Məhkəmə qərarları › İş №2(103)-7012/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7012/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7012/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K.X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(001)-737/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edrərək, Cavabdeh ləğv prosesində olan “Texnikabank" Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 1544.62 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 212.11 ABŞ dolları faiz, 1034.84 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 26.11.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 211.05 ABŞ dolları borc, ümumilikdə 3002.62 ABŞ dolları kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(001)-737/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1544,62 ABŞ dolları əsas borc, 212,11 ABŞ dolları faiz borcu, 102,22 ABŞ dolları cərimə, 211,05 ABŞ dolları müqavilə müddəti btdikdən sonra hesablanmış faiz borcu, cəmi 2070 (iki min yetmiş) ABŞ dolları kredit borcu ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş ödənilmiş 30 manat dövlət rüsumunun 20,68 (iyirmi manat altmış səkkiz qəpik) manat hissəsi tutularaq iddiaçı ləğv prosesində olan ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 9,32 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, 11.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc tələbinə dair iddia müddəti ötdüyündən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(001)-737/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarından məlumatı olmadığı kimi, qəbul edilmiş məhkəmə qətnaməsi də ünvanına göndərilməmişdir. Qeyd edilən qətnamədən yalnız icra şöbəsindən xəbər tutmuş və bundan sonra həmin qətnaməni əldə etmişdir. İddiaçının mübahisələndirdiyi kredit müqaviləsi 11.02.2015-ci il tarixdə bağlanmışdır və həmin müqavilənin icra müddəti 2 il təşkil etmişdir. Başqa sözlə, 11.02.2017-cı il müqavilənin icra müddətinin bitdiyi gündür. Bu isə o deməkdir ki, iddiaçı MM-in 373.2-ci maddəsinin tələbləri çərçivəsində ən geci 12.02.2020-ci il tarixinədək hazırkı tələblə məhkəməyə müraciət etməli idi. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 25.09.2020-ci il tarixdə müraciət etmişdir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Lakin məhkəmə tərəfindən iddia müddəti mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 -ci və 375.2-ci maddələri). Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.X2 apellyasiya şikayətinə etiraz və məhkəmə aktlarının surətini təqdim edərək etirazda göstərdiklərini təsdiq etdi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh səbəbini göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, iddiaçı tərəfindən cavbdehə 11.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 13000 ABŞ dolları kredit verilmişdir. 28.11.2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdehin 26 noyabr 2019-cu il tarixə 1544,62 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 212,11 ABŞ dolları faiz, 1034,84 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 26 noyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 211.05 ABŞ dolları borc, cəmi borcu 3002,62 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla, işdən görünür ki, eyni kredit müqaviləsinə görə ilk dəfə 11 dekabr 2018-ci ildə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. 24 iyun 2019-cu il tarixdə həmin məhkəmənin qərardadı ilə Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanı rəhbər tutularaq pretenziya qaydasına əməl edilmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08.08.2019-cu il tarixli, 29103)-10871/2019 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yenidən 29 noyabr 2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi yenə də eyni əsasla baxılmamış saxlanılmışdır. Sonuncu qərardadda məhkəmə qeyd etmişdir ki, Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ifadə oluna bilməz. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbi dəflərlə məhkəmələrin icraatında olmuşdur və hər dəfə iddia ərizələrinin baxılmamış saxlanılmasının iddiaçının təqsiri ilə bağlı olmadığından hazırki işdədə iddia müddətinin ötürüldüyündən söhbət gedə bilməz. İkincisi, cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən mövcud olan və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsində olan ünvanına sifarişli məhkəmə bildiriş və SMS bildiriş göndərilmişdir. Göründüyü kimi, cavabdehin bu dəlili əsassız olmaqla yanaşı, başa düşülən də deyildir. Çünki, bu cür dəlillərdən ancaq mülki məsuliyyətdən yayınmaq üçün istifadə etdiyi iş materialları ilə təsdiq olunur. Başqa sözlə, cavabdeh apellyasiya şikayətində yeganə dəlil kimi iddia müddətinin keçdiyini göstərməklə müddətin tətbiq edilərək iddianın rədd olunmasına nail olmaq istəyir. Düzdür, yuxarıda qeyd olunduğu kimi burada iddia müddətinin keçməsindən söhbət gedə bilməz. Ancaq, hər bir halda iddiaçı birinci instansiya məhkəməsində iştirak edərək iddia müddətinin tətbiqi barədə ərizəni rayon məhkəməsinə də verə bilərdi. Ancaq etməmişdir. Apellyasiya instansiyası məhkəməsində də iştirak edərək şikayətinin dəlilini müdafiə etmək istəməmişdir. Bu hal da ona dəlalət edir ki, cavabdeh yalnız pis niyyətlə hüquqdan sui-istifadə etməklə qarşı tərəfə ziyan vurmaq istəyir. Bu hal isə yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(001)- 737/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar