Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7022/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)- 2240/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-2240/2020 saylı qərardadı ilə (hakim Sabit Bəhrəmzadə) iddia ərizəsi qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət - birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, tərəflər arasındakı mübahisənin müqavilə xarakterli olmaması, bu səbəbdən də pretenziya qaydasına əməl edilməsinin məcburi olmaması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, etibarnaməni vermiş şəxsin İddiaçı İB-nin baş direktoru (qanuni təmsilçisi) olması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli,birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Beləki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytarılması nəticəsinə gələrkən, mübahisənin məhkəməyə qədər nizama salınmasına dair sənəd təqdim edilməməsinə və iddia ərizəsinin səlahiyyəti olamayan şəxs tərəfindən imzalanmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-in 149.2.4-cü maddəsinin tələbinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. MPM-in 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, qanunvericilik müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulduğu halda mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi qərardadda göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci maddəsində «həmin müqavilə ilə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər» ifadəsi öz əksini tapmışdır. Qarşılıqlı anlaşma dedikdə konsensus, yəni hər hansı addım atmazdan qabaq mübahisəli məsələ üzrə ümumi razılığa gəlmə anlamını verir. Buna isə yalnız qabaqcadan pretenziya qaydasına əməl edilməklə nail olmaq mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilənin istinad olunan bəndində «mübahisələrin qarşılıqlı anlaşma yolu ilə həlli» qaydasının hansı formada pretenziya kimi müəyyən olunmasını əsaslandırmamışdır. Eyni zamanda, müqavilədə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasının konkret üsulu və qaydası da müəyyən olunmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır (iddia tələbinə görə cavabdeh qaz sayğacından kənar xəttə qoşularaq, ondan qanunsuz istifadə etmişdir). Birinci instansiya məhkəməsi isə qeyd olunan hala diqqət etməmiş, iddia tələbinin mahiyyətini və buna müvafiq olaraq pretenziya qaydasının müəyyən olunubolunmamasını (olunubsa, hansı formada və qaydada) və s. bu kimi zəruri halları dəqiq müəyyənləşdirməmişdir. Bununla yanaşı, iddia ərizəsinə əlavə olunmuş etibarnamədən görünür ki, həmin etibarnamə iddiaçı təşkilatın baş direktoru Ruslan Əliyev tərəfindən verilmişdir. İşdə olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Ruslan Əliyev İddiaçı İB-nin qanuni təmsilçisidir. Həmçinin, etibarnamədən görünür ki, nümayəndə Hüseyn Cəfərliyə iddia ərizəsini imzalamaq səlahiyyəti verilmişdir. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 73.4-cü maddəsinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardadı ləğv olunmalı, mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün qaytarılmalıdır. İşə yenidən baxılarkən, iddia tələbinin mahiyyəti və göstərilən digər zəruri hallar dəqiq müəyyən edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı prosessual əsaslarının mövcud olub-olmaması tam və hərtərəfli yoxlanılmalıdır (zərurət yaranarsa, MPM-in 151.2-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə tərəflərin iştirakı ilə baxıla bilər). Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)- 2240/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)- 2240/2020 saylı qərardadı ləğv edilsin, mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7022/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7022/2020
08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver