Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7007/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı “pul məbləğinin qaytarılması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(002)-13/2022 saylı qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" ASC (bundan sonra, iddiaçı) borclu Cavabdeh1 (bundan sonra cavabdeh) və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin «Rabitə» filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 avqust 2010-cu il tarixli 1564 saylı kredit müqaviləsinə əsasən 4349 manat əsas borcun, 3688,33 manat faiz borcunnu və ödənilmiş 20 manat dövlət rüsumunun borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" ASC-nin «Rabitə» filialı arasında bağlanmış 20 avqust 2010-cu il tarixli 1564 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 21% olmaqla 8800 manat kredit verilmişdir. Kredit müqaviləsinin 2.7-ci bəndində ödənişlər vaxtında aparılmadığı halda ona hər gecikdirildiyi gün üçün kreditin əsas məbləğinin 0,1% həcmində cərimə ödəyəcəyi nəzərdə tutulmuşdur. Bundan başqa, "xxxx" ASC-nin «Rabitə» filialı ilə Cavabdeh2 arasında bağlanmış 20 avqust 2010-cu il tarixli 210/07 saylı zaminlik müqaviləsinə əsasən sonuncu üzərinə borcalanın kreditor (bank) qarşısındakı öhdəliklərinin vaxtında yerinə yetirilməsində birgə və eyni dərəcədə məsuliyyəti üzərinə götürmüşdür. Qeyd olunan kredit müqaviləsinin müddətinin 20 avqust 2013-cü il tarixdə başa çatmasına baxmayaraq borclu banka olan kredit borcunu və faizi tam şəkildə ödəməmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 05 oktyabr 2015-ci il tarixə borclunun banka 4349 manat əsas borcu, 3688,33 manat faiz borcu qalmışdır. Borcalana 06 oktyabr 2015-ci il tarixli, 16/12061 saylı bildiriş məktubu göndərilsə də, o, yenə də müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 oktyabr 2015-ci il tarixli, 2(002)- 5963/2015 saylı məhkəmə əmri ilə ərizə təmin olunmuşdur. Borclu Cavabdeh1 məhkəmə əmrinə etiraz vermiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 iyul 2020 ci il tarixli, 2(002)-5963/2015 saylı qərardadı ilə etiraz təmin edilmiş, məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. Bundan sonra Cavabdeh1 cavabdeh "xxxx" ASC-yə qarşı «pul məbləğinin qaytarılması» tələbinə dair qarşılıqlı iddia verərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilərək 3368,50 manat pul vəsaitinin "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli əmri ilə ondan və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 4349 manat əsas borc, 3688,33 manat faiz olmaqla, cəmi 8037,33 manat pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması əmr olunmuşdur. O, xx.xx.2020-ci il tarixdə həmin əmrə etiraz vermiş və iddia icraatına keçilmişdir. İşin faktiki halı ilə bağlı bildirir ki, o, 2010-cu il tarixdə "xxxx" ASC-dən kredit götürmüş, həmin pula «Daewoo Nexia» markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil əldə olunmuş, həmin avtomobil borcun təminatı kimi banka girov qoyulmuşdur. Avtomobil qohumu olan X2 üçün əldə olunmuş və onun tərəfindən dərhal qohumuna müvafiq etibarnamə verilmişdir. Aylıq kredit ödənişləri də qohumu tərəfindən ödənilmişdir. Lakin, 2011-ci ilin aprel ayında həmin şəxs avtomobildə cinayət hadisəsi törədərək gəlinlərini qətlə yetirmişdir. Bununla bağlı cinayət işi başlanmış və avtomobil müvafiq orqanlar tərəfindən maddi sübut olaraq götürülmüşdür. Bu gözlənilməz faciə ilə bağlı ağır psixoloji təsir altında olmuşdur və hadisədən təqribən iki ay sonra bankdan ona telefonla zəng olunaraq banka yaxınlaşması və avtomobili satıb kredit borcuna yönəltmələri üçün etibarnamə verməli olduğu bildirilmişdir. Qardaşı ilə (həyat yoldaşı qətlə yetirilən) banka yaxınlaşmış və avtomobilin kredit borcu əvəzinə götürülməsinə etiraz etməməsi barədə razılıq məktubuna imza etmişdir. Eyni zamanda bank əməkdaşları ilə birlikdə notariusa gedərək etibarnamə vermişdir. Etibarnaməni bir dəfə vermişdir və etibar etdiyi şəxs bankın əməkdaşı olmuşdur. Bundan sonra bank əməkdaşları tərəfindən ona artıq bir problem qalmadığı bildirilmişdir. Həmin tarixdən də o, dəfələrlə müxtəlif banklardan kredit götürmüşdür və hər dəfə ona heç bir banka kredit borcunun olmadığı bildirilmişdir. Kredit borcu olsa idi, heç bir bank ona kredit verməzdi. 2020-ci ildə ona Qaradağ rayon İcra şöbəsindən zəng gələn zaman məlum olmuşdur ki, 2015-ci ildə hazırki mübahisəli kredit borcu ilə bağlı məhkəmə əmri mövcud olmuşdur. Yuxarıda qeyd etdiyi kimi, dərhal əmrə etiraz verərək bankdan hesabdan çıxarış və kredit bürosundan çıxarış əldə etmiş və görmüşdür ki, onun mübahisəli kredit üzrə borcu yoxdur. Dəfələrlə banka müraciət etmiş və ona dəqiq cavab verən olmamış, avtomobilin onlarda olmadığı bildirilmişdir. Xüsusi olaraq qeyd edir ki, hazırki iddia icraatı zamanı da bank tərəfindən məhkəməyə dəfələrlə avtomobilin bankda olmadığı bildirilsə də, sonuncu məhkəmə iclasında bankın məktubundan məlum olmuşdur ki, avtomobil bankdadır. Artıq borcun təminatı olan mübahisəli avtomobilin bankda olması halı mübahisəsizdir. DYP-nin müvafiq cavabından və əlavə etdiyi sübutlardan da göründüyü kimi, bank 2011-ci ildən əldə etdiyi həmin avtomobili bir neçə şəxsə vermiş və kredit ödənişləri də həmin şəxslər tərəfindən ödənilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli avtomobil yuxarıda qeyd etdiyi X2 üçün alınmışdı və sonuncu tərəfindən idarə olunaraq kredit də sonuncu tərəfindən ödənilirdi. Lakin qeyd etdiyi hadisədən sonra həmin şəxsə qarşı cinayət işi başlanmış və nəticə olaraq 14 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Yuxarıda qeyd etdiyi kimi onun tərəfindən bankın istəyi ilə mübahisəli avtomobilə dair bütün səlahiyyətlər barədə bankın müəyyən etdiyi şəxsə etibarnamə verilmiş, sonra isə iş materiallarına əlavə etdiyi sübutlardan da göründüyü kimi, bankın istəyi ilə avtomobil aşağıdakı şəxslərə verilmişdir: - xx.xx.2011-ci il tarixdə F.Babayevə 30 il müddətinə baş etibarnamə, həmçinin 3 il müddətinə sürmək üçün etibarnamə; - xx.xx.2011-ci il tarixdə İ.Nəsirova 30 il müddətinə baş etibarnamə, həmçinin 5 il müddətinə sürmək üçün etibarnamə; - xx.xx.2011-ci il tarixdə Ş.Kərimova 30 il müddətinə baş etibarnamə; - xx.xx.2011-ci il tarixdə R.Abdullayevə oğluna 30 il müddətinə baş etibarnamə, həmçinin 8 il müddətinə sürmək üçün etibarnamə; - xx.xx.2013-cü il tarixdə D.Vəliyevə 10 il müddətinə baş etibarnamə, həmçinin 6 il müddətinə sürmək üçün etibarnamə verilmişdir. Göründüyü kimi mübahisəli avtomobil son olaraq D.Vəliyevin istifadəsində olmuşdur və onun bildirdiyinə görə də, 2013-cü il ərzində müvafiq kredit borcu üzrə tərəfindən banka ödənişlər edilmiş, lakin tam ödəniş etmək imkanı olmamışdır. D.Vəliyev bildirir ki, 2013-cü ilin dekabr ayında bank əməkdaşları ona yaxınlaşaraq, avtomobilin girovlarında olduğunu, bu səbəbdən də axtarışla gəldiklərini və avtomobili onlara təhvil vermək məcburiyyətində olduğunu bildirmişlər. D.Vəliyev də öz növbəsində avtomobili bank əməkdaşlarına təhvil vermişdir. Yuxarıda göstərdiyi bütün əsaslardan mübahisəli avtomobilin 2013-cü ilin dekabr ayından banka olması tam şəkildə sübut olunur. Eyni zamanda iş üzrə təyin olunmuş və elektron qaydada işə yeni əlavə olunmuş ekspert rəyindən də görünür ki, 20 avqust 2010-cu il tarixli mübahisəli kredit borcu üzrə müqavilə müddətinə, yəni xx.xx.2013-cü il tarixədək cəmi borc 5631,50 manat təşkil edir. Həmin tarixə, yəni 2013-cü il tarixə girovda olan və bank tərəfindən Vəliyev Dəyanətdən təhvil götürülən mübahisəli 2010-cu il buraxılışlı «Daewoo Nexia» markalı avtomobilin dəyəri internet vasitəsi ilə apardıqları araşdırmalara əsasən 9000 manat təşkil etmişdir. Ekspertin rəyi iş üzrə əsas götürüləcəyi halda avtomobilin 9000 manat müəyyən etdikləri həmin dəyərindən ekspertin həmin tarixə müəyyən etdiyi 5631,50 manat kredit borcu çıxıldığı zaman bankın ona 3368,50 manat məbləğində borcu yaranır. Qanunvericiliyə və girov müqaviləsinin şərtlərinə əsasən hazırda həmin pulu tələb hüququ vardır. Doğrudur, etirazda da göstərdiyi kimi, bank tərəfindən ona 2020-ci il tarixdə təqdim edilmiş hesabdan çıxarışdan da görünür ki, mübahisəli kredit üzrə həmin tarixə onun banka borcu yoxdur. Məhkəmə ekspertizası təyin edərkən ekspert qarşısında ancaq müqavilə müddətinə mövcud olan əsas borc və faiz barədə sual qoyulduğu üçün iş üzrə qeyd etdiyi hal araşdırılmamış qalmışdır. Adətən iş üzrə təyin olunmuş ekspertizanın məqsədi hazırki tarixə olan borcun aydınlaşdırılmasına xidmət etməli olduğu halda, nədənsə ekspertdən ancaq müqavilə müddətinə olan borcun öyrənilməsi istənilmişdir. Hesab edir ki, gələcəkdə məhkəmə bu istiqamətdə də mütləq araşdırma aparmalıdır. Çünki, məhkəməyə kredit borcunun olmadığını göstərən hesabdan çıxarış və kredit reyestrindən çıxarış təqdim olunmuşdur və bunların hər ikisinə işə baxan məhkəmə tərəfindən qiymət verilməlidir. Hər iki sübutla, həm hesabdan çıxarışla, həm də kredit reyestrindən çıxarışla bağlı bildirir ki, həmin sübutlar işin digər halları ilə tam şəkildə tamamlanır. Belə ki, mübahisəli avtomobili etibarnamə ilə sonuncu olaraq istifadə edən Vəliyev Dəyanət avtomobili 2013-cü ilin dekabr ayında banka təhvil verdiyini bildirmiş və hesabdan çıxarışda da həmin ayda bank tərəfindən müvafiq borc silinmiş, eyni zamanda kredit reyestrinə bu barədə sənədlər əlavə olunmaqla məlumat verilmişdir. Göstərilənlər sübut edir ki, onun adına iddiaçıya olan heç bir kredit borcu yoxdur. Tam əksinə, iş materialları onu deməyə əsas verir ki, bankın ona ödəniləcək 3368,50 manat məbləğində borcu vardır. Hesab edir ki, ilk iddia tam əsassız hesab edilməklə rədd olunmalı, qarşılıqlı iddia tələbi isə əsaslı olduğundan və iş materialları ilə sübut olunduğundan təmin olunmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(002)-13/2022 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) ilk iddia qismən təmin edilərək, 4349 manat əsas borc, 1281,66 manat faiz olmaqla, cəmi 5630,66 manat pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, ilk iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın tam rədd edilməsi, qiymətləndirmə xərci kimi 200 manat pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 55 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət olunmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti qarşılqılı iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, bank cavabdehdən kredit borcunu tələb edir, eyni zamanda 2013-cü ildən etibarən cavabdehə məxsus avtomobili özündə saxlamaqla onun istifadəyə yararsız vəziyyətə düşməsini və dəyərini xeyli itirməsinə səbəb olmuşdur. Cavabdeh avtomobilə görə bankın əməkdaşına etibarnamə vermiş, ondan sonra bank avtomobili müxtəlif şəxslərin istifadəsinə vermiş, beləliklə avtomobil hazırda demək olar ki, yararsız vəziyyətə düşmüşdür. Halbuki, həmin avtomobil kreditin təminatı üçün girov qoyulmuşdur. Əgər ilk iddia üzrə kredit borcunun mövcudluğu müəyyən olunursa, o zaman iddiaçı cavabdehin avtomobilini uzun müddət ərzində özündə saxlamaqla və müxtəlif şəxslərin istifadəsinə verməklə onun dəyərinin xeyli itirilməsinə səbəb olmuşdur. Belə olan halda qarşılıqlı iddia da təmin olunmalıdır. Qarşılıqlı iddiada ona görə 3368,50 manat pul tələb olunmuşdur ki, ilk iddia üzrə qət olunmuş 5630,66 manat pul vəsaiti avtomobilin həmin dövrdə dəyəri olan 9000 manatdan çıxılmışdır. Əgər həmin pul vəsaiti çıxılmayacaqsa, o zaman iddiaçıdan 9000 manat pul tulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehə kredit məhz «Daewoo Nexia» markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün verilmiş, 20 avqust 2010-cu il tarixli girov müqaviləsinə əsasən həmin avtomobil kreditin təminatı üçün banka girova qoyulmuşdur. Avtomobil təqribən 2013-cü ildən etibarən bankın sahibliyində olmaqla, bankın dayanacağında saxlanılır. Bankın həmin avtomobilə münasibətdə tələbi yoxdur. Avtomobil hazırda yarasız vəziyyətdədir, bu hal birinci instansiya məhkəməsində icraat zamanı ekspert tərəfindən avtomobilə baxış keçirilən zaman da müəyyən olunmuşdur. Kredit ödənişləri ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilmiş, sonuncu ödəniş isə 21 may 2013cü il tarixdə olmuşdur. Bank tərəfindən verilmiş çıxarışlardan açıq-aşkar görünür ki, kredit borcu mövcuddur. Bu səbəbdən də cavabdeh tərəfin bank çıxarışlarına əsasən borcunun olmaması barədə bildirdikləri həqiqətə uyğun deyildir. Cavabdeh kredit borcunu tam bağlaması ilə bağlı məhkəməyə hər hansı sübut, yəni ödəniş qəbzləri və s. təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, ilk iddia qismən təmin olunmuş, iddiaçı və cavabdehlərdən Cavabdeh2 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini, izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılqılı iddianın təmin olunmaması hissədə ləğv olunmalı, qarşılıqlı iddia qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh1 arasında 20 avqust 2010-cu il tarixli, 1564 saylı kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə illik 21% olmaqla 8800 manat kredit verilməsi işin mübahisə olunmayan hallarıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunu mübahisələndirmiş, ümumiyyətlə borcunun olmamasını göstərmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcunun olmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə (Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2021-ci il tarixli 9/6105 saylı rəyi) müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2013-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) banka olan əsas borcu 4349,84 manat, faiz borcu isə 1281,66 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi digər sübutlarla yanaşı, həmçinin ekspertiza rəyinə əsaslanaraq kredit borcunun məbləğini dəqiqləşdirmiş, bu səbəbdən də iddianı faizlərin tutulması hissədə qismən təmin etmişdir (halbuki, iddiaçı 3688,33 manat faiz tələb etmişdir). Cavabdeh kredit borcunun olmamasının əsası kimi bank tərəfindən verilmiş hesabdan çıxarışa əsaslansa da, bu hal həmin sənəddən müəyyən edilmir (apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən də müvafiq çıxarış təqdim olunmuş və tərəflərin iştirakı ilə ona baxış keçirilmişdir). Həmçinin, ekspertiza rəyindən də görünür ki, ekspert tərəfindən hesabdan çıxarışın məlumatlarına istinad olunmuşdur. Cavabdeh apellyasiya şikayətində həmçinin "xxxx" MMC-nin məlumatına əsaslansa da, bu hal vəziyyəti dəyişdirmir. Yəni, işdə olan sübutlarla cavabdehin kredit borcunu tam ödəməsi halı müəyynə olunmur. Qeyd edilən sənəd isə kredit borcunun olmaması anlamına gələ bilməz. Xüsusilə qeyd edilməlidir ki, MM-in 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-in 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. MM-in 529.7-ci maddəsinin tələbinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Göründüyü kimi, qanunverici borclunun borc sənədində göstərilən məbləği tamamilə və ya hissəvi ödəməsi durumunda, bu halın təsdiqi üçün müəyyən qaydalar müəyyən etmişdir. Cavabdeh isə, kredit müqaviləsi üzrə borcunun olmamasını bildirsə də, bu istiqamətdə qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın yoxlanılan hissəsində əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə əsas ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qarşılıqlı iddianı rədd etməkdə haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış 20 avqust 2010-cu il tarixli 1564 saylı kredit müqaviləsinin məqsədi məhz «Daewoo Nexia» markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün olmuşdur. Eyni zamanda işdə olan, tərəflər arasında bağlanmış 20 avqust 2010-cu il tarixli girov müqaviləsinə əsasən həmin avtomobil kreditin təminatı üçün banka girova qoyulmuşdur. Bununla yanaşı işin mübahisə olunmayan digər hallarına əsasən – həmin avtomobil 2013-cü il tarixdən etibarən bankın sahibliyində olmaqla, bankın dayanacağında saxlanılır. İşdə olan “Lex Forı” Hüquq və Qiymətləndirmə ştrkətinin 12 may 2022-ci il tarixli qiymətləndirmə rəyindən və 23 iyun 2022-ci il tarixli arayışından görünür ki, cavabdehin mülkiyyətində olan buraxılış ili 2010-cu il olan «Daewoo Nexia» markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin 2013-cü il tarixə bazar dəyəri 7000 manat, 2022-ci ilin may ayına isə dəyəri 1500 manat təşkil etmişdir. Qəydən, eləcə də ona əlavə olunmuş fotoşəkillərdən açıq-aşkar görünür ki, avtomobil istifadəyə yararsız vəziyyətdə (salonu sökülmüş, qapıları və qanadları paslanmış, batıqlar var, sağ ön fənəri yoxdur, digərləri sınmışdır və s.) olmaqla, əsaslı təmirə ehtiyac vardır. İddiaçının nümayəndəsi avtomobilin nəyə görə 2013-cü ildən bankın dayanacağında saxlanmasını, bu müddət ərzində nəyə görə yararsız vəziyyətə düşməsini və s. bu kimi halları əsaslandıra və izah edə bilməmiş, bunda bankın təqsirinin olmaması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Çünki, avtomobil uzun müddət ərzində bankın sahibliyində olduğundan məhz iddiaçı həmin avtomobilin keçən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşməsində təqsirinin olmamasını sübut etmək yükünü daşıyır. Eyni zamanda, iddiaçı avtomobilin yarasız vəziyyətdə banka təqdim olunması ilə bağlı da məhkəməyə hər hansı sübut (məsələn, təhvil-təslim aktı və s.) təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin mülkiyyətində olan avtomobilin istifadəyə yararsız vəziyyətdə olmasında və dəyərinin xeyri aşağı düşməsində (7000- 1500=5500) iddiaçının təqsirinin olması nəticəsinə gəlir. Belə olan halda isə, qarşılıqlı iddia qismən təmin olunmalı, "xxxx" ASC-dən Cavabdeh1 xeyrinə 5500 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddiada tələb 3368,50 manat olsa da, qarşılıqlı iddiaçı ilk iddia üzrə məhkəmənin qət etdiyi 5630,66 manat pul vəsaitini avtomobilin dəyəri kimi müəyyən etdiyi 9000 manatdan çıxmaqla tələbini formalaşdırmışdır. Məhkəmə kollegiyası hazırkı mərhələdə zərər tələbi ilə ilk iddia üzrə məhkəmənin müəyyən etdiyi kredit borcunun çıxılmasını (əvəzləşdirilməsini) məqsədəmüvafiq hesab etmir. Çünki, ilk iddia eyni zamanda iki cavabdehə qarşı yönəlmiş, qarşılıqlı iddiaçı isə cavabdehlərdən biri (əmlakın mülkiyyətçis) tərəfindən verilmişdir (bununla yanaşı, icra vaxtı tələblərin qarşılıqlı əvəzləşdirilməsi istisna olunmur). Bu səbəbdən də, qarşılıqlı iddianın 5500 manat həddində təmin olunması tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qarşılqılı iddianın rədd olunması hissədə ləğv olunmalı, qarşılıqlı iddia qismən təmin olunmalı, "xxxx" ASC-dən Cavabdeh1 xeyrinə 5500 (beş min beş yüz) manat pul vəsaiti tutulmalı, qarşılıqlı iddia qalan hissədə təmin olunmamalı, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, qarşılıqlı iddia üzrə 55 manat dövlət rüsumu ödənilmiş, həmçinin qarşılıqlı iddia ilə bağlı qiymətləndirmə keçirilmiş, qiymətləndiricinin xərci 200 manat təşkil etmişdir. Birinci instansiya məhkəmə qarşılıqlı iddianı rədd etdiyindən qeyd edilən xərcləri Cavabdeh1 aid etmişdir. Lakin, məhkəmə kollegiyası qarşılıqlı iddianın qismən əsaslı olması nəticəsinə gəldiyindən hesab edir ki, qətnamə həmçinin “qiymətləndirmə xərci kimi 200 manat pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 55 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi” hissədə də ləğv olunmalı, qeyd edilən məhkəmə xəcrləri iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı “pul məbləğinin qaytarılması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(002)-13/2022 saylı qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(002)- 13/2022 saylı qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissədə, həmçinin “qiymətləndirmə xərci kimi 200 manat pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 55 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi” hissədə ləğv edilsin, qarşılıqlı iddia qismən təmin olunsun. "xxxx" ASC-dən Cavabdeh1 xeyrinə 5500 (beş min beş yüz) manat pul vəsaiti, həmçinin qarşılıqlı iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 55 (əlli beş) manat pul tutulsun, qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddiaçıdan qiymətləndiricinin xərci kimi 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7007/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7007/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver