması barədə təsdiqedici qeyd əks olunmadığından mötəbər hesab edilmir. Belə olan halda, Nərimanov Rayon Məhkəməsi iddiaçının ərizəsi əsasında xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması barədə xx.xx.2015-ci il tarixli qərardadını ləğv edərək, işə mahiyyəti üzrə baxılmasını davam etdirməkdə haqlı olmuşdur. Bununla belə, Kollegiya rayon məhkəməsinin iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsinə münasibətdə gəldiyi qənaətlə razılaşmayaraq, hesab edir ki, iddiaçı pozulmuş hüququnun müdafiəsi müddətini ötürmüşdür. Belə ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda, bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüququnu qounmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. Mülki Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Kollegiya qeyd edir ki, hazırkı işdə tərəflər arasındakı münasibətlər xx.xx.2012-ci il tarixli borc müqaviləsindən irəli gəldiyi üçün tələbə üç illik iddia müddəti şamil edilir. Bununla belə, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Baxılan işdə iddia müddətinin axımı borc müqaviləsinin müddətinin başa çatdığı xx.xx.2012-cı il tarixdən başlanır. Bu halda, həmin müqavilədən irəli gələn tələblər üzrə məhkəmədə iddia qaldırmanın son tarixi xx.xx.2015-ci il hesab olunur. İddiaçı isə, hazırkı iddianı xx.xx.2015-ci il tarixdə qaldırmaqla qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Həmin müddətin kəsilməsinə və ya dayanması halı isə aşkar edilməmişdir. Kollegiya onu da vurğulayır ki, iddiaçı və birinci instansiya məhkəməsi iş materiallarının 108-ci vərəqinə istinad edərək, iddia ərizəsinin məhkəməyə əslində iddia müddətinin son günü, yəni xx.xx.2015-ci il tarixdə təqdim edildiyini bildirməklə, iddia müəddətini ötürürlməmiş hesab etsələr də, həmin sənəd mötəbər hesab edilə bilməz. Əvvəla, ona görə ki, sözügedən sənəd kserosurət olmaqla, üzərindəki, qeydiyyat ştampının aidliyinin müəyyən edilməsi mümkün deyil. MPM-in 89.3-cü maddəsinə görə isə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Eyni zamanda, iddia ərizəsinin məhkəməyə daxil olma tarixi iş materiallarına tikilmiş iddia ərizəsinin üzərinə vurulmuş məhkəmə ştampında qeyd olunan tarixə əsasən müəyyən edilir ki, işdən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2015-ci il tarixdə daxil olmuşdur. Qeyd olunanlara əsasən, Kollegiya, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi üzrə əsassız olaraq iddia müddətini ötürülməmiş hesab edərək, iddianı qismən təmin etməklə, düzgün olmayan qənaətə gəlmişdir. Ona görə də, qətnamə tamamilə ləğv edilməli və iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “100.000 manat borcun və həmin borc məbləğinin ödənilmədiyi gündən məhkəmə qərarının çıxarıldığı günədək Azərbaycan Respublikasının Mərkəzi Bankının 2012-2020-ci illər üzrə müəyyən etdiyi illik faiz bank uçot dərəcəsi nəzərə alınmaqla onun xeyrinə ümumilikdə 159.256 manatın və 31 manat dövlət rüsumunun tutulması” barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7007/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7007/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver