Məhkəmə qərarları › İş №2(103)-703/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-703/2023

09.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-703/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 Fərhad qızının və İddiaçı3 Cavabdeh Teymur oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mənzilə istifadə hüququnun tanınması hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, iddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 və onların nümayəndəsi Vəkil, Cavabdeh və onun nümayəndəsi vəkil X3 iştirakları ilə, iddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3451/2022 saylı işi üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 onların ünvan 1 ünvanına istifadə hüququnun tanınması barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3451/2022 saylı işi üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 43; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.3; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.4; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçılar 2017-ci ildə yaşadıqları evin həyətindən 2 sot torpaq sahəsini satmışlar və qardaşı Cavabdeh bununla bağlı İcra Hakimiyyətinə şikayət etmiş və tikintinin dayandırılmasına nail olmuşdur. Torpaq sahəsini alan şəxslər verdikləri pulları onlardan geri tələb etmişlər və iddiaçıların həmin vaxt pulu qaytarmaq imkanları olmadığından cavabdeh onların yerinə pulu ödəmiş və Cavabdeh tələbi ilə onlar formal olaraq həmin evdən qeydiyyatdan çıxmışlar. Tərəflərin izahatından müəyyən olunmuşdur ki, həmin ev yaşamaq üçün ataları Teymur Qədəş oğluna verilmişdir. İddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 1992-ci ildən hal-hazıradək fasiləsiz olaraq mübahisəli mənzildə yaşamışlar. 2017-ci ildə iddiaçılar mübahisəli mənzildən pasport qeydiyyatından çıxaraq başqa ünvana qeydiyyata alınmışlar. ünvan 3 ünvanında yerləşən mənzil 33 saylı xx.xx.1991-ci il tarixli orderi, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Departamentinin 48/1 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı, ******* saylı, xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Beləliklə, iddiaçılar 1992-ci ildən həmin mənzildə fasiləsiz olaraq yaşadıqlarından və onların həmin mənzilə istifadə hüquqları yarandığından iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqları tanınmalıdır .

2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin 1 saylı mənzili Cavabdeh adına qeydiyyatdan keçmişdir; -MKTD tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışı ilə məlum olur ki, İddiaçı1 xx.xx.1992-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, qızı İddiaçı2 xx.xx.2005-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, oğlu İddiaçı3 xx.xx.2003-cü ildən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin 1 saylı mənzilində qeydiyyatda olmuşlar və hal-hazırda 10 saylı Notariat Kontorunun verdiyi xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən qeydiyyatsız yaşayırlar; - 10 saylı Notariat Ofisində qeydə alınmış qonşular X1, X4 və X9 tərəfindən verilmiş ərizə ilə müəyyən olunur ki, İddiaçı1 öz ailəsi ilə birlikdə hal-hazırda ünvan 5 ünvanda yerləşən mənzildə qeydiyyatsız yaşayırlar;- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 30 saylı Vəkil Bürosuna verilmiş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 3 ünvanı 33 saylı xx.xx.1991-ci il tarixli orderi, Bakı şəhəri İcra hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Departamentinin 48/1 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı, ******* saylı, xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir;- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı2 ünvan 7 ünvanında xx.xx.2020-ci il tarixdən qeydiyyatdadır; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, Cavabdeh ünvan 3 ünvanında xx.xx.2018-ci il tarixdən qeydiyyatdadır (səh. 33, 45, 46, 48, 58, 59 ) Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh apellyasiya şikayəti verərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-3451/2022 işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13,43; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 77.1, 87, 88, 217.3, 228.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-3451/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi aşağıda göstərilən əsaslara görə qanunsuz və əsassız olduğundan tam ləğv olunmalıdır. Belə ki, onların ata evi tamamilə başqa ünvanda yerləşir. ünvan 8 evin 1 saylı mənzildə atası yalnız qeydiyyatda olmuşdur. İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 özlərinin qeyd etdiyi kimi həmin mənzildə yaşadıqları dövrdə İddiaçı3 həyətin bir hissəsini dələduzluq edərək 25000 manata başqa bir şəxsə satmış və orada qanunsuz tikinti işləri aparmağa cəhd etmişdir. O, İcra Hakimiyyətinə şikayət etdikdən sonra orada tikilən tikilini sökmüşlər. Torpaq alan şəxs pulun qaytarılmasını tələb etmiş və polisə şikayət etmişdir. O, İddiaçı3 əvəzinə 25000 manat pulu ödəmişdir. 2017-ci ildə İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 öz razılıqları ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilindən qeydiyytdan çıxaraq onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev 2, mənzil 10-da yerləşən mənzilinə qeydiyyata düşmüşlər və orada yaşamağa başlamışlar. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 148 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi 02 noyabr 2022-ci il tarixli, 38 saylı arayışından görünür ki, "148 saylı MKİS-nin xidməti ərazisində yerləşən Yeni Raman qəsəbəsi, X12 (keçmiş Dmitrov) küçəsi ev 2 mənzil 10-da qonşuların aktına əsasən İddiaçı1, İddiaçı3, İddiaçı2 2017-ci ildən 2020-ci ilə qədər qeydiyyatda olmuş və yaşamışlar." Onların həmin ünvanda qeydiyyatda olmalarını şəxsiyyət vəsiqələrinin surəti də təsdiq edir.İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzildən qeydiyyatdan çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdə öz adıına xüsusi mülkiyyəti kimi qeydiyyata almışdır. İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2020-ci il tarixdən ünvan 9 ünvanında yerləşən İddiaçı3 məxsus mənzildə qeydiyyatdadırlar və yaşayırlar. Bununla əlaqədar onların qeydiyyatı barədə arayışı şikayətinə əlavə edir. O, iddiaçılara mübahisəli mənzildən çıxmaları üçün öz razılıqları ilə 30000 manat pul vermişdir. O, onlara 25000 manat və 30000 manat məbləğində pul vermişdir. Onlar polisə verdiyi izahatlarında həmin faktları təsdiq edirlər. İzahatları əlavə edir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 özlərinə məxsus ünvan 7 ünvanında yerləşən mənzildə yaşamalarına baxmayaraq, mülkiyyətində olan mənzilə qanunsuz olaraq daxil olmuşlar və mənzili zəbt etmişlər. Hal-hazırda İddiaçı1 qanunsuz olaraq mübahisəli mənzildə yaşayır. Digər iddiaçılar hal-hazırda ünvan 7 ünvanında yerləşən özlərinə məxsus mənzildə yaşayırlar. xx.xx.2022-ci il tarixdə o, İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin küçəsi ev 3, 1 saylı mənzildən çıxarılması ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. X8 icraatında olan e-2(010)-2513/2022 saylı mülki işin hazırlıq iclasında iddiaçılar icraatın dayandırılması ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edərək, bildirdilər ki, İddiaçı1 “çıxarışın etibarsız edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər.Suraxanı rayon Məhkəməsinine-2(010)-2513/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə dayandırıldı. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə İddiaçı1 “çıxarışın etibarsız edilməsi" tələbinə dair iddia ərizəsi mümkünsüz hesab edilmişdir. Bakı İnzibati Məhkəməsində “çıxarışın etibarsız edilməsi" tələbinə dair 2-1(112)-8746/2022 saylı inzibati işə baxılarkən hazırkı iş üzrə iddia ərizəsi Suraxanı rayon Məhkəməsinə verilmiş və işə baxılaraq qətnamə qəbul edilmişdir. O, xx.xx.2022-ci il tarixdə ərizə ilə Suraxanı rayon Məhkəməsinin hakimi L.Talıbovaya müraciət edərək icraatında olan 2(010)-3451/2022 saylı mülki işin Bakı İnzibati Məhkəməsində baxılan “çıxarışın etibarsız edilməsi" tələbinə dair 2-1(112)-8746/2022 saylı inzibati işin əlaqəli olduğundan icraatın dayandırılmasını xahiş etsə də, icraat dayandırılmadı, qətnamə qəbul edildi. Beləliklə, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozularaq, iddia tələbi təmin edildi. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iddiaçıların mülkiyyətində olan mənzildən könüllü şəkildə köçüb daimi olaraq başqa yerə getmələri, hal-hazırda Xırdalan şəhərində faktiki mənzillərinin olması və həmin mənzildə pasport qeydiyyatında olmalarını, eyni zamanda onun iddiaçılara 55000 manat məbləğində pul verməsini nəzərə almamışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasının tələblərini pozmuşdur Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. Bakı Şəhər İcra Hakimiyyətinin 48/1 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Vladimir Balandin döngəsi, 3 saylı evin, yaşayış sahəsi 19,0 kv.metr olan 1 otaqlı 1 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və arvadı) Cavabdeh adına kirayə müqaviləsi bağlanmış və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, iddiaçıların 14 aprel 2022-ci ildə qapını sındıraraq evə daxil olduqlarını və çıxmaq istəmədiklərini, bununla bağlı 31-ci polis bölməsinə müraciət etdiyini, hal-hazırda həmin məsələ ilə bağlı istintaq aparıldığını, iddiaçıların ona 55300 manat borclarının olduğunu, özlərinin də bunu etiraf etdiklərini, indi həmin borcu qaytarmamaq üçün mənzil mübahisəsi ilə bağlı məhkəməyə müraciət etdiklərini, sonra iddiaçıların ona qarşı çıxarışı qeyri-qanuni əldə etməsi ilə bağlı ərizə verdiklərini, həmin işə dair iddianın baxılmasının dayandırıldığını, iddiaçıların bundan istifadə edərək hazırda baxılan məsələ ilə bağlı birinci instansiya məhkəməsinə iddia verdiklərini, cari ilin aprel ayından nə onun, nə də yoldaşının həmin mənzildən istifadə edə bildiklərini, iddiaçılırın mənzili zəbt etdiklərini, 1990-cı ildən cari ilin aprel ayına kimi həmin mənzildə yaşadığını, 1992-ci ildə bacısı İddiaçı1 həmin mənzilə gətirdiyini, SSRİ vaxtında evi özəlləşdirmək çətin olduğundan və atası həmin evdə qeydiyyatda olduğundan evi 2019-cu ildə özəlləşdirdiyini, 2017-ci ildə iddiaçıların öz razılıqları ilə həmin evdən qeydiyyatdan çıxdıqlarını, qeydiyyatdan onun evi özəlləşdirə bilməsi üçün çıxdıqlarını, iddiaçıların həmin mənzildən qeydiyyatdan çıxmalarını istəməyinin səbəbinin iddiaçıların torpaq sahəsini başqa bir şəxsə sataraq pulu əldə etdiklərini, lakin sonradan torpaq sahəsini alan şəxsin pulu geri qaytarmağı tələb etdiyi zaman həmin pulu geri qaytara bilmədiklərindən pulun onun tərəfindən qaytarıldığını, bu səbəbdən də mənzildən qeydiyyatdan çıxmalarını və mənzili tərk etmələrini tələb etdiyini bildirir. Cavabdehin nümayəndəsi vəkil X5 iddiaçıların mübahisə predmeti olan mənzildən 2017-ci ildə qeydiyyatdan çıxdıqlarını və faktiki olaraq da çıxıb getdiklərini, iddiaçıların Xırdalanda özlərinə məxsus mənzilə getdiklərini, bununla bağlı da sənəd təqdim etdiklərini, özlərinin də bunu etiraf etdiklərini, mübahisə predmeti olan mənzilin Cavabdeh məxsus olduğunu, iddiaçıların həmin mənzilə istifadə hüquqlarının tanınmasının qanunsuz olduğunu, digər tərəfdən iddiaçıların Cavabdeh 55300 manat borclarının olmasını etiraf etdiklərini, iddiaçıların 2020-ci ildən sonra Abşeron rayonunda qeydiyyata alındıqlarını bildirir. İddiaçıların nümayəndəsi Vəkil iddiaçıların 1992-ci ildən həmin mənzildə yaşamaqlarını cavabdehin etiraf etdiyini, iş materiallarında olan orderə əsasən, tərəflərin atasının adının həmin orderdə mövcud olduğunu, atalarının sağlığında öz qızını, yəni İddiaçı1 həmin evə gətirdiyini və İddiaçı1 uşaqları ilə birlikdə bu günə qədər həmin evdə yaşadıqlarını, bugünə qədər kommunal xidmətlərin və bütün arayışların İddiaçı1 adına gəldiyini, Cavabdeh bir gün də olsun sözügedən mübahisəli mənzildə yaşamadığını, onun həmin evin yaxınlığında öz evinin olduğunu, cavabdehin sözügedən mənzili özəlləşdirə bilməsi üçün iddiaçıları qeydiyyatdan çıxardığını, cavabdehin icra hakimiyyəti ilə öz adına kirayə müqaviləsi bağladığını, fasiləsiz olaraq həmin mənzildə yaşamalarının sübut olunduğunu, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olduğunu, birinci instansiya məhkəməsində iddiaçıların həmin mənzildə yaşaması ilə bağlı şahidlərin cəlb edilməsi üçün vəsatət verdiklərini, iddiaçıların 2017-ci ildən həmin mənzildə yaşamaları ilə bağlı arayışlarının olduğunu, iddiaçıların dediyinə əsasən 2017-ci ildə qeydiyyatdan məcburən çıxdıqlarını bildirir. İddiaçı3 həmin mənzildə cavabdehə məxsus heç bir əşyanın mövcud olmadığını, bütün əşyaların onlara məxsus olduğunu, cari ilin aprel ayının 14-də cavabdehin həmin mənzilə gəlib anasına və bacısına qarşı fiziki şiddət göstərdiyini, onların məcbur olub həmin mənzildən qeydiyyatdan çıxdıqlarını, buna baxmayaraq orada yaşamağa davam etdiklərini bildirir. İddiaçı1 17 ildir ki həmin mənzilin yaxınlığında yerləşən xəstəxanada tibb işçisi kimi çalışdığını, cavabdehin həmin evi onlara verdiyi borc müqabilində əllərindən almaq istədiyini, onlara borc müqabilində mənzildən qeydiyyatdan çıxmalarını tələb etdiyini, onlara pulu qaytardıqdan sonra evi geri götürə biləcəyini dediyini bildirir. Apellyasiya baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: təqdim olunmuş sübutlar əsasında, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

6. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 31, 33, 43; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67; Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53, Qüvvədə olan Mənzil Məcəlləsinin 30, 34, 59,79; Mülki Məcəllənin 6, 11.1; 135-158, 180, 181, 185, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarının 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15, 50, 52, 76, 77, 80- 82, 106.2, 119, 217.4, 267, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə həqiqi hallara uyğun gəlməmiş, daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyinin və digər hüquqlarının, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, xx.xx.2019-cu il tarixdə cavabdeh ilə kirayə müqaviləsinin bağlandığı və bu müqavilədə iddiaçıların adlarının yer almadığı nəzərə alınmamış, habelə daşınmaz əmlakın yaranmış yeni mülki münasibətlər əsasında mənzilin mülkiyyət hüququ əsasında başqa şəxsə məxsus olması və sonuncu ilə notarial qaydada razılığın olmadığı müəyyən edilmişdir. Ona görə, hazırkı münasibətlərdə iddiaçıların subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsi əsasında faktiki halların müəyyən edilməməsi (sübuta yetirilməməsi), analoji mülki münasibətlər baxımından belə iddianın təmin edilməsi üçün əsas olmamışdır.

7. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.2-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər.

8. Məcəllənin 17.2--ci maddəsinə əsasən: Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.

9. Məcəllənin 81-ci maddəsinə əsasən: 81.1. Bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. 81.2. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.

10. Diqqətə çatdırılmalıdır ki, cavabdehin adına ilkin qeydiyyat aparılanadək mənzil dövlət fonduna aid olmuş və istifadə hüquqlarının əldə edilməsi üçün iddiaçılar kirayə (icarə) müqaviləsi bağlamamış, mənzilə görə isə müvafiq icra hakimiyyətinin sərəncamı ilə cavabdeh ilə yeni kirayə müqaviləsi bağlanmış, bu sənəd isə mübahisələndirilməmişdir.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3451/2022 saylı işi üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqlarının tanınmasına dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar