Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7021/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(008)-4465/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Tərəflərin nikahları pozulmuş və birgə nikahdan tərəflərin yetkinlik yaşına çatmamış bir uşağı var - xx.xx.2019-cu il tarixdə doğlumuş X7. Sabunçu rayon Məhkəməsinin 2(008)-483/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə doğlumuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 170 manat aliment tutulmuşdur. Hazırda iddiaçı alimentin məbləğinin artırılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən hesablanmaqla Sabunçu rayon Məhkəməsinin 2(008)-483/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il tarixdə doğlumuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin xx.xx.2019-cu il tarixdə X7 doğulmuşdur. Sabunçu rayon Məhkəməsinin 2(008)-483/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsilə cavabdehdən xx.xx.2019-cu il tarixdə doğlumuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 170 manat məbləğində aliment tutulmuşdur. Hazırda həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir. Uşağın təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(008)-4465/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-483/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən təyin olunmuş 170 manat alimentin miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq X4 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(008)-4465/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması, həmin qətnamənin nəticə hissəsində «X8» sözlərinin «X6» sözləri kimi oxunması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Göründüyü kimi, 170 manat aliment təyin olunandan sonra uşağın tələbatları artmış, o, artıq uşaq bağçasına getməyə başlamışdır, eyni zamanda uşağın gözlərində problem olduğundan, o, həkim nəzarəti altında olmalıdır. Cavabdeh qızıl tələbi barədə qətnamədən sonra pis vəziyyətinə düşməsini bildirmişdir. Lakin, məhkəmə cavabdehin bu dəlili ilə razılaşmamışdır. Belə ki, cavabdeh iddiaçıya məxsus qızılları qaytarmalıdır, yəni ona məxsus olmayan nəyisə qaytarmaqla onun maddi vəziyyəti pisləşə bilməz. Eyni zamanda məhkəmə cavabdehin işləmədiyini, nəzərə alaraq, hesab etmişdir ki, ondan 200 manat alimentin tutulması ədalətli olardı. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İddiaçı apellyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(008)-4465/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin e- 2(008)-4465/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində icraat İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını tam nəzərə almamışdır. Belə ki, iddiaçının nümayəndəsi uşağın xx.xx.2021-ci il tarixdən Mərdəkan qəsəbəsində yerləşən «Yeganə» adlı özəl uşaq bağçasına getdiyi, aylıq ödənişin 240 manat olduğu barədə bağça tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışı, uşağın «Aysmed» klinikasında oftalmoloqun müayinəsindən keçməsi barədə arayış təqdim etmişdir. Həmçinin birinci instansiya məhkəməsi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu nəzərə almamışdır. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işdən göründüyü kimi iddiaçı cavabdehin maddi vəziyyətinin yaxşılaşması ilə bağlı və ümumiyyətlə tələbi ilə bağlı sübut təqdim etməyib formal əsaslarla məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin hazırkı maddi vəziyyətini nəzərə almadan tələbə mülahizəsinə və formal əsaslarla baxaraq ədalətsiz və qanunsuz yekun məhkəmə aktı qəbul etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin ədalətli və düzgün araşdırlmasını təmin etməyərək qəbul etdiyi qətnamə ilə yalnız iddiaçının mövqeyini müdafiə etməklə cavabdehin hüquqlarını pozaraq məhdudlaşdırmışdır. Belə ki, alimentin miqdarının artılması üçün heç bir əsas olmadığı, cavabdehin işsiz olduğunu bildiyi halda alimentin miqdarını maddi vəziyyətinin pisləşəcəyi səviyyədə artırmışdır. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olsalar da, iddiaçı işləyib stabil gəlirə malik olsa da formal olaraq alimentin artırılması barədə iddia qaldırmışdır. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Ailə Məcəlləsi:
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən 200 manat alimentin tutulması hissəsində dəyişdirilməklə alimentin məbləği 220 manat həddində müəyyən edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Hazırki iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahında olan yetkinlik yaşına çatmayan uşağa ilk dəfə aliment məbləği 170 manat aliment məbləği təyin edilərkən həmin dövr (təqvim ili) üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Hazırda isə 2023-cü il üçün bu məbləğ 220 manat təşkil edir. Sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılması üçün əsas verən halları iddia ərizəsində qeyd etməmiş, eyni zamanda ailə və maddi vəziyyətində müsbətə doğru dəyişikliklərin baş verməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-483/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə doğlumuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 170 manat aliment tutulmuşdur. Hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur. Bununla yanaşı birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, 170 manat aliment təyin olunandan sonra uşağın tələbatları artmış, o, artıq uşaq bağçasına getməyə başlamışdır, eyni zamanda uşağın gözlərində problem olduğundan, o, həkim nəzarəti altında olmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağın tələbatını təmin etməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə xx.xx.2019-cu il tarixdə doğlumuş X7 ananın yanında qalması və uşağın günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın – iddiaçının üzərindədir. İddiaçının işləyib - işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasızdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilsə də, bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının məhkəmə tərəfindən müəyyən edilməsi ilə bağlı hissəsi üzrə gəldiyi qənaətinin əsaslandırmasında tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməli olmasını göstərməyinə baxmayaraq iddiaçının bununla bağlı tələbinin əsası kimi istinad etdiyi hallara düzgün qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçının nümayəndəsi uşağın xx.xx.2021-ci il tarixdən Mərdəkan qəsəbəsində yerləşən «Yeganə» adlı özəl uşaq bağçasına getdiyi, aylıq ödənişin 240 manat olduğu barədə bağça tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışı, uşağın «Aysmed» klinikasında oftalmoloqun müayinəsindən keçməsi barədə arayış təqdim etmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin məbləği hazırda əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması kim qəbul edilməsi yanlışdır, çünki uşağın iddiaçının himayəsində olmasını, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının məhz iddiaçı tərəfindən çəkildiyini, eyni zamanda cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla alimentin məbləği hər ay uşaqlar üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu həddində, yəni 220 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə - cavabdehdən 200 manat alimentin tutulması hissəsində dəyişdirilməklə alimentin məbləği 220 manat həddində müəyyən edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi
İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(008)-4465/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi – Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)- 483/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən təyin olunmuş 170 manat alimentin miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq X2 xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı X5 ödənilməli olan xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alınacaq alimentin məbləği hər ay 220 (iki yüz iyirmi) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə