Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7031/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2958/2022 saylı 23 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" MMC-yə məxsus blankdan görünür ki, xx.xx.2016-cı il tarixdə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Türkiyədə «Rixos Sunqate» oteldə turist qismində dincəlmək üçün 2450 ABŞ dolları "xxxx" MMC-yə ödənilmişdir. Blank şirkətin möhürü ilə təsdiq edilmişdir. Həmin blankda Cavabdeh “agent” kimi göstərilmişdir.
2. Yasamal RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Ə.Əliyev tərəfindən xx.xx.2021-ci tarixdə qəbul edilmiş cinayət işinin icraatına xitam verilməsi barədə qərardan görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh Vagif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləisnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. O, şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, İddiaçı 2450 ABŞ dolları aldıqdan sonra həmin məbləği «Silkway Travel” şirkətinə ödəmiş, lakin "xxxx" MMCnin “”Silkway Travel” şirkətinə borcu olduğundan həmin məbləğ onun borcuna silinmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2450 ABŞ dolları və ya 4165 manat məbləğində pulun, sənədlərin toplanması, tərtibi və sair üçün sərf etdiyi 100 manat və dövlət rüsumu 58 manat olmaqla, cəmi 4323 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" MMC-nin əməkdaşı Cavabdeh Vagif oğlunu tanıyır. Cavabdeh ona ailəsi ilə birlikdə Bodrum və Antalya bölgələrinə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində istirahət etmək üçün turist qismində səfər təşkil edəcəyini yalandan vəd edərək etibardan suiistifadə etmiş və bunun müqabilində o, cavabdehə xx.xx.2016-cı il tarixdə 1000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə isə 1450 ABŞ dolları, cəmi 2450 ABŞ dolları ödəmişdir. Pulun "xxxx" MMC-nin hesabına mədaxil edilməsi barədə rəsmi qəbz verilmişdir. Lakin, cavabdeh dələduzluq edərək həmin pulu ələ keçirmişdir. Onun barəsində cinayət işi başlanılmış, lakin xx.xx.2017-ci il tarixlə qərarla iş üzrə icraata xitam verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icraata xitam verilmə barədə qərar ləğv edilmişdir. Sonra yenidən xx.xx.2021-ci tarixli qərarla cinayət işinin icraatına xitam verilmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 iyun 2022-ci il tarixli 2(008)-2958/2022 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmiş, Cavabdeh Vagif oğlundan İddiaçının xeyrinə 2450 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 58 manat dövlət rüsumunun tutulması, sənədlərin toplanması, tərtibi və sair üçün sərf edilən 100 manatın tutulması barədə iddiaçının tələbinin təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən 2450 ABŞ dolları cavabdehə ödənilmiş, həmin məbləğ müqabilində cavabdeh tərəfindən iş görülməmiş, həmin məbləğ şirkətin borclarının ödənilməsinə yönəlmiş, sonradan pul iddiaçıya qaytarılmamış, bununla da iddiaçıya ziyan vurmuşdur. Eyni zamanda, iddiaçı hüquqlarının pozulduğunu xx.xx.2021-ci tarixdə (cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəböul edilən tarix) bildiyindən iddianı xx.xx.2022-ci ildə verərkən tələbetmə və iddia müddətini ötürməmişdir.
7. İddiaçı tərəfindən sənədlərin toplanması, tərtibi və sair üçün sərf etdiyi 100 manatı təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, həmin məbləğ cavabdehdən tutula bilməz.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayətində göstərilmişdir ki, "xxxx" şirkəti qəbul etdiyi vəsaiti əməkdaşlıq etdiyi digər "xxxx" Şirkətinə köçürmüşdür. Sonuncu isə "xxxx" şirkətinin digər borcları hesabına həmin vəsaiti silmişdir. İddiaçı artıq 2016-cı il tarixdə istirahətə gedə bilmədiyi zaman hüquqlarının pozulmasını bilmiş, həmin vaxt polisə şikayət etmişdir. Yasamal rayon Polis İdarəsinin inzibati binasında iddiaçıya 1800 manat pul ödəmişdir. "xxxx" şirkətinin iddiaçıya 1978 manat ödənilməmiş pulu qalmışdır. Həmçinin iddiaçı pulu ona deyil, "xxxx" şirkətinə ödədiyi üçün tələbi də sonuncuya qarşı irəli sürməlidir. Məhkəmə iclası barədə bildiriş ona xx.xx.2022-ci il tarixdə təqdim edilib, halbuki məhkəmə iclası xx.xx.2022-ci il tarixdə onun iştirakı olmadan keçirilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apelyasiya şikayətinə etiraz ünvanlayaraq, apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
13. İddiaçı isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Mülki Prosessual Məcəllə
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
25. Öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
26. İddiaçı ödədiyi 2450 ABŞ dollarının geri qaytarılmasını tələb etmiş, məhkəmə haqlı olaraq həmin məbləğ müqabilində cavabdeh tərəfindən iş görülməməsi, bu günədək pul iddiaçıya qaytarılmadığından iddiaçının ziyana düşməsi qənaətinə gəlmişdir.
27. Cavabdehin apelyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.
28. Kollegiya şikayətin qeyd olunan dəlilini əsassız hesab edir.
29. İş materiallarından müəyyən edilir ki, iddiaçı hələ 2016-cı il tarixdən polisə müraciət etmiş, sonuncu qərar (cinayət işinin icraatına xitam verilməsi barədə) xx.xx.2021-ci tarixdə qəbul edilmişdir.
30. Ona görə də məhkəmədə haqlı olaraq göstərmişdir ki, iddiaçı hüquqlarının pozulduğunu xx.xx.2021-ci tarixdə (cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəböul edilən tarix) bildiyindən iddianı xx.xx.2022-ci ildə verərkən tələbetmə və iddia müddətini ötürməmişdir.
31. Apelyasiya şikayətinin ikinci dəlili odur ki, cavabdeh Yasamal rayon Polis İdarəsinin inzibati binasında iddiaçıya 1800 manat pul ödəmiş, 1978 manat ödənilməmiş borcu qalmışdır.
32. Hər bir tərəf istinad etdiyi halı sübuta yetirməlidir. Cavabdeh 1800 manat iddiaçıya pul ödədiyini bildirirsə, bu halı təsdiq edən sübutlar təqdim etməlidir, lakin cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Odur ki, apelyasiya şikayətinin bu dəlili də öz təsdiqini tapmamışdır.
33. Cavabdehin digər dəlili ondan ibarət olmuşdur ki, iddiaçı pulu ona deyil, "xxxx" şirkətinə ödədiyi üçün tələbi də sonuncuya qarşı irəli sürməlidir.
34. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən aparılmış ödəniş hüquqi şəxs kimi "xxxx" MMC-yə mədaxil edilmiş olduğu halda, ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə həyata keçirilməli və MMC tərəfindən iddiaçıya ciddi hesabat blankı olan kassa mədaxil orderinin qəbzi təqdim edilməli idi.
35. “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”- na əsasən kassaya nağd pul vəsaitləri vergi ödəyicisinin və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə mədaxil edilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir.
36. Cavabdehin istinad etdiyi pulun şirkətə təqdim edilməsi barədə blank ciddi hesabat blankı deyildir və həmin blank hüquqi əhəmiyyət kəsb etmir.
37. Cavabdeh bildirir ki, "xxxx" MMC vasitəçi şirkət olduğundan, hər hansı sifariş üçün qəbul etdiyi vəsaiti, kassa mədaxil orderi tərtib etmədən, partnyor şirkət olan «Silkway Travel” MMC-yə ödəmiş və buna müvafiq olaraq, kassa mədaxil orderi və həmin orderin qəbzi də məhz həmin şirkət tərəfindən verilmişdir.
38. Qeyd olunanlara rəğmən, cavabdeh iddiaçıdan qəbul etdiyi 2450 ABŞ dollarının «Silkway Travel” MMC-yə ödənilməsini təsdiq edən sonuncuya məxsus kassa mədaxil orderinin qəbzini təqdim etməmişdir, yəni göstərilən halı sübut edə bilməmişdir, yəni cavabdehin həmin dəlili yalnız ümumi sözlərdən ibarətdir.
39. Odur ki, cavabdehin bu dəlilləri təkzib olunur, aydındır ki, cavabdehin pul vəsaitini "xxxx" MMC-yə ödəməsi müəyyən edilməmişdir. Pul vəsaiti cavabdeh tərəfindən qəbul edilmiş, hansı istiqamətə xərclənməsinin isə iddiaçıya aidiyyatı olmamışdır.
40. Cavabdeh "xxxx" MMC-nin həm təsisçisi, həm də qanuni təmsilçisi olmuşdur, Şirkətin adından istifadə edərək pul vəsaitini iddiaçıdan almış, lakin pul vəsaitinin müqabilində hər hansı xidmət göstərməmişdir. Aparılmış ödənişə dair "xxxx" MMCnin adından iddiaçıya təqdim olunmuş sənəd isə ödənişin məhz həmin şirkətə aid olmasını təsdiq etmir, çünki, yuxarıda da qeyd olunduğu kimi, həmin sənəd ödənişin qəbulu üçün müəyyən olunmuş rəsmi sənəd hesab olunmur.
41. Belə olan halda iddiaçı haqlı olaraq ödədiyi pul məbləğini məhz hazırki cavabdehdən geri tələb etmişdir.
42. Cavabdehin sonuncu dəlili məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi ilə bağlı olmuşdur.
43. İş materiallarından görünür ki, məhkəmə bildirişi cavabdehin ünvanı (həmçinin tərəfindən verilmiş apelyasiya şikayətində qeyd olunan ünvanı) üzrə göndərilmiş, eyni zamanda iş materiallarına məlum olan telefon nömrəsinə AZEMİS sistemi vasitəsi ilə SMS bildiriş göndərilmişdir.
44. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2958/2022 saylı iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.