Məhkəmə qərarları › İş №2(103)-7021/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7021/2025

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7021/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Eyvazov (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 3351/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın qalıq məbləği olan 10205 manat pulun və avtomobilin bazar dəyərinin itirməsi nəticəsində dəymiş ziyan məbləği olan 8000 manat pulun, cəmi 18205 (on səkkiz min iki yüz beş) manat pul vəsaitinin, həmçinin ödənilmiş 144,62 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Toyota Fortuner minik” markalı, 90-FD061 dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuş və həmin avtomobil etibarnamə ilə onun həyat yoldaşı X3 tərəfindən idarə edilmişdir. xx.xx.2024-cu il tarixdə saat 15:30 radələrində iddiaçıya məxsus həmin avtomobili Bakı şəhəri, M.Cəlal küçəsində (65 nömrəli marşurut xəttin sonuncu dayanacağı kimi tanınan dairədə) minik avtomobillərinin parklanması üçün müəyyən edilmiş yerdə park edilmişdir. Həmin gün təxminən saat 15:45 radələrində avtonəqliyyat hadisəsi baş vermiş park halında olan sözügedən avtomobil cavabdehə məxsus **-JK-*** dövlət nömrə nişanlı avtobus tərəfindən vurulmuş və demək olar ki, iddiaçının avtomobili yararsız hala düşmüşdür. İddiaçıya məxsus avtomobilə cavabdeh tərəfindən vurulmuş ziyanın məbləğinin çox olmasına baxmayaraq iddiaçı cəmi 10075 manat sığorta odənişi almışdır (cavabdeh öz məsuliyyətini bu həddə sığortalatdığından), dəymiş zərərin qalan hissəsinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh hər hansı ödəniş etməmişdir. “X15” MMC tərəfindən iddiaçıya məxsus avtomobilə ilkin texniki baxış keçirildikdən sonra avtomobilin təmiri,əvvəlki vəziyyətə qaytarılması və təmir xərcləri üçün cəmi 19300 manat pul vəsaitinin lazım olduğu, təmir zamanı 980 manat əlavə xərc tələb edilə biləcəyi qeyd olunmuşdur (sənəd əlavə edilir). İddiaçı avtomobilin təmirinə faktiki olaraq bu məbləğdən də çox xərc çəkmiş, qəza ağır olduğundan təmirdən sonra belə avtomobildə fəsad olaraq təmir edilə bilməyən və tənasübsüz xərc tələb edən qüsurlar meydana çıxmışdır. Həmçinin qeyd etmək lazımdır ki, avtomobil hətta təmir edilərsə belə onun əmtəə dəyəri itmiş və bazar dəyəri xeyli aşağı düşmüşdür. Belə ki, iddiaçının avtomobili 2011-ci il istehsalı olub, çox yaxşı vəziyyətdə və tam kompektasiyada olmuşdur ki, həmin vəziyyətdəki avtomobilin bazar dəyəri hazırda təxminən ən azı 30000 manatdan başlayır, lakin ağır qəza keçirdiyindən və onu əvvəlki vəziyyətinə tam bərpa etmək mümkün olmadığından hazırda avtomobilin real dəyəri 22000 manatdan artıq deyildir. Bu da avtomobilin təxminən ən azı 8000 manat dəyər itirməsi deməkdir. Nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsi nəqliyyat vasitəsinin dəyərinin azalmasıdır ki, bu da avtomobilin xarici görünüşünün və istismar keyfiyyətlərinin erkən pisləşməsi nəticəsində baş verir. Beləliklə, nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsi real ziyan kimi qiymətləndirilməlidir və bu, avtomobilin təmir xərcləri və ehtiyat hissələrinin dəyəri ilə yanaşı qiymətləndirilir, çünki onun istehlak dəyərinin azalması zərərçəkənə ziyan vurur və bu pozulmuş hüquq pul kompensasiyası ödənilməsi yolu ilə bərpa edilə bilər. Nəqliyyat vasitəsinin mülkiyyətçisi həmin kompensasiyanın alınması ilə bağlı tələblər irəli sürmək hüququna malikdir, çünki onun hüquqları yol-nəqliyyat hadisəsinin özü ilə pozulub. Cavabdeh iddiaya yazılı etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər əsassızdır və zərər məbləği hədindən artıq şişirdilmişdir. Zərərin məbləği qeyri obyektiv və birtərəfli qiymətləndirilmişdir. Belə ki, iddiaçı zərər məbləğini birtərəfli qaydada, öz hesabına hazırlatdığı qiymətləndirmə aktı ilə əsaslandırmağa çalışır. Bu qiymətləndirmə müstəqil ekspert tərəfindən aparılmamışdır. Həmin sənədin obyektivliyi ciddi şübhə altındadır. Qəza nəticəsində avtomobilin dəyərini itirməsi ilə bağlı tələb də əsassızdır, bununla bağlı hər hansı bir meyar mövcud deyildir. Nəzərə alınmalıdır ki, avtobusu icbarı qaydada sığortalayan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən maddi zərər qiymətləndirilmiş və dəymiş zərərin əvəzi olaraq 10075 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 3351/2025 nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Fortuner minik” markalı, **- FD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 6425 manat maddi ziyan və avtomobilin bazar dəyərinin itirməsi nəticəsində dəymiş 2800 manat ziyan olmaqla, ümumilikdə 9225 (doqquz min iki yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi, həmçinin cavabdehdən 112,25 (yüz on iki manat 25 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödəlinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı yol nəqliyyat hadisəsini törətmiş şəxs (sürücü) X4 iş üzrə cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs kimi prosesə cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, zərərin çox hesablanması, məhkəməyə təqdim olunmuş zərər aktında və sonradan əldə olunmuş müstəqil qiymətləndirici rəyində zərərin çox hesablanması, yol nəqliyyat hadisəsini törətmiş şəxsin (sürücünün) prosesə cəlb olunmaması, bundan başqa yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin bazar dəyərinin aşağı düşməsi barədə gəlinmiş nəticənin əsassız olması, məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə, eyni zamanda birinci instansiya məhkəməsində verilmiş izhata uyğun izhaat verərək şikayətin təmin olunmamasını xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan, lakin onun həyat yoldaşı tərəfindən etibarnamə əsasında idarə olunan nəqliyyat vasitəsinə cavabdehə məxsus avtobusu idarə edən onun işçisinin təqsiri nəticəsində zərər vurulmuş, zərərlə bağlı akt tərtib olunmuş, zərərin bir hissəsi sığorta şirkəti tərəfindən ödənilsə də, qalan hissəsi cavabdeh tərəfindən ödənilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunmuş, lakin iddiaçı tərəf mübahisənin uzanmaması üçün apellyasiya şikayəti verməmişdir. Cavabdehin apellyasiya şikayətindən görünür ki, o, iddiaçıya zərərin vurulması faktı ilə razılaşsa da, zərərin məbləğinin yüksək hesablanmasına etiraz etmişdir. Zərərə münasibətdə qeyd olunmalıdır ki, işdə olan müvafiq qiymətləndirmədə dəymiş zərərin məbləği əksinə realdan aşağı göstərilmiş, iddiaçı daha çox zərər çəkmiş, faktiki olaraq avtomobilin real bazar dəyəri də aşağı düşmüşdür. Həmçinin, sığorta ödənişi ilə bağlı əldə olunmuş qəbzlərdən görünür ki, icbari sığorta üzrə 4616 manat, könüllü sığorta üzrə 5520 manat, cəmi 10136 manat ödəniş edilmiş, lakin iddiaçıya bankdan cəmi 10065 manat ödənilmişdir. Belə olan halda, dəymiz ziyanın 61 manat azaldılması məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddianın təmin olunan hissəsində yoxlayır. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının mülkiyyətində olan və etibarnamə əsasında X3 tərəfindən idarə edilən “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh MMCnin mülkiyyətin mülkiyyətində olan və onun işçisi (sürücü) X4 tərəfindən idarə edilən “Otokar Kent” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (avtobus) arasında xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsinin baş verməsi, hadisədə cavabdehin işçisinin təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində inzibati cərimə olunması işin mübahisə olunmayan hallarıdır. Bundan başqa, işdə olan “X14” MMC-yə məxsus xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, iddiaçıya məxsus “Toyota Fortuner minik” markalı, **- FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan (görüləcək işlər və ehtiyat hissələri daxil olmaqla) ümumilikdə 19300 manat təşkil edir. İşdə olan "xxxx" Sığorta Şirkəti ASC-yə məxsus **********7 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh MMC-yə məxsus “Otokar Kent” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobus 397 manat məbləğində sığorta haqqı ödənilməklə, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək sığortalanmışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0221 saylı hesabatına əsasən “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “X14” MMC-nin qüsur aktı nəzərə alınmaqla, saz vəziyyətə gətirməsi (təmiri) üçün tələb olunan vəsait tələb olunan vəsait tələblə təklifin qarşılıqlı təsiri nəticəsində yuvarlaq hesabla təxminən 16500 manat, “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin real bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində orta hesabla təxminən 25600 manat, “Toyota” minik markalı eyni parametrlərə və komplektasiyaya malik avtomobilin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində orta hesabla təxminən 28400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 21.2-ci maddəsinə əsasən əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. MM-nin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-nin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Qanunvericliyin qeyd olunan tələblərindən göründüyü kimi, öhdəliyin yaranması əsaslarından biri də hüquq pozuntusudur (deliktdir). Delikt nəticəsində, vurulmuş zərərdə təqsiri olan şəxslər mülki hüquqi məsuliyyət daşıyır. Lakin, qanunverici bəzi hallardan şəxsin vurulmuş zərərə görə təqsirsiz məsliyyət daşıya biləcəyini də nəzərdə tutmuşdur ki, bu hallardan biri də işçinin vurduğu zərərə görə işəgötürənin məsuliyyət daşımasıdır. Belə ki, işçi işəgötürənin nəzarəti altında, onun əmr, tapşırıq və təlimatları ilə işləyir, işgötürənin isə işçisinin fəaliyyətinə nəzarət etməlidir. Eyni zamanda, işəgötürənin iqtisadi üstünlüyünü nəzarə alaraq, dəymiş zərərin daha tez aradan qaldırılması mümkündür. Yuxarıda da qeyd edildiyi kimi, işdə olan sübutlarla Ş.Sadıqov Cavabdeh MMC-nin işçisi olmaqla, MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsilə təqsirli olaraq müvafiq yolnəqliyyat hadisəsini (deliktin) törətmiş və nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə zərər dəymişdir (cavabdeh tərəf bu halı mübahisələndirməmişdir). Cavabdeh tərəfin etirazı (apellyasiya şikayətinin dəlilləri) əsasən zərərin məbləği ilə bağlı olmuşdur. Halbuki işdən görünür ki, cavabdeh əksini təsdiq edən hər hansı sübut təqdim etməsə də, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənməmiş, dəymiş zərərin məbləğinin obyektiv müəyyən olunması üçün qiymətləndirmə təyin etmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0221 saylı hesabatındən isə açıq aşkar müəyyən edilir ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar iddiaçıya məxsus avtomobilə dəymiş zərərin ümumi məbləği 16500 manat təşkil etmişdir. Bununla yanaşı, həmin avtomobilin hazırki vəziyyətdə bazar dəyəri 25600 manat, eyni parametrlərə və komplektasiyaya malik olan avtomobilin real bazar dəyəri isə 28400 manat müəyyən edilmişdir (iddiaçı qiymətləndirmənin nəticələrini mübahisələndirməmişdir). Cavabdeh bu dəfə də hər hansı əks sübutu (zərərin şişirdilməsi, daha az olması və s.) məhkəməyə təqdim etməmiş, dəlillərini formal mülahizələri ilə əsaslandırma çalışmışdır. Birinci instansiya məhkəməsi isə, avtomobilə dəymiş ziyanın məğləbini 16500 manat müəyyən etmiş, sığorta şirkəti tərəfindən 10075 manat ödənilməsini də nəzərə almaqla, 6425 manat dəymiş ziyana görə, dəyər itkisinə (orta və real bazar dəyəri) görə isə (28400 - 25600=2800) 2800 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlmişdir. Lakin, işdə olan sığorta ödənişləri ilə bağlı sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli, 11640 nömrəli ödəniş tapşırığı ilə 4393 manat, xx.xx.2024-cü il tarixli, 12942 nömrəli ödəniş tapşırığı ilə 5520 manat və xx.xx.2024-cü il tarixli, 12898 nömrəli ödəniş tapşırığı ilə 223 manat X2 (iddiaçının həyat yoldaşı) Atəşgah Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişləri edilmişdir (4393+5520+223=10136 manat). Göründüyü kimi, cavabdehə məxsus nəqliyyat vasitəsi sığorta olunmuş, hadisədən sonra işdə olan qəbzlərə əsasən sığorta şirkəti tərəfindən 10075 manat deyil, 10136 manat sığorta ödənişi iddiaçı tərəfə ödənilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qətnamə avtomobilə dəymiş maddi ziyanın məbləği hissəsində dəyişdirilərək, ziyana görə cavabdehdən tutulmalı məbləğ 6364 manat həddində müəyyən olunmalıdır. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi birinci instansiya məhkəməsi yolnəqliyyat hadisəsi nəticəsində avtomobilin dəyərini azalması hissədə də tam və hərtərəfli araşdırma aparmış, qiymətləndiricinin rəyini əldə etmiş və iddianı həmin hissədə qismən təmin etmişdir. Cavabdeh isə iddianın həmin hissədə nəyə görə əsassız olmasını əsaslandıra və sübut edə bilməmişdir. Halbuki işdə olan sübutlardan açıq aşkar müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan avtomobilin orta bazar dəyəri yol-nəqliyyat hadisəsi nəticəsində azalmışdır. MM-nin 21.2-ci maddəsinin tələblərindən də göründüyü kimi, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir (“Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2025-ci il tarixli qərarı) Göründüyü kimi cavabdeh qeyd edilən hissədə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəymiş maddi ziyanın tutulması hissəsində (yəni, Cavabdeh MMC-dən yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 6425 manat maddi ziyanın iddiaçının xeyrinə tutulması, habelə “ümumilikdə 9225 (doqquz min iki yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutulması” hissələrdə) dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan həmin ziyanın məbləği 6364 manat (ümumilikdə isə 9164 manat) müəyyən olunmalı, qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində baxılan hazırki mülki iş üzrə qəbul edilmiş qətnamənin iddiaçı tərəfindən mübahisələndirilə biləcək hissəsində iddianın qiyməti beş min manatdan azdır (maddi ziyan cəmi 61 manat azaldılmışdır), bu səbəbdən də iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-3351/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 3351/2025 nömrəli qətnaməsi dəymiş maddi ziyanın tutulması hissəsində (yəni, Cavabdeh MMC-dən yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 6425 manat maddi ziyanın iddiaçının xeyrinə tutulması, habelə “ümumilikdə 9225 (doqquz min iki yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutulması” hissələrdə) dəyişdirilsin, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan həmin ziyanın məbləği 6364 (altı min üç yüz altmış dörd) manat, dəymiş ziyana görə ümumilikdə tutulmalı olan pul vəsaiti isə 9164 (doqquz min yüz altmış dörd) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar