Məhkəmə qərarları › İş №2(103)-7014/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7014/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7014/2023 17.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(001)- 374/2023 saylı qərardadından mülki iş üzrə Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(001)-374/2023 saylı qətnaməsinə əsasən, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 9768,54 manat məbləğində əsas, 5697,74 manat faiz və 684 manat dəbbə borcu olmaqla, ümumilikdə 16150,28 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2-də xüsusi mülkiyyətində olan 72,53 kv.metr ümumi sahədən ibarət 4 nömrəli mənzilə (yeni qaydalarla: AZ 1111 Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2, M2, m2) yönəldilməsi, həmin əmlakin ilkin satış qiyməti 121000 manat müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına banka olan borcun ödənilməsinin təmin edilməsi, satışdan əldə ediləcək məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək olaraq ümumi qaydada tutulması, habelə, satışdan əldə ediləcək vəsait hesabına borc tam ödənildikdən sonra qalıq məbləğin Cavabdeh1 ödənilməsi, əmlaka tutma yönəldikdən və açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 və Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın onlar tərəfindən boşaldılaraq alıcıya təhvil verilməsi, onların həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 138 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat, xidmət haqqının əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi qərara alınmış, iddia qalan hissələrdə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti məhkəməyə elektron kabinet vasitəsilə daxil olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərardadına əsasən, apellyasiya şikayəti geri qaytarılmışdır. Sonradan Cavabdeh1 qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(001)- 374/2023 saylı qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulan buraxılmış prossesual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh1 məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(001)- 374/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir. Göründüyü kimi, birinci instansiyası məhkəməsinin qətnaməsindən qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilmiş olsa da, geri qaytarılmış, yenidən verilmiş apellyasiya şikayətində Binəqədi rayon məhkəməsi buraxılmış müddətin bərpası barədə ərizəni təmin etməyərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bununla da Mülki Prosesual Məcəllənin tələblərinə Binəqədi rayon məhkəməsi formal yanaşmış, müvafiq normalarına əhəmiyyət verməyərək bizim məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur. Müddətin bərpa olunmamasını tam qanunsuz və əsassız hesab edir. Həmin qərardaddan şikayət etmə müddəti ərzində təkrar verdiyindən heç o müddəti də ötürməmişdir. Hesab edir ki, hakim öz qətnaməsinin taleyindən narahat olaraq müddəti bərpa etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(001)- 374/2023 saylı qərardadı ilə Cavabdeh1 şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(001)- 374/2023 saylı qətnaməsi hakimin elektron imzası ilə təsdiq edilməklə xx.xx.2023-cü il tarixdə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh1 iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(001)- 374/2023 saylı qətnaməsindən xx.xx.2023cü il tarixdə verdiyi apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə versə də, şikayət “MPM-ə əlavə 2”-də göstərilən formada və məzmunda tərtib edilməmişdir. Bu səbəbdən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(001)- 374/2023 saylı qətnaməsindən apellyasiya şikayətini MPM-ə 2 saylı Əlavəyə uyğun qaydada tərtib etməklə xx.xx.2023-cü il tarixdə yenidən məhkəməyə təqdim etmişdir. Lakin, bu dəfə də Cavabdeh1 qətnamədən apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməklə vermişdir. Lakin, Cavabdeh1 prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(001)- 374/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək bərpa etməmişdir. Bu səbəbdən Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(001)- 374/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(001)- 374/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar