Məhkəmə qərarları › İş №2(103)-7007/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7007/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7007/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-3000/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0064077AZN07971 saylı Bank xidmətlərinin göstərilməsinə dair X4nun xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə ərizəyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən İddiaçı ASC Cavabdeh 36 ay müddətinə, illik 22,5 % hesablanmaqla 2.500 manat məbləğində kredit vermişdir. Borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarix üçün İddiaçı ASC qarşısında öhdəlikləri xx.xx.2020-ci il tarixli 0064077AZN07971 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2.096,69 manat əsas borc, 563,67 manat faiz borcu, 2.706,07 manat cərimə borcu olmaqla, cəmi 5.336,43 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0064077AZN07971 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2.096,69 manat əsas borc, 530,75 manat faiz borcu, 2.495,89 manat cərimə borcu olmaqla, cəmi 5.123,33 manat borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh 0064077AZN07971 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2.096,69 manat əsas borc, 563,67 manat faiz borcu, 2.706,07 manat cərimə borcu olmaqla, cəmi 5.366,43 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 74 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X4nun xx.xx.2020-ci il tarixli, 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-23084İB/2020 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X4 çərçivəsində Cavabdeh arasında 0064077AZN07971 saylı xx.xx.2020-ci il tarixli xidmətin göstərilməsi üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 22.50%, illik cərimə faizi 180% olmaqla, 2.500 manat məbləğində istehlak krediti verilmişdir. Lakin borcalan həmin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsinin həyata keçirmədiyi günlərin sayı 750 gün təşkil edir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(005)-3000/2023 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddianın qismən təmin edilmiş, Cavabdeh 2.096,69 manat əsas, 563,67 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 2.760,36 manat məbləğində pulun və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 74 manat pulun 38 manatının tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, maliyyələşdirmə üçün ərizənin bağlanması və İddiaçı ASC tərəfindən cavabdehə 36 ay müddətinə, illik 22,5 faiz olmaqla 2.500 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş maliyyələşdirmə üçün ərizə, maliyyə arayışı, həmçinin hesabdan çıxarış, eləcə də cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatlarla təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, maliyyələşdirmə üçün ərizə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır.

8. Məhkəmə cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 425, 442, 443.1, 445.1, 445.2.1, 462.1, 462.3, 467, 739, 741-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin, borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq məqsədi güdmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.

14. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı apellyasiya şikayətində qətnaməni iddia tələbinin cərimə borcunun təmin edilməmiş hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

21. İşdən görünür ki, iddiaçı cavabdehdən 2096,69 manat məbləğində əsas və 563,67 manat faiz borcu tələb etdiyi halda, 2.706,07 manat məbləğində cərimə borcu tələb edir.

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi belə olan halda Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini rəhbər tutaraq haqlı olaraq tənasübsüz surətdə yüksək cərimə məbləğini azaldaraq 100 manat məbləğində müəyyən etmişdir.

23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

24. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

25. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 3000/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar