Məhkəmə qərarları › İş №2(103)-7007/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7007/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7007/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcla əlaqədar pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(010)-1389/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcla əlaqədar pul» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 13396,44 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********30000 olan Ağaverdi Ağayevin elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 13396,44 borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh Ağaverdi Ağayevə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 13396,44 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Ağaverdi Ağayevin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesabfaktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Hal-hazırda Ağaverdi Ağayev vəfat etdiyindən və onun oğlu Cavabdeh məsuliyyət daşımalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(010)- 1389/2021 saylı qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia rədd olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, borcun uzun illər ərzində sərfiyyata görə yaranmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, borc məbləği təqribən 2007-ci ildən başlayaraq 2021-ci il tarixədək hesablanmışdır. Bu barədə birinci instansiya məhkəməsinə müvafiq arayış təqdim etmişlər. Borc sırf sərfiyyatla bağlı hesablanmışdır. Belə ki, cavabdeh əvvəllər sərf etdiyi elektrik enerjisinin dəyərini ödəmədiyindən işığın verilməsi dayandırılmış, bu zaman cavabdeh qanunsuz olaraq kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etmiş, həmin fakt əməkdaşları tərəfindən aşkar olunduqdan sonra işığın verilməsi bərpa olunmuş və bu hal dəfələrlə təkrarlanmışdır. Lakin, cavabdeh tərəfindən qanunsuz olaraq əlavə qoşulma halları sənədləşdirilməmiş, bu barədə aktlar tərtib olunmamışdır. Həmçinin, əvvəllər cavabdehə müvafiq xəbərdarlıqların göndərilməsi ilə bağlı da məhkəməyə sübut təqdim edə bilməmişlər. Hər bir halda cavabdeh tərəfindən arayışda göstərilən illər ərzində elektrik enerjisindən istifadə nəticəsində 13396,44 manat borc yaranmışdır. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddia tələbi tam əsassızdır, onun elektrik enerjisindən istifadə nəticəsində 13396,44 manat borcu mövcud deyidir. İddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız özü tərəfindən tərtib olunmuş arayış vermişdir. O, işlətdiyi elektrik enerjisinin dəyərini cavabdehin əməkdaşlarına ödəmişdir. Həmçinin, keçən müddət ərzində ona borcunun olması və ya elektrik enerjisindən qanunsuz istifadə etməsi ilə bağlı hər hansı xəbərdarlıq gəlməmiş, barəsində akt tərtib olunmamışdır. Əgər həqiqətən əvvəlki illər ərzində onun işığa külli məbləğdə borcu var idisə, niyə işığı kəsilməmiş, barəsində inzibati tədbirlər görülməmişdir. O, balaca, 3 otaqdan ibarət evdə yaşayır və iddia olunan məbləğdə sərfiyyata səbəb ola biləcək hər hansı qurğudan istifadə etmir. Onun heç kondisioneri belə yoxdur, sərinkeşdən istifadə edir. Hesab edir ki, iddiaçı ondlan əsasız olaraq pul tələb edir, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan **********30000 kodlu abonent bildirişindən görünür ki, Ağaverdi Ağayevin "xxxx" ASC-yə 13396,44 manat borcu vardır. İşdə olan Suraxanı rayonu Enerji Təchizatı və Satışı İdarəsinin 16.03.2021-ci il tarixli arayışından görünür ki, **********30000 kodu üzrə 2006-cı il tarixə qalıq borc -55,02 manat, 2007-ci il tarixə 5,72 manat, 2008-ci il tarixə 43,36 manat, 2009-cu il tarixə 86,54 manat, 2010-cu il tarixə 96,54 manat, 2011-ci il tarixə 315,92 manat, 2012-ci il tarixə 1282,99 manat, 2013-cü il tarixə 1166,44 manat, 2014-cü il tarixə 1138,50 manat, 2015-ci il tarixə 1143,18 manat, 2016-cı il tarixə 1370,86 manat, 2017-ci il tarixə 2230,68 manat, 2018-ci il tarixə 2177,73 manat, 2019-cu il tarixə 2147,73 manat, 2020-ci il tarixə 201,07 manat və 2021-ci il tarixə artıq ödəmə 5 manat olmuşdur. Qeyd edilməlidir ki, «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektrik və istilik enerjisi ilə təchizatın subyektləri dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və enerji istehlakçıları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra Qaydalar) 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı – müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Qaydaların 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.7-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Qaydaların 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Qaydaların 9.13 və 9.13.2-ci bəndlərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini həmçinin elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə dayandıra bilər: Göründüyü kimi, istehlakçı elektrik enerjisinin haqqını istənilən müddətdə deyil, qanunvericiliklə müəyyən olunmuş qısa müddət ərzində ödəməli, əks halda vaxtında müvafiq tədbirlər həyata keçirilməlidir. İddiaçı tələb olunan borcun cavabdeh tərəfindən uzun illər ərzində (ən azı 10 ildən yuxarı) istifadə etdiyi sərfiyyata görə hesablanmasını bildirsə də, bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin, iddiaçının qeyd edilən mövqeyi ağlabatan da deyildir. Çünki, əgər iddiaçı tərəfindən həqiqətən əvvəlki illər üzrə yüksək məbləğlərdə (arayışda göstərildiyi kimi - 2012-ci il tarixdə 1282,99 manat, 2013-cü il tarixdə 1166,44 manat, 2014-cü il tarixdə 1138,50 manat, 2015-ci il tarixdə 1143,18 manat və s.) elektrik enerjisinin sərfiyyatı həyata keçirilmişsə və onun dəyəri ödənilməmişsə, o zaman nəyə görə əvvəllər bu istiqamətdə müvafiq tədbirlər (inzibati və ya məhkəmə qaydasında) həyata keçirilməmiş, borcun ödənilməsi tələb olunmamamışdır, elektrik enerjisinin verilməsi dayandırılmamışdır. Bununla yanaşı, iddiaçı həmin illər üzrə cavabdehə hər hansı xəbərdarlıq (borcun ödənilməsi, qanunsuz qoşulmanın dayandırılması və s.) göndərilməsinə dair də məhkəməyə sübut təqdim edə bilməmişdir. İddiaçı tərəf qeyd edilən hallarla bağlı məhkəməyə ağlabatan izahat da təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni zamanda, iddianın nümayəndəsi bildirmişdir ki, cavabdeh dəfələrlə elektrik enerjisindən qanunsuz istifadə etmiş (əlavə xətt vasitəsilə), bu hal tərəflərindən aşkar olunduqda elektrik enerjisinin verilməsi bərpa olunmuş, lakin pozuntu aktlaşdırılmamışdır. Halbuki, Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur Qaydaların 7.6-cı bəndinə əsasən hesablaşma elektrik sayğıcının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Qanunvericiliyin qeyd edilən normalarında göstərilən halların araşdırılması bilavasitə enejitəchizatı müəssisənin üzərinə düşür. İddiaçı isə pozuntuların aşkar olunması istiqamətində məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin qeyd edilməldir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi borcun Ağaverdi Ağayevə məxsus olmasını göstərmiş, sonradan iddia tələbini dəyişdirərək sonuncunun vəfat etməsi ilə bağlı borca görə onun oğlu olan Cavabdeh məsuliyyət daşımasını göstərmişdir (işdə olan ölüm haqqında şəhadətnaməyə görə X3 22 yanvar 2020-ci ildə vəfat etmişdir). Halbuki, Cavabdeh abonentin oğlu olması faktı özü-özlüyündə onun təqsirini müəyyən etmir. Lakin bu hal nəzərə alınmasa belə, yuxarıda qeyd olunanlara əsasən iddia tam əsassızdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir, şikayətin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcla əlaqədar pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(010)-1389/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(010)- 1389/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar