Məhkəmə qərarları › İş №2(103)-7031/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7031/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7031/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1035/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6400 (altı min dörd yüz) manat pulun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1035/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh bacısı Məlahətlə birlikdə qonşuluqlarında olan evdə yaşayır. O, cavabdehi bacısı Məlahətin vasitəsi ilə tanımış, onlar birbirlərinin evinə gedib-gəlmişdir. Cavabdehin bacısı ilk dəfə 2018-ci ilin ortalarında ondan 2000 manat borc pul istəmiş, o, bu pulun nə üçün lazım olduğunu soruşduqda qardaşı Cavabdeh ərzaq dükanı açıb işlətmək istədiyini bildirmişdir. Onda həmin vaxt pul olmadığı üçün yoldaşının bibisi qızı Mehribandan borc götürüb Məlahətə vermiş, 3 ay sonra Məlahət pulu ona tam qaytarmışdır. Sonra Məlahətin qardaşı İlqar onların evinə gələrək ondan 8500 manat pul istəmiş, o, da Məlahətə inandığı üçün 27.11.2018-ci il tarixli və 30.11.2018-ci il tarixli kredit müqavilələrinə əsasən "xxxx" ASC-dən kredit götürüb öz evində qızı Nurlananın yanında 8500 manat pulu sayaraq Cavabdeh borc kimi vermişdir. Cavabdeh həmin vaxt ona yeni il bayramı ərəfəsi olduğu üçün dükana əlavə ərzaq vurub satmaq istədiyini, həmçinin onun özünün banka borcu olduğunu, ondan borca götürdüyü pul ilə banka olan borcunu ödəyib yenidən 30000 manat kredit götürərək onun borcunu qaytaracağını bildirmişdir. Bundan sonra, Cavabdeh ondan borca götürdüyü 8500 manatdan 2100 manat pulu qaytarmışdır. Aşağıda göstərilən hallar hakimin qətnamənin maddi hüquq və prosessual normalara əməl etmədən , işin faktiki hallarını ümumiyyətlə araşdırmadan qəbul etməsini təsdiq edir. Məhkəmə iclasının protokolu ilə tanışlıqla əlaqədar etdiyi müraciət cavablandırılaraq şərait yaradılsa da, keçirilmiş məhkəmə iclasının protoku ilə tanış olarkən yol verilmiş yanlışlıqları və ya natamamlıqları göstərməklə protokol barədə yazılı qeydlər təqdim etsə də nəzərə alınmamışdır. Belə ki, hissələrdə əsaslandırma kimi göstərilən məhkəməyə ünvanlanan ərizədə Qətnamə ilə tanışlıqda müxtəlif hissələrdə əsaslandırma kimi göstərilən iddiaçıya məxsus olan 8500 manat pulun bacısı X6 və X4 aid olması fikri həqiqəti əks etdirmir. Onun söylədiyi fikir isə belə olmuşdur, “bacım X2 və X1 borc olaraq götürdüyüm olan 8500 manat pulu Cavabdeh vermişəm.” Onun iddiaçıya ünvanladığım sual olaraq “Sən ilk iclasda pulu məndən qəbul etdiyini etiraf edirdin niyə indi fikrindən daşındın" ifadəsi protokolda ümumiyyətlə qeyd olunmayıb. Hakimə ünvanladığım “Necə olur ki ,keçən iclasda pıılu aldığını etiraf edirdi indi deyir almamışam” ifadəsi protokolda ümumiyyətlə qeyd olunmayıb. "bacım X5 pulu borc olaraq bacıma vermişəm" ifadəsi protokolda qeydə alınmayıb. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlə ailəvi münasibətləri yaxşı idi. Ona görə də hər dəfə tez-tez onları bezdirib münasibətləri korlamaq istəmirdi. Pulu verəndə cavabdehdən qəbz almamışdır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, 2013-dən başlayaraq iddiaçıdan pul almış sonra qaytarmışdır. Axırıncı dəfə də 2018-ci ildə iddiaçıdan 3000 manat götürmüş və qaytarmışdır. Onun iddiaçıya heç bir borcu yoxdur. İşə baxılması vaxtı və yeri haqqında üçüncü şəxsə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətiqismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı “27.11.2018-ci il tarixli və 30.11.2018-ci il tarixli kredit müqavilələrinə əsasən "xxxx" ASC-dən kredit götürüb 8500 manat pulu Cavabdeh borc kimi verməsinə, Cavabdeh ondan borca götürdüyü 8500 manatdan 2100 manat pulu qaytarmasına, qalan borcu qaytarmamasına” istinad edərək Cavabdeh 6400 (altı min dörd yüz) manatın tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh 8500 manat borc pul verməsi və həmin borcdan 6400 (altı min dörd yüz) manat borcun qalması halı öz təsdiqini tapmamışdır... İddiaçı Cavabdeh 8500 manat borc pul verməsi halını təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir... iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı özü özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz... İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır...Bundan başqa, iddiaçı iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş X5 və X3 adına "xxxx" ASC ilə arasında bağlanmış 27.11.2018-ci il tarixli və 30.11.2018-ci il tarixli kredit müqavilələrinə istinad etməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir... iddiaçının X7 və X3 adına "xxxx" ASC arasında bağlanmış 27.11.2018-ci il tarixli və 30.11.2018-ci il tarixli kredit müqavilələrinə istinad etməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da olmamışdır...Belə ki, İddiaçı iddia ərizəsində özünə məxsus olan 8500 manat pulu Cavabdeh verdiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı həm işdə iştirak edən şəxslərin izahatları, həm də iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı hazırda X5 və X3 adına "xxxx" ASC-dən götürülmüş pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmasını tələb edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə iddianı tam rədd etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, işdə olan məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, cavabdeh həmin iclasda iştirak edərək iddianı qəbul etdiyini, mağaza açmaq üçün iddiaçıdan pul götürdüyünü işləri pis getdiyi üçün ödənişləri vaxtında apara bilmədiyini göstərmişdir(bax.i.v.41) Sonradan, yəni 07 may 2021-ci il tarixli məhkəmə baxışı iclasında(bax.i.v.55) cavabdeh 2013-cü ildən iddiaçıdan faizə pul götürüb qaytardığını,bacısı və anasından pul götürüb ona verdiyi barədə məlumatının olmadığını, hazırda iddiaçıya borcunun olmadığını və iddianın rədd edilməsini bildirmişdir. Bu iclasda cavabdeh iddianı etiraf etməsə də məhkəmə bu ziddiyyəti araşdırmamış, yəni məhkəmənin hazırlıq iclasında iddianı etiraf etsə də, sonradan etməməsinin səbəblərini aydınlaşdırmamışdır.Yalınız, verdiyi bir suala cavab olaraq cavabdeh 2018-ci ildən sonra 3000 manat borc aldığını və qaytardığını göstərmişdir. Göründüyü kimi, bu ziddiyyətli halları araşdırmadan iş üzrə gəlinən yekun nəticə düzgün ola bilməzdi. İkincisi, iddiaçı cavabdehdən tələb etdiyi məbləğin mənbəyi kimi hansısa kredit müqavilələrinə istinad etməsi yaxud tələb olunan məbləğin həmin kredit müqavilələri əsasında alınmış kreditin bir hissəsi olması o demək deyil ki, bu iddianın irəli sürmək üçün onun subyektiv hüquq olmamışdır. Eyni məbləğ olsa belə tələb edilən pul ayrı-ayrı münasibətlərin və ya iddiaların predmeti ola bilər. Burada subyektiv hüququn olmamasından söhbət gedə bilməz. Çünki, cavabdehlə kredit alan şəxslər arasında hansısa borc münasibətlərin olması nə işdən görünmür, nədə belə bir iddia mövcud deyil. İddiaçı cavabdehdən konkret olaraq özünün verdiyi pulu tələb edir. İddia ərizəsində cavabdehə verdiyi pulu necə əldə etdiyini yaxud borc almasını qeyd etməsinin isə subyektiv hüququn olub-olmamasına heç bir təsiri yoxdur. Buna görə də məhkəmənin iddiaçının bu iddianı irəli sürmək üçün subyektiv hüququnun yaranmaması barədə qənaəti də düzgün olmamışdır. Üçüncüsü, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında həqiqətən borc pul verilməsi ilə əlaqədar mülki hüquq münasibətləri yaranmış və bu faktı tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə iddiaçının 2018-ci ilin noyabr ayının axırlarında bankdan kredit kimi götürülmüş 8500 manatın cavabdehə verilməsi, cavabdehin həmin məbləğdən 2100 manatı qaytardığını, cavabdehin isə 2018-ci ildən sonra iddiaçıdan 3000 manat borc aldığını və həmin məbləği də qaytardığını bəyan etmələri ilə bağlıdır. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara, yəni cavabdehin ona 6400 manat borcu olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməsə də, ancaq cavabdehin iddianı qismən, yəni iddiaçıdan sonuncu dəfə 3000 manat aldığını etiraf etməsi ilə əlaqədar bu məbləğ sübuta yetirilmişdir. Lakin cavabdeh iddiaçıdan aldığı pulu tam qaytardığın bildirsə də, bu dəlillərlə bağlı istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, həmçinin tələb edilən pulla bağlı iddiaçıya hansısa məbləğdə ödəniş etdiyini sübuta yetirə bilməmişdir. Düzdür, iddiaçı da etiraf edir ki, cavabdehə verdiyi 8500 manatdan sonuncu 2100 manatını qaytarmışdır. Amma bu etiraf, cavabdehin iddiaçıdan aldığı 3000 manatdan qaytarılan məbləğin etirafı kimi qiymətləndirilə bilməz. Çünki, cavabdeh nə iddiaçıdan 8500 manat aldığını, nədəki həmin məbləğdən 2100 manatın qaytardığını etiraf etməmişdir. Ona görə də, iddia tələbi qismən əsaslı olduğundan cavabdehdən 3000 manat alınaraq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1035/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1035/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar