Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7033/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(009)-793/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 582,54 manat əsas borc, 1356,28 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra hesablanmış 84,80 manat faiz borcu olmaqla, cəmi 2023,62 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2015-ci il tarixli ********* nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.12.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2023,62 manat təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********384 saylı 22.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq axtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(009)-793/2021 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin olunmuş, cavabdehdən iddiaçının xeyrinə 582,54 manat əsas borc, 84,80 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, 30 manat cərimə borcu olmaqla, ümumilikdə 697,34 (altı yüz doxsan yeddi manat otuz dörd qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kredit borcunun düzgün hesablanmaması, ödənişlərinin əsasən faizlərə silinməsi, borcun məbləğinin müəyyənləşdirilməsi üçün ekspertizanın təyin olunması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh onun qardaşıdır, qeydiyyatda olduğu ünvanda yaşamır, bu səbəbdən də məhkəmə bildirişlərini almamışdır. Lakin birinci instansiya məhkəməsi cavabdehin mobil telefonuna SMS bildiriş göndərmiş, bundan məhkəmə icraatından məlumatlı olmuşlar, o işlə tanış olmuş, lakin Bakı şəhərində olmadığından məhkəmə iclasında iştirak edə bilməmişdir. Kredit müqaviləsi üzrə ödənişləri olsa da, onları məhkəməyə təqdim edə bilməmişlər. Təqribi hesablamalarına görə 100 manat borc qala bilər. Həmçinin hesab edir ki, iddia müddəti ötürülmüşdür, bu barədə ərizəni məhkəmə kollegiyasına təqdim edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə (yoxlanılan hissədə) əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında müvafiq kredit müqaviləsinin bağlanması, öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunun qalıq məbləğini mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası kredit borcunun məbləğinin müəyyən olunması üçün ekspertizanın təyin olunması barədə apellyasiya şikayətinin dəlili ilə razılaşmır (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalı və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda işdə olan sübutlardan da (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Bununla yanaşı, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdehin maddi vəziyyətini nəzərə alaraq hər bir kredit müqaviləsi üzrə tələb olunan dəbbə pulunu (cəriməni) azaltmışdır ki, həmin məbləğlər də əsas borca münasibətdə tənasübsüz deyildir (bu səbəbdən də məhkəmə kollegiyası cərimələrin daha da azaldılmasına zərurət görmür). Həmçinin qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı kredit müqaviləsi üzrə iddia müddətinin keçməsini bildirərək, mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizəsi apellyasiya icraatı zamanı qəbul oluna bilməz. Qeyd edilməlidir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllənin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Həmçinin, birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici Mülki Məcəllənin 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloci əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də, MPMin 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir («L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarında hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Həmçinin, qeyd edilməlidir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Təsadüfi deyildir ki, MPM-də ardıcıl olaraq müəyyən edilir ki, tərəflər ilkin olaraq məhz birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının yalnız hüquqi əsasını dəyişə bilərlər (maddə 372.3), apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4). Qanunverici apellyasiya instansiyası məhkəməsində yeni tələblərin qəbul edilməməsi barədə ümumi qaydanın istisnalarını qarşılıqlı tələbin ödənilməsi, əks tərəfin tələbinin rədd edilməsi, üçüncü şəxslərin işə cəlb edilməsi, faktın aşkar olunması və ya fakt haqqında məlumatın verilməsi ilə bağlı olan konkret məsələlərin həllinə yönəldilməsi ilə əlaqələndirir (MPM-in 372.5-ci maddəsi). Lakin bu istisnalar mahiyyətcə yeni iddia tələbləri və ya yalnız birinci instansiya məhkəməsində yol verilən hərəkətlərin edilməsinin əvəzi kimi qəbul oluna bilməz. Buna baxmayaraq, cavabdeh müddətin tətbiqi barədə ərizəni o halda apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilər ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə ümumiyyətlə məlumatlı olmasın və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməsin. Xüsusilə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin, işdə olan sənədlərdən və cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, cavabdeh birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatlı olmaqla, həmin icraatda iştirak etmək, sübutlarını, eləcə də müddətin tətbiqi barədə ərizəni təqdim etmək iqtidarında olmuşdur (cavabdehin ünvanına bildiriş göndərilməklə yanaşı, mobil telefon nömrəsinə SMS bildiriş də göndərilmiş, cavabdehin nümayəndəsi işlə tanış olmuş, lakin məhkəmə iclasında iştirak etməmişdir). Cavabdeh ərizənin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını da əsaslandıra bilməmiş, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, işdən və cavabdehin nümayəndəsinin izahatından görünür ki, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamır. Halbuki, MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Belə olan halda isə, cavabdehin nümayəndəsinin müddətin tətbiqi barədə ərizəni apellyasiya instansiyası məhkəməsinə təqdim etməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır, bu səbəbdən də qəbul edilə bilməz (analoji mövqe, həmçinin «Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli və digər qərarlarında da öz əksini tapmışdır). Beləliklə, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(009)-793/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(009)- 793/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7033/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7033/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver