Məhkəmə qərarları › İş №2(103)-7032/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7032/2021

04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7032/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(010)-2382/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27.12.2013-cü il tarixli, 2(010)-2835/2013 nömrəli qətnaməsinə əsasən Cavabdeh 07.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdeh-Cavabdeh ilə 10.11.2010-cu ildə ailə həyatı qurmuş, nikahları qeyd edilən tarixdə 1386 saylı akt qeydi ilə Suraxanı rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Cavabdehlə birgə nikanlarından 07.09.2010-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Sonradan münasibətləri pisləşmiş və Suraxanı rayon Məhkəməsinin 27.12.2013-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahlarından doğulmuş 07.09.2010-cu il təvəllüdlü X4 iddiaçının yanında saxlanılmış, 07.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 100 (yüz) manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətanamə qanuni qüvvəsini almışdır. Lakin, uşaq böyüyür və onun qayğıları da artır. Onun qidalanması, geyimi, təhsili , istirahəti və s. pul tələb edir. Cavabdehin ödədiyi aliment isə həmin məsrəfləri tam qarşılaya bilmir. Bu səbəbdən uşağın qanunla qorunan diqqətəlayiq mənafeyini nəzərə alaraq alimentin məbləği artırılmalıdır. Ona görə də aliment məbləğinin artırılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(010)-2382/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27.12.2013-cü il tarixli, 2(010)- 2835/2013 saylı qətnaməsi ilə Cavabdeh 07.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-2382/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsinin alimentin miqdarı hissəsində dəyişdirilərək bir uşağın saxlanılması üçün 80 manat miqdarında aliment təyin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh ikinci dəfə ailə qurmuşdur. İkinci evliliyindən də, 3 uşağı dünyaya gəlib. Məhz, bu da cavabdehin maddi vəziyyətində dəyişikliyə səbəb olmuşdur. Cavabdeh heç bir yerdə işləmir və işsizliyi ilə bağlı arayışı da məhkəməyə təqdim etmişdir. O, uşağını saxlamaqdan imtina etmir, lakin, cavabdeh özü də hal-hazırda işləyə bilmədiyi üçün özünün təminatını ödəməkdə çətinlik çəkir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun izahat verərək, qətnamənin dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədləri qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər birgə nikahda olmuş, onların həmin nikahdan bir övladları dünyaya gəlmiş, tərəflərin ailə münasibətləri baş tutmadığından aralarındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuş, uşaq ananın yanında saxlanılmış, uşağın saxlanılması üçün aliment tutulmuşdur. Belə ki, iş materiallarında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27.12.2013-cü il tarixli, 2(010)- 2835/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X2 arasında bağlanmış və 10 noyabr 2010-cu il tarixində Suraxanı rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuş və akt qeydləri kitabındakı 1386 saylı nikah qeydi ləğv edilmiş, tərəflərin birgə nikahdan doğulmuş 07.09.2010-cu il təvəllüdlü X1 cavabdeh X2 yanında qalması müəyyən edilmiş, tərəflərin birgə nikahdan olan 07.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.12.2013-cü il tarixindən başlayaraq hər ay cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27.12.2013-cü il tarixli, 2(010)- 2835/2013 saylı qətnaməsi ilə aliment tutulması müəyyənləşdirərkən, həmin dövrün həyat standartları əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Göründüyü kimi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27.12.2013-cü il tarixli, 2(010)- 2835/2013 saylı qətnaməsi ilə cavabdehdən alimentin tutulması müəyyən olunandan sonra, alimentin miqdarı artırılmamışdır. 2013-cü ildən hal-hazıra kimi həyat şəraiti dəyişməklə, yaşayış minimumda hər il artımlar baş vermişdir. Göründüyü kimi, cavabdehin hazırki maddi vəziyyəti onun öz övladına baxmasından, onun maddi və mənəvi ehtiyaclarının qarşılamasından azad etmir. Kollegiya qeyd edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 2021-cu ilə görə 175 manat müəyyən olunduğu halda, məhkəmə qətnaməsi ilə uşağa görə sabit pul məbləğində 100 manat alimentin tutulması hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir və bu uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq alimentin miqdarını artıraraq, hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Kollegiya apellyatorun işləməməsi, başqa nikahdan olan uşaqlarına görə alimentin azaldılması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan hal cavabdehi hazırki iş üzrə uşağın saxlanılması vəzifəsindən azad etməməklə, uşağın minimum dolanışıq xərcindən az olmayan aliment almaq hüququndan məhrum edə bilməz. Bundan əlavə cavabdeh alimentin miqdarının azaldılması ilə bağlı tələb irəli sürməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Həmçinin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət rüsumu ilə bağlı məsələni düzgün olaraq həll etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(010)- 2382/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar