Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7027/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2223/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsinin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2223/2020 saylı, xx xxxx 2020-ci qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.İddiaçıya izah edilmişdir ki, ərizənin geri qaytarılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə qərardad qəbul edərkən, səhvə yol verərək, müqavilənin 5.2-ci maddəsini pretenziya qaydası kimi qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli vəiş iddia ərizəsinin icraata qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilənin 5.2-ci maddəsinə əsasən həmin müqavilə ilə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə birbaşa yaranmış mübahisənin məhkəməyə qədər nizama salınması öz əksini tapmışdır. Buna görə də məhkəmə iddiaçı tərəfin mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydasına əməl etməməsi əsası ilə Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsini rəhbər tutaraq iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddia ərizəsinin geri qaytarılmasının ümumi prosessual əsasını göstərsə də tərəflər arasında münasibətləri tənzimləyən maddi normaya əsaslanmamış, iddia ərzizəsinin geri qaytarılmasının maddi əsasını göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Baxılan iş üzrə kollegiya qeyd edir ki, qanunla bu kateqoriya işlər üçün pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 5.2-ci bəndinə əsasən, tərəflər arasında bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Kollegiya hesab edir ki, müqavilənin qeyd edilən şərti pretenziya qaydası kimi qəbul edilə bilməz. Belə ki, müqavilənin istinad olunan bəndi tərəflərin üzərinə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmək, bununla bağlı qarşı tərəfə pretenziya – yazılı təklif və ta etiraz göndərmək vəzifəsi qoymur. Yaranmış vəziyyətdə iddia ərizəsinin pretenziya qaydasına riayət olunmamasına istinadla geri qaytarılmasına prosessual əsas olmamışdır. Kollegiya hesab edir ki, hazırki halda iddiaçı mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə etməkdə haqlıdır. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mülki-prosessual hüquq normalarının tələblərini pozmuş, bunula da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona görə də Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş, iddia ərizəsinin icraata qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2223/2020 saylı, xx xxxx 2020-ci qərardadı ləğv edilsin və iddia ərizəsi icraata qəbul edilməsi üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7027/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7027/2020
07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver