Məhkəmə qərarları › İş №2(103)-7033/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7033/2022

01.11.2022 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7033/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3129/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin üzərinə İddiaçı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılması, abonent kodunun verilməsi vəzifəsinin qoyulması, iddiaçının vəkilinin göstərdiyi hüquqi yardıma görə ödədiyi 200 manat pul və dövlət büdcəsinə ödədiyi 30 manat pul, xx.xx.2022ci il tarixli qəbzlə cavabdehə ödənilmiş 84,12 manat pul, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pul, cəmi olaraq 814,12 manat pulun cavabdeh "xxxx" ASCdən tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" ASC ilə X6 arasında bağlanılmış müqavilə üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün xx.xx.2007-ci ildən xx.xx.2022-ci il tarixinədək A180742992M28609 saylı sayğac və **********80005 saylı abonent kodu üzrə 801,57 manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvələr X3 mülkiyyətində olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2009-cu il tarixli qətnaməsinə uyğun olaraq, 19,0 kv.m yaşayış sahəsi, 29,7 kv.m ümumi sahəsi olan iki otaqlı ev, açıq hərracdan satılaraq iddiaçının xüsusi mülkiyyətinə keçmiş, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarış alınmışdır. Həmin qətnamədən X6 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2327/2019 saylı, 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- 8210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X6 və ailə üzvlərinin evdən istifadə hüquqlarına xitam verilmiş, adıçəkilən evdən çıxarılması qət edilmişdir. X6 uzun müddət evi boşaltmamış, nəhayət xx.xx.2022-ci il tarixində X.Ə.Quliyeva və ailə üzvləri Yasamal rayon İcra şöbəsinin icra məmurları tərəfindən adı çəkilən fərdi yaşayış evindən çıxarılmış, ev təhvil verilmişdir. Yasamal rayonu Enerji Təchizatı və Satışı İdarəsinin verdiyi abonent haqqında olan arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün xx.xx.2007-ci ildən xx.xx.2022-ci il tarixinədək abonent X4 **********80X5 saylı kod üzrə 801,57 manat borcu yaranmışdır. Cavadehin evdən çıxarılma barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra yəni, xx.xx.2019-cu il tarixində Yasamal rayonu Enerji Təchizatı və Satışı İdarəsinə ərizə verilərək adı çəkilən evin işıq təminatının dayandırılması və yaranmış borcun X.Ə. Quliyevadan tələb edilməsi xahiş edilmişdir. Lakin İdarə bu xahişə əməl etməmiş, ona görə də X.Ə. Quliyevanın xx.xx.2022- ci il tarixinə 801,57 manat borcu yaranmışdır. Ev təhvil verildikdən sonra, yəni xx.xx.2022-ci il tarixində enerjinin kəsilməməsi üçün tərəfindən həmin X.Ə.Quliyevanın abonent koduna elektrik enerjisindən onun istifadəsinə görə 84,12 manat pul da keçirilmişdir. İddiaçı tərəfindən xx.xx.2022- ci il tarixində ərizə ilə "xxxx" ASC-yə müraciət edilmişdir. Lakin bu günə kimi cavabdeh "xxxx" ASC ərizəyə baxaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün iddiaçı ilə abonent müqaviləsi bağlamamış, abonent kodu verməmiş və **********80005 saylı abonent kodu üzrə 801,57 manat borcu X.Ə.Quliyevaya aid etməmişdir. Mənzilin iddiaçıya təhvil verildiyi vaxtdan enerjinin kəsilməməsi üçün tərəfindən X.Ə.Quliyevanın abonent koduna xx.xx.2022ci il tarixində 84.,2 manat pul da ödənilmişdir. Yəni iddiaçının üzərinə digər şəxsin istifadə etdiyi elektrik enerjisindən istifadə haqqını-borcu ödəmək vəzifəsi qoyula bilməz. İddiaçının cavabdeh "xxxx" ASC-yə xx.xx.2019- cu il tarixində yazılı ərizə ilə müraciətinə uyğun olaraq adıçəkilən ünvana elektrik enerjisi verilişi əməliyyatının dayandırmaması, bu barədə tədbirlər görməli olduğu halda bunu etməməsi, sonda qeyd olunan hərəkətsizliyi onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və iddiaçı bu illər ərzində mənəvi sartsıntılar keçirmişdir ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 500 (beş yüz) manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh "xxxx" ASC-nin Yasamal rayonu Enerji Təchizatı və Satışı İdarəsinə xx.xx.2019-cu il tarixində ərizə verərək və mülkiyyət sənədi və məhkəmə qətnaməsi əlavə edərək adı çəkilən evin işıq təminatının dayandırılması xahiş edilmiş, lakin cavabdeh bu müraciətə əməl etməmiş, ona görə də cavabdehin təqsiri üzündən bu gün iddiaçı məhkəmə mübahisəsi açmağa məcbur olmuşdur. 4 saylı Vəkil bürosu ilə bağlanılmış müqaviləyə uyğun olaraq "xxxx" ASC vasitəsi ilə vəkil bürosuna xx.xx.2022-ci il tarixində ödənilmiş 200 (iki yüz) manat pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3129/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-nin üzərinə İddiaçı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılması, abonent kodunun verilməsi vəzifəsinin qoyulması, iddiaçının vəkilinin göstərdiyi hüquqi yardıma görə ödədiyi 200 (iki yüz) manat, dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 84,12 manat pul, cəmi 314,12 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" ASC ilə X6 arasında bağlanılmış müqavilə üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün xx.xx.2007-ci ildən xx.xx.2022-ci il tarixinədək A180742992M28609 saylı sayğac və **********80005 saylı abonent kodu üzrə 801,57 manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (Hakim: Rəşid Səmədov).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iş materiallardan aydın olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün xx.xx.2007-ci ildən xx.xx.2022-ci il tarixinədək abonent X3 **********80X5 saylı kod üzrə 801,57 manat borcu yaranmışdır. Lakin iddiaçı və qeyd edilən mənzilin yeni mülkiyyətçisi İddiaçı həmin mənzilin köhnə mülkiyyətçisi, faktiki məişət abonenti X1 günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməmiş və yaranmış borcun köhnə mülkiyyətçiyə aid olması barədə arayışı məhkəməyə sübut kimi təqdim etməmişdir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynova apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 653 saylı reyestr kitabının 59896 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

10. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, ünvan 1-in giriş qapısının açarı dəyişilməklə xx.xx.2022-ci il tarixdə İddiaçı təhvil verilmişdir.

11. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Xuraman Quliyevaya məxsus ünvan 2 ünvanına dair cəmi 801,57 manat məbləğində borc hesablanmışdır.

12. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Xuraman Quliyevaya məxsus **********80005 saylı abonent kodu üzrə 84,12 manat pul "xxxx" ASCnin hesabına ödənilmişdir.

13. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 4 saylı Vəkil Bürosunun hesabına 200 manat pul köçürmüşdür.

Apellyasiya baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən yalnız iddia tələbinin təmin edilmiş hissəsində yoxlayır. Tətbiq edilən hüquq:

17. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

18. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

19. «Elektrik enerjisindən istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli Qərarın 7.9-cu bəndinə və «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

20. Qeyd olunan Qərarın 7.6-cı bəndində təsbit olunmuşdur ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlər ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Hüquqi dəyərləndirmə:

21. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən qeyd edir ki, ünvan 1 xx.xx.2022-ci il tarixdə İddiaçı təhvil verilmişdir. Halbuki, həmin tarixədək həmin mənzildə elektrik enerjisinin istehlakçısı X6 olmuşdur.

22. Beləliklə iş materiallarından göründüyü kimi 84,12 manat əlavə ödəniş, habelə 801,57 manat borc iddiaçı ünvan 1-ə sahiblik etdiyi dövr üçün yox, əvvəlki mülkiyyətçisi X3 həmin evdə yaşadığı dövr üçün hesablanmışdır.

23. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ödənilmiş 84,12 manat ödənişin iddiaçıya geri qaytarılmasına dair məhkəmənin qənaəti əsaslı olmşdur.

24. Kollegiya iddianın “elektrik enerjisinin alqı-satqısına dair abonent müqaviləsinin bağlanması və abonent kodunun verilməsi vəzifəsinin "xxxx" ASC-nin üzərinə qoyulması” tələbi ilə bağlı hesab edir ki, həmin hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ünvan 1-in mülkiyyətçisi olduğundan, adına elektrik enerjisinin alqı-satqısına dair müvafiq müqavilənin bağlanması və abonent kodunun verilməsi vəzifəsinin "xxxx" ASC-nin üzərinə öhdəlik kimi qoyulması qanunvericiliyin tələblərinə uyğundur.

25. Həmçinin iş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia qaldırması üçün hüquqi xidmət göstərməsi məqsədi ilə Bakı şəhəri 4 saylı Vəkil Bürosuna 200 manat və dövlət rüsumu kimi 30 manat ödəmişdir.

26. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

27. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.

28. Qeyd edilən hüquq normalarının tələbinə əsasən, cavabdehdən hüquqi xidmət göstərilməsi ilə bağlı 200 manat və dövlət rüsumu kimi 30 manat məbləğində pul tutulması qanuni və əsaslı olmuşdur.

29. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qətnaməsi mübahisələndirilən hissədə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdiirlmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

32. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:

33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3129/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar