Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7030/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), və X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC, Cavabdeh onun xeyrinə 1667 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh sözügedən televizoru hədiyyə etmək məqsədilə almış və ilkin olaraq 100 manat, növbəti ay - xx.xx.2019-cu il tarixdə isə 152 manat ödəmişdir. Sonuncu ödənişin tarixindən təxminən 1 həftə sonra hədiyyə verməyə ehtiyac qalmadığına görə istifadə edilmədən və qutuda qablaşdırılmış şəkildə evdə saxladığı televizoru qaytarmaq qərarına gəlmişdir. Bu məqsədlə mağazaya gedərək, şirkətin nümayəndələrini dərhal məlumatlandırmış və televizorun geri təhvil alınmasını xahiş etmişdir. MMC-nin əməkdaşı bu barədə şirkət rəhbərliyini məlumatlandıracağını və yalnız müvafiq razılıq verildikdən sonra ona xəbər verib, qaytarılacaq malı qəbul edəcəyini bildirmişdir. Bir müddət sonra cavabdeh yenidən mağazaya gedərək, məsələnin həlli ilə maraqlanmış, lakin əməkdaş tərəfindən malın geri qaytarılması ilə bağlı razılıq olmadığı bildirilmişdir. Bundan sonra, o televizorun geri qaytarılması və müəyyən xərclər nəzərə alınmaqla tərəfindən ödənilmiş məbləğin qaytarılması ilə bağlı dəfələrlə MMC əməkdaşları ilə əlaqə saxlasa da, malı geri qaytarmaq mümkün olmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli hissə-hissə alqı-satqı müqaviləsinə əsasən, “xxxxxxxxxxxxxxx” MMC, dəyəri 1819 manat olan 1 ədəd “Samsung UE50NU7400U” markalı televizoru Cavabdeh verməyi, Cavabdeh isə, həmin malın dəyərini 12 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxxx” MMC, öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş malı Cavabdeh vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və tələbdə göstərilən məbləğdə borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh, müqavilə əsasında “xxxxxxxxxxxxxxx” MMC-dən aldığı əşyanın dəyərini razılaşdırılmış müddətdə ödəməmiş və öhdəliyin icrasını gecikdirmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, mülki qanunvericiliyin aşağıdakı normaların əsasən, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə qeyd olunan məbləğlərdə borcun cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Cavabdeh, apellyasiya şikayətində mübahisə predmeti olan televizoru qaytarmaq istədiyini, bu barədə iddiaçıya dəfələrlə müraciət etməsinə baxmayaraq, malı geri almadıqlarını bildirir. Kollegiya, apellyasiya şikayəti ilə razılaşmır, ona görə ki, əvvəla, cavabdeh malın qayatrılması ilə bağlı iddiaçıya müraciətlər etməsini bildirsə də, məhkəməyə bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, cavabdehin malın qaytarılması ilə bağlı iddiaçıya müraciət etməsi təsdiq olunsa belə, mülki qanunvericilikdə malın qaytarılması ilə bağlı nəzərdə tutulmuş əsaslar hazırkı işin halları baxımından ödənilmir. Belə ki, Mülki Məcəllənin 623.1-ci maddəsinə əsasən, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. ...Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Həmin Məcəllənin 624.1-ci və 624.4-cü maddələrinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin.Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, alınan malın qaytarılması üçün ya alıcı 14 gün müddətində malın dəyişdirilməsi ilə bağlı müraciət etmiş olmalı, lakin satıcıda dəyişdirilmək üçün zəruri mal olmamalıdır, ya da ona qüsurlu mal satılmış olmalıdır. Baxılan işdə isə, iddiaçı mübahisə predmeti olan televizoru qaytarmaq istəyini sadəcə ona ehtiyacının qalmadığı ilə əsaslandırmışdır. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin 2(008)-2924/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7030/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7030/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver