Məhkəmə qərarları › İş №2(103)-7034/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7034/2020

24.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7034/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 3165 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, MMC ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 3 ayı sınaq müddəti olmaqla əmək müqaviləsi bağlanaraq o administrator vəzifəsinə işə qəbul olunmuş, eyni zamanda cavabdeh tam maddi məsuliyyət haqqında müqavilə imzalamış, xx.xx.2018-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2018-ci il tarixli akta əsasən ziyan məbləği 3528 manat müəyyənləşdirilmiş, həmin məbləğdən 363 manat ödənilsə də, 3165 manat borc ödənilməmiş qalmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət vermədiyi, işdən öz ərizəsi əsasında çıxdığını, aparılmış inventarizasiyanın qanuni və əsaslı olduğunun müəyyən edilmədiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, iddiaçının nümayəndəsi isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulan maddi ziyanın məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. İşin müəyyən olunan və mübahisələndirilməyən halına görə, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanaraq Cavabdeh aylıq əmək haqqı 175 manat olmaqla Satış Əməliyyatları Şöbəsinə Administrator vəzifəsinə işə qəbul edilmiş, eyni tarixdə tam maddi məsuliyyət daşıması barədə müqavilə imzalamış, xx.xx.2018-ci il tarixli 318-K saylı əmrlə öz xahişinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh təhkim olunmuş OBA-157 mağazası üzrə onun öhdəliyində olan maddi qiymətlilərin inventarizasiyası aparılaraq xx.xx.2018-ci il tarixdə akt tərtib olunmuş, özünün iştirakı ilə öhdəsində olan mal-material qiymətlilərinin siyahıya alınmış aktivlər üzrə üzləşdirilməsi aparılmış, itki və imhanın cəmi 3120,13 manat təşkil etdiyi təsbit edilmiş, Cavabdeh xx xxx 2018-ci il tarixdə imzaladığı iltizamnamədə 1318 çeşid malda 6256,62 əskik manat məbləğdə kənarlaşma aşkar olunduğunu təsdiqləmişdir. İddiaçı məhz sözügedən akta istinadla Cavabdeh tərəfindən ona 3528 manat ziyan vurulduğunu, 363 manat ziyanın ödənildiyini, 3165 manatın isə ödənilməmiş qaldığını iddia etmişdir. Kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbi üzrə istinad etdiyi faktiki hallar, həmin tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, iddia tələbinin qanuni əsası kimi əmək qanunvericiliyinin “işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Əmək Məcəlləsinin 191-ci maddəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 199-cu maddəsinə görə isə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığım təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hiiquqmiiəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə. Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Bununla belə kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi akt əsasında cavabdehin iddiaçıya məhz 3528 manat ziyan vurduğu nəticəsinə gəlmək mümkün deyildir; əksinə, Cavabdeh özünün də təsdiq etdiyi həmin aktla itkinin 3120,13 manat təşkil etdiyi müəyyənləşdirilmiş, iddiaçının bildirdiyinə görə isə aktın tərtibindən sonrakı dövrdə cavabdeh 363 manat ödəniş həyata keçirmişdir. Bu mənada kollegiyanın qənaətinə görə cavabdehdən, maddi-məsul şəxs olaraq iddiaçıya vurduğu ziyanın əvəzi qismində 2757,13 manat tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-596/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı xeyrinə3165 manatın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə maddi ziyanın əvəzi qismində 2757,13 (iki min yeddi yüz əlli yeddi manat 13 qəpik) manat tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar